Makronun səfərinə ikinci “Dəmir yumruq” - ANALİZ

Qarabağ məsələsində barışmaq bilməyən ermənilər, həll olunmuş məsələyə yenidən diqqət çəkmək üçün, əllərindən gələni edirlər. İstər daxili istər də xarici siyasətdə bu cür addımları müşahidə edirik. Öz xahişi ilə imzalanan müqavilənin şərtlərinə məhəl qoymayan Ermənistan getdikcə “Dəmir yumruq”a daha da yaxınlaşır. Prezidentimiz cənab İlham Əliyev isə öz çıxışlarında, bu təxribatçı addımlara, danışıqlara layiqli cavablar verir.

Ali Baş Komandan öz çıxışlarının birində belə deyib “Mən bir neçə dəfə demişəm ki, biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Yəni bu işlərin başlanmasına hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur, rəsmi reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu, çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə zamanı Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Bu, növbəti böyük səhv ola bilər”. Beləliklə Ermənistan tərəfini kifayət qədər aydın faktlarla izah edən Prezidentimiz onlara artıq başqa yol qoymur.

“Onu da bildirməliyəm ki, delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər. Necə ki, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər. Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə peşman olacaqlar”. Bu nitqdə isə açıq-aşkar şəkildə onların cəzalandırılacağını vurğulayır.

Ermənistan tərəfindən əlavə Fransa, Rusiya, Minsk qrupu kimi qüvvələr də ara-sıra öz qeyri-qanuni və ziddiyətli əməllərini göstərirlər. Məsələn sülhməramlıların diqqətsizliyi nəticəsində Şuşanın atəşə tutulması, digər tərəfdən bu hadisəyə rusların sadəcə tərəflər arasında atışma deməsi qıcıq yaradacaq amillərdir. Bütün bunları az bilərək, öz rəsmi məlumatlarında “Martuni”, “Stepanakert” yer adlarını istifadə etmələri daha da dözülməzdir. Görünür rusların SSRİ havalarında yaşaması Putinin yeni SSRİ planından irəli gəlir. Qonşu ölkələrlə birlikdə Azərbaycanı da tez-tez öz nüfuz dairəsi olaraq adlandırmaları da buna dəlalət edir.

Fransa da öz növbəsində siyasi sabitlik əleyhinə hər şey edir. Çünki onlar da yaxşı anlayır ki, istilaçılar və müstəmləkəçilər yalnızca sabitlik olmayan yerlərdə hökmranlıq edə bilər. Elə buna görə də Ermənistan tərəfini bəsləməkdən çəkinməyən fransızlar tez-tez Qarabağ məsələsinin həll olunması barədə bəyanatlar verir, erməniləri yenidən qızışdırırlar. Onlar bu siyasəti lap əvvəldən yürüdüb. Məsələn Emmanuel Makron seçkiqabağı kampaniyasında verdiyi vədlərdən birini yerinə yetirərək, 24 aprel tarixini “erməni soyqırımını anma günü” elan edib. Heç təəccüblü deyil ki, Makron bu qərarı Erməni Təşkilatları Əlaqələndirmə Şurasının (CCAF) rəsmi naharından sonra vermişdir. Emmanuel Makronun İrəvana ikinci səfəri isə erməniləri daha da ruhlandıracaqdır. Revanşist, terrorist qüvvələr artıq daha da aktivləşəcəkdir. Belə olan halda Azərbaycan ordusu da ikinci “Dəmir yumruğ”u atmağa hazır olmalıdır.

Bu dövlətlərin təyziqlərindən başqa öz gərəsizliyini dünyaya sübut etmiş Minsk qrupu da öz aləmində nələrsə etməyə çalışır. Məsələn bir vaxtlar səfirlərinin istirahət yeri olan Şuşaya indi səfir göndərmir. Ermənilərə boş və əsassız “status” vədləri verir. Minsk qrupu anlamır ki, necə ki, Qarabağı ancaq Azərbaycan aldı, “status”u da ancaq Azərbaycan verə bilərdi. Ermənilər isə yaxşı bilirlər ki, vaxtı ilə onlara bu təklif edilmişdi.

Prezident cənab İlham Əliyev bu siyas fəndlərə də lazımi cavabları verərək “Əgər kimsə, mən oradan-buradan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb. Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır. Biz hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq”fikirlərini səsləndirib.

Ölkə başçısı bir daha bütün məsələlərə aydınlıq gətirərək, sərhəddə heç bir “status-kvo”, “təmas xətti” yoxdur. Əlavə olaraq bildirib ki, bir ovuc terrorist, quldur heç vaxt Azərbaycan ordusuna qarşı tərəf ola bilməz. Təmas xətti yalnız SSRİ zamanında təşkil olunmuş, Azərbaycan-Ermənistan dövlət sərhədləri arasındadır. SSRİ sözünün burada işlənməsinin isə xüsusi önəmi var. Bu o deməkdir ki, SSRİ anlayışı yalnız sərhəd müzakirələri mövzusunda ortaya çıxa bilər. Belə ki, yaranması planlanan yeni SSRİ modeli tamamilə xülyadır.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə