Müasir müstəqil Azərbaycan Respublikasının həmyaşıdı, çağdaş mətbuatımızın yaranmasında və formalaşmasında öz yeri və rolu olan “İki sahil”in 30 yaşı tamam oldu. İlk nömrəsi 1991-ci il 10 iyul tarixində işıq üzü görən “İki sahil” özü üçün bir amal seçib və bu gün də sadiq qaldığı “Vahid Azərbaycan uğrunda!” devizinə sadiqdir. Qəzetin işıq üzü görməsi ərəfəsində ölkədə xaos, anarxiya, özbaşınalıqlar hökm sürürdü. Çətinliklərə baxmayaraq, həmin o gərgin dövrdə “İki sahil” mətbuatın əsas funksiyası olan cəmiyyətin güzgüsü rolunu yüksək səviyyədə öz üzərinə götürdü.
Müstəqilliyin ilk illərində Azərbaycanın böyük problemlərlə üzləşməsi, xalqın Ulu Öndər Heydər Əliyevə çağırışı, ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı məşhur “91-lər”in Ümummilli Liderə müraciəti və bu müraciətə Ulu Öndərin cavabını öz səhifələrində dərc edən ilk mətbu nəşrlərdən biri də “İki sahil” olub. Heydər Əliyev ideyalarının təbliğində ön sıralarda dayanan “İki sahil” üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirdiyi kimi, dövlətçilik, azərbaycançılıq ideyalarına sadiqliyini bu gün də qoruyub saxlayır.
Ulu Öndər Heydər Əliyev “İki sahil” qəzetinin rolunu yüksək dəyərləndirib: “O vaxt “İki sahil” qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin “İki sahil” qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm”.
“İki sahil” qəzeti SOCAR-ın təsisçiliyi ilə müstəqil ictimai-siyasi qəzet olaraq digər sahələr kimi, dövlətimizin bu sahədəki siyasətini, iqtisadi sahədə əldə olunan uğurları ətraflı şəkildə ictimaiyyətə çatdırmağı qarşısına mühüm vəzifə kimi qoyub. “İki sahil” qəzeti bu gün Ulu Öndər Heydər Əliyevin neft strategiyasının uğurla həyata keçirilməsində mühüm rola malik olan SOCAR-ın və onun strukturlarının gördüyü işləri geniş şəkildə işıqlandırır. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində SOCAR dünyada tanınan nüfuzlu şirkətə çevrilib.
Ümumiyyətlə, qəzetin keçdiyi zəngin və şərəfli yola dünənin və bu günün prizmasından baxsaq açıq-aydın görərik ki, “İki sahil” hər zaman jurnalistikanın təməl prinsiplərinə sədaqətlə yanaşır, Azərbaycan reallıqlarının təbliğini yüksək səviyyədə həyata keçirir, cəmiyyətin informasiya tələbatını ödəməklə, insanlara doğru, dəqiq və operativ xəbər çatdırmaqla özünün tarixi missiyasını uğurla yerinə yetirir. Bir sözlə, xalqa, dövlətə və dövlətçiliyə xidmət “İki sahil” qəzetinin əsas amalıdır.
SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev və rəhbərlik etdiyi media qurumun kollektivi fürsətdən istifadə edərək "İki Sahil" qəzetinin əməkdaşlarını əlamətdar gün - 30 illik yubiley münasibətilə ürəkdən təbrik edir, həmkarlarına yeni-yeni yaradıcılıq uğurları arzulayırlar. 100 yaşınızı qeyd edək, əziz həmkarlar!!!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB