Hicran Hüseynova

Milli Məclisin Ailə,qadın və uşaq məsələləri komitəsinin sədri, professor

Xalqımızın inkişaf tarixində mətbuatımızın özünəməxsus yeri var. Onun əsas məqsədi fanatizmi, cəhaləti aradan qaldırmaq, xalqı elmə, təhsilə çağırmaq, elmi-mədəni səviyyəni artırmaq olub. Milli mətbuatımızın yaranması günü də təkcə jurnalistlərin deyil, bütün xalqımızın bayramıdır. Azərbaycan Milli mətbuatının yaranması görkəmli maarifçi və pedaqoq Həsən bəy Zərdabinin adı ilə bağlıdır. Bir sıra görkəmli ictimai-siyasi xadimlərlə yanaşı, bu fəaliyyəti yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev demişdir ki,: ” Azərbaycan mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermiş, onun müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır. ” Bu sözlərin təsdiqi olaraq Ulu Öndərin Sərəncamı ilə 1995-ci ildən hər il iyulun 22-si Milli mətbuatın yaranması günü kimi qeyd olunur. Azərbaycanda fikir, söz və məlumat azadlığının inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlidir. Və digər sahələrdə olduğu kimi, bu istiqamət də cənab Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Vaxtı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, sonradan isə ölkə başçısı tərəfindən Prezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalaması və onun əsasında Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılması da fikirlərimizi bir daha sübut edir. Dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsində Mətbuat Şurasının rolunu xüsusi ilə qeyd etmək lazımdır. Bu gün ölkədə nəşr olunan yüzlərlə qəzet-jurnal, o cümlədən, televiziya kanalları, elektron informasiya vasitələri aktual problemlərin işıqlandırılması baxımından özünə geniş oxucu və tamaşaçı auditoriyası toplamışdır.

Milli mətbuatımızın böyük tarixi olduğunu qeyd edən cənab Prezident İlham Əliyev isə onu həm də böyük sərvət, dəyər kimi qiymətləndirib. Dövlətimizin müasir müstəqillik tarixi çox qısadır. Lakin ötən 30 il ərzində bütün sahələrdə olduğu kimi, medianın da inkişafı göz önündədir. Hazırda mətbuatımız özünün yeni inkişaf mərhələsini yaşayır. Bu, ölkə başçısının və Hökumətin müstəqil mətbuatın formalaşmasına və inkişafına diqqətin, qayğısının göstəricisidir. Kütləvi İnformasiya Vasitələrinin sayında önəmli irəliləyiş baş vermişdir. Bu gün yüzlərlə qəzet-jurnal nəşr olunur. Onlar özlərinə geniş oxucu auditoriyası toplamış və qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişlər. Bu sahədə uğurlu dövlət siyasətinin, jurnalistlərə və jurnalist təşkilatlarına göstərilən qayğının nəticəsi olaraq Ulu Öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev dəfələrlə “Jurnalistlərin dostu” mükafatlarına layiq görülmüşlər. Eləcə də, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkəmizdə qadın hərəkatının lideri kimi çoxşaxəli fəaliyyətinə görə dəfələrlə jurnalistlər tərəfindən mükafatlarla təltif edilmişdir.

Vətənpərvərlik hislərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir. Xüsusi ilə Ermənistanın vandalist, işğalçı siyasəti və onun acı nəticələrinin həm xalqımıza, həm də dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mətbuatın böyük rolu olub. Həmçinin, 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti əvəzolunmazdır. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik nəticəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən rəsmi İrəvanın törətdiyi hərbi cinayətlər haqqında dolğun məlumatların çatdırılması mümkün oldu. Öz peşə vəzifələrinin icrası zamanı Kəlbəcər rayonu ərazisində iki jurnalistin minaya dü.ərək həlak olması faktı isə beynəlxalq jurnalistlər birliyinin sərt reaksiyalarına səbəb olmuşdur. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqlənmişlər. Azərbaycan mediasında kişilərlə yanaşı, həyatını bu peşəyə həsr etmiş neçə-neçə qadın jurnalistimiz var. Onlar Azərbaycan həqiqətlərinin dünyaya yayılması işində fədakarcasına çalışır, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi yolunda səmərəli fəaliyyət göstərirlər. Onlar vətənpərvərliklərini təkcə qələmləri ilə deyil, eyni zamanda öz qəhrəmanlıqları ilə sübut edirlər. Vətən uğrunda canından keçən milli qəhrəman Salatın Əskərova da jurnalist idi. Onun əziz xatırəsi həmişə xalqımızın qəlbindədir.

Milli mətbuat yaranan gündən qadın və uşaq məsələlərinə həssaslıqla yanaşmış, onların hüquq və azadlıqlarına dair, xüsusən də qadının ictimai həyata cəlb edilməsi, uşaqların təhsil alması kimi mühüm məsələləri özündə əks etdirən maarifləndirici yazılar nəşr etmişlər. Buna “Əkinçi” qəzetindən başlamış bütün digər mətbuat orqanlarında da rast gəlmək mümkündür. Mətbuatın bu problemləri qaldırması, xalqa çatdırması istiqamətində apardığı işlərin müsbət nəticələri göz önündə idi. Artıq XX əsrin əvvəlində ilk qızlar məktəbi açılmış, onların , eləcə də, oğlanların təhsilə cəlb edilməsi sahəsində mühüm addımlar atılmışdı. Həmçinin, qadınların öz hüquqlarını bilməsi və maariflənməsi məqsədilə Azərbaycanda ilk qadın qəzeti “İşıq” nəşr edilmişdir. Həmin dövrdə uşaq və valideynlər üçün jurnalların nəşri də əlamətdar hadisələrdən idi və bu proses davamlı olaraq inkişaf edib. Möhtərəm cənab Prezident İlham Əliyevin sözləri ilə desək, “ Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir”. Müasir cəmiyyətdə informasiyanın, xüsusilə də qadın və uşaq problemləri ilə bağlı informasiyaların rolu çox böyükdür. Hazırda ailə və mill-mənəvi dəyərlərin təbliği, qadınların fəallığının artırılması, uşaq hüquqlarının müdafiəsi istiqamətlərində, və eyni zamanda məişət zorakılığı, erkən nikah hallarının qarşısının alınması və digər istiqamətlərdə görülən işlər mətbuat orqanlarında geniş şəkildə işıqlandırılır. Həmçinin, ölkəmizin ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsində əldə olunan uğurlar əsaslı şəkildə ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalı, bu sahədəki müsbət təcrübə xarici mətbuatda daha çox öz əksini tapmalıdır. Mən bir daha bütün jurnalistləri səmimi qəlbdən təbrik edir, onlara yaradıcılıq uğurları arzulayıram.

Bütün xəbərlər Facebook səhifəmizdə