Kreml Ermənistanın iddialarını RƏDD ETDİ

Kreml Ermənistanın iddialarını RƏDD ETDİ

Ermənistan sərhədlərinə Rusiya sülhməramlıları deyil, rus sərhədçiləri yerləşdiriləcək

Kreml Ermənistanın baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanla Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasındakı görüşü ərəfəsində rusiyalı sülhməramlıların Ermənistan-Azərbaycan sərhədlərinə yerləşdiriləcəkləri barədə erməni tərəfinin irəli sürdüyü iddiaları rədd edib.

“Yox, bu məlumat özündə heç bir həqiqəti əks etdirmir”, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbəti əsnasında ona mövzu ilə bağlı verilmiş sualı cavablandırarkən deyib.

Qeyd edək ki, daha əvvəl Ermənistanın “Jovohurd” qəzetinin yazdığına görə, Nikol Paşinyan Vladimir Putinlə görüşündə bir sıra məsələlərlə yanaşı rusiya sülhməramlılarının Ermənistanın sərhədləri boyunca yerləşdiriləcəyi barədə danışıqlar aparacağını da yazmışdı.

Lakin bu arada, TASS yazır ki, Ermənistan və Rusiya rusiyalı sərhədçilərin Sünik (Zəngəzur) vilayətində yerləşdirilmələri ətrafında müzakirələr aparırlar. Bunu Armavirdə “Rusiya mərkəzi”nin açılışı zamanı Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin də bəyan etmişdi.

“Sünik vilayətinin Ermənistan-Azərbaycan sərhədləri məntəqələrində vəziyyətin sakit və sabit olması məqsədi ilə RF sərhədçilərinin postları qurulub. Bəli, belə bir yerləşimin genişləndirilməsi haqqında müzakirələr də aparılmaqdadır. Mən hesab edirəm ki, hər şey Ermənistanın təhlükəsizlik maraqlarını, üçtərəfli formatda əldə edilmiş razılaşmaların realizəsini müəyyən edəcək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə