Azərbaycan dünyanı sülh və ədalətə çağırır - ŞƏRH

Azərbaycan dünyanı sülh və ədalətə çağırır - ŞƏRH

Prezident İlham Əliyev: "Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə edib"

Beynəlxalq səviyyəli mötəbər tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycanın davamlı və dayanıqlı inkişafı, dünya miqyasında artan nüfuzu ölkəmizin imicini yüksəldib. Bir çox tədbirlər kimi, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə də yüksək səviyyədə ev sahibliyi etməsi Azərbaycanın xarici siyasətinin uğurla həyata keçirilməsindən xəbər vermiş oldu. Əlbəttə ki, ölkəmizin Qoşulmama Hərəkatına üzv olması uğurlu xarici siyasəti sayəsində Azərbaycanın bu təsisat daxilində böyük nüfuz və etimad qazanmasının göstəricisidir. Bildiyimiz kimi, Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük siyasi təşkilatdır və qeyri-rəsmi olaraq 1955-ci il aprelin 18-24-də İndoneziyanın Bandunq şəhərində keçirilən Afrika-Asiya konfransında təsis edilib. Qoşulmama Hərəkatı rəsmi olaraq Bandunq Zirvə Görüşündən altı il sonra, 1961-ci ildə Belqrad şəhərində keçirilən II Zirvə Görüşündə təsis edilib. İyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda keçirilən aralıq konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı zamanı bildirdiyi kimi, bu il biz BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təsisat olan Hərəkatımızın yaradılmasının 60 illiyini qeyd edirik.

"Qoşulmama Hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, mürəkkəb qlobal çətinliklər Hərəkatımızın əhəmiyyətini daha da artırıb", - deyən Cənab Prezident bildirib ki, bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi "Bandunq prinsipləri" Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur: "Bu səbəbdən 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazandı. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik bizə həvalə edildi". Qoşulmama Hərəkatı Bandunq prinsiplərinə uyğun olaraq dünyada sülhün və təhlükəsizliyin təmin olunması baxımından ərazi əldə edilməsi üçün güc tətbiq olunmasının yolverilməzliyi, eləcə də beynəlxalq hüququn ciddi pozuntuları nəticəsində yaranmış vəziyyətlərin tanınmaması öhdəliyi ilə bağlı Azərbaycanın mövqeyi məlumdur. Qoşulmama Hərəkatı qlobal problemlərin həlli və müasir dövrün çağırışlarına cavab vermək baxımından bu gün xüsusi əhəmiyyət kəsb edir. Qoşulmama Hərəkatına sədrlik etmək böyük siyasi iradə, məsuliyyət, diplomatik bacarıq tələb edir. 2019-cu ilin oktyabr ayında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil etdi və sədrliyi öz üzərinə götürdü. Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak etdilər. Qoşulmama Hərəkatı tarixində ilk dəfə Azərbaycanın ev sahibliyi etdiyi Zirvə Görüşündə 40 gəncin iştirakı ilə Gənclər Sammiti keçirildi. Bu, davamlı İnkişaf üzrə 2030 Gündəliyinin hədəflərinə çatmaqda gənclərin daha fəal iştirakı baxımından çox əhəmiyyətli idi.

"BİZ SƏYLƏRİMİZİ PANDEMİYANIN YARATDIĞI MİSİLSİZ ÇƏTİNLİKLƏRƏ QARŞI HƏRƏKATIN BEYNƏLXALQ SƏVİYYƏDƏ SƏMƏRƏLİ VƏ BİRGƏ CAVABININ FORMALAŞDIRILMASI ÜZƏRİNDƏ CƏMLƏŞDİRDİK"

Qoşulmama Hərəkatının Bakı Sammiti uğurla başa çatdı və bundan sonra təsisata sədr kimi Azərbaycan üçün yeni və məsuliyyətli dövr başladı. Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycan dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə və dayanıqlı inkişafa öz töhfəsini vermiş oldu. Əlbəttə ki, Azərbaycanın 2019-2022-ci illərdə Hərəkata sədrlik etməsi dövlətimizin qlobal proseslərdəki rolu və nüfuzunun göstəricisidir. Cənab Prezident bildirib ki, Zirvə görüşündəki çıxışımda vurğulamışdım ki, Azərbaycan beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atacaq".

Əlbəttə ki, Hərəkata üzvlük beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq proseslərinə ölkəmizin daha yaxından cəlb olunması, müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi üçün əlverişli imkan yaradıb.

"Azərbaycan özünün sədrliyi dövrü üçün müfəssəl və ambisiyalı fəaliyyət planı qəbul etmişdi. Təəssüf ki, COVID-19 pandemiyası dünyanı bürüdü, yeni reallıqlar və çətinliklər yaratdı", - deyən Cənab Prezident qeyd edib ki, biz yeni vəziyyətə çevik və adekvat reaksiya verə bildik: "Biz səylərimizi pandemiyanın yaratdığı misilsiz çətinliklərə qarşı Hərəkatın beynəlxalq səviyyədə səmərəli və birgə cavabının formalaşdırılması üzərində cəmləşdirdik".

Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi məqsədi ilə beynəlxalq təşəbbüslər irəli sürdü. "Biz Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürdük və 2020-ci il mayın 4-də həmin tədbiri təşkil etdik", - deyən dövlət başçısı diqqətə çatdırıb ki, Təmas Qrupunun dünyanın müxtəlif regionlarını təmsil edən üzvləri ilə yanaşı, onlayn Zirvə görüşündə BMT-nin Baş katibi, BMT Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı Komissiyasının sədri, Avropa İttifaqının Ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti də iştirak etdilər.

"AZƏRBAYCAN PANDEMİYA İLƏ MÜBARİZƏ SAHƏSİNDƏ QOŞULMAMA HƏRƏKATI ÖLKƏLƏRİ DƏ DAXİL OLMAQLA, 30-DAN ÇOX ÖLKƏYƏ HUMANİTAR VƏ MALİYYƏ YARDIMI EDİB"

Koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda keçirilən Zirvə görüşü mühüm beynəlxalq əhəmiyyət kəsb etdi və koronavirus təhlükəsinə qarşı mübarizədə səylərin birləşdirilməsində önəmli rol oynadı. Azərbaycan Prezidentinin koronavirusa qarşı operativ qərarları, atdığı uğurlu addımlar geniş təqdir olundu. Dünya Birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronavirus təhlükəsi yarandığı ilk günlərdən qlobal həmrəylik çağırışlarına dəstək verib, Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımı ayrılıb. Cənab Prezident bildirib ki, Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib: "Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub". Koronavirus infeksiyasının hər bir dövləti ciddi sınaq qarşısında qoyduğu, ölkələrin böyük itkilərlə qarşılaşdığı bir dövrdə Prezident İlham Əliyevin Azərbaycanda pandemiyanın qarşısının alınmasında gördüyü qətiyyətli tədbirlər diqqəti cəlb edib. Əldə olunan nəticələrə görə Azərbaycanın modeli dünyada maraq doğurdu.

"BU GÜNƏDƏK DÜNYADA MÖVCUD OLAN PEYVƏNDLƏRİN 82 FAİZDƏN ÇOXU ZƏNGİN DÖVLƏTLƏR TƏRƏFİNDƏN ALINIB"

Cənab Prezident çıxışında "Qlobal səhiyyə böhranı fonunda "peyvənd millətçiliyi"nin narahatlıq doğurduğunu bildirib: "Azərbaycan ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayıb. Bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur".

Dövlət başçısı bu məsələyə münasibətdə Azərbaycanın BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürdüyünü və həmin qətnamənin cari ilin mart ayında yekdilliklə qəbul edildiyini də bildirib: "Bununla yanaşı, biz hər fürsətdə, inkişaf etmiş ölkələri və beynəlxalq donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etməyə çağırırıq".

"AZAD EDİLMİŞ ƏRAZİLƏR YAŞIL ENERJİ ZONASI OLACAQ"

Azərbaycan Prezidenti çıxışında 2020-ci ilin Azərbaycan üçün əlamətdar il olduğunu qeyd edib. "Çünki Hərəkatın gündəliyində dayanan vacib mövzulardan biri uğurla həll edilib", - deyən Azərbaycan Prezidenti diqqət çəkib ki, 30 ilə yaxın idi ki, Ermənistan ərazimizin təqribən 20 faizini işğal altında saxlayırdı: "Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan 1992-ci ilin fevralında Xocalı soyqırımını törədib, 106-sı qadın, 63-ü uşaq olmaqla, yüzlərlə dinc insanı qətlə yetirib. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb".

Məlumdur ki, BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatı və ATƏT daxil olmaqla, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də qərar və qətnamələr qəbul edilib. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt 2019-cu ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş yekun sənəddə də öz əksini tapmışdı.

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə dövlətimizin başçısı Azərbaycanın 20 faiz torpağının Ermənistanın işğalı altında olduğunu bildirərək Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətindən, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən, ikili standartlar siyasətinə son qoyulmasından danışmışdı. Münaqişə ilə bağlı BMT-nin qətnamələri hələ də kağız üzərində qalmışdır.

"2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommünike qəbul edib. Bundan əlavə, Vətən müharibəsi zamanı - 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində keçirilən onlayn iclas çərçivəsində xüsusi bəyanat qəbul olunub", - deyən Prezident bu sənədlərdə Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə etdiyi söyləyib. Artıq bu gün Azərbaycan qalib dövlətdir. Və işğal altında olan torpaqlarını azad edib. Ötən ilin sentyabrında Ermənistanın Azərbaycana qarşı irimiqyaslı hərbi hücuma keçməsi və bu təcavüzə cavab olaraq, Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığını qeyd edən Prezident İlham Əliyev qırx dörd günlük müharibə nəticəsində Ermənistanın tam məğlubiyyətə uğradığını bildirib: "Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq, Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu… Beləliklə, Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu".

Dövlət başçısı çıxışında Azərbaycanın işğal edilmiş ərazilərində şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin Ermənistan tərəfindən qəsdən dağıdılığını bildirib. Bu erməni vandallığının bir nümunəsidir. Bu gün artıq abadlıq, quruculuq işləriniə star verilib. Şuşa, Ağdam kimi şəhərlərimizdə geniş miqyaslı infrastruktur həyata keçirilir, təmir-bərpa işləri aparılır. "Azad edilmiş ərazilər yaşıl enerji zonası olacaq", - deyən dövlət başçısı əminliklə bildirib ki, Azərbaycan transformasiyanın nadir təcrübəsini nümayiş etdirərək, Lüksemburqun ərazisindən dörd dəfə böyük olan dağıdılmış ərazini yüksək yaşayış standartlarına malik firavanlıq məkanına çevirəcək".

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə