Azərbaycan inkişaf etmiş turizm ölkəsidir. Ölkəmizin flora və faunası, zəngin tarixi mədəniyyət abidələri Odlar diyarını xarici turistlər üçün cəlbedici edib. Azərbaycanın dinamik inkişafı, ölkəmizdəki əsaslı dəyişikliklər, respublikamızın siyasi-iqtisadi və mədəni mərkəz, qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi çıxış etməsi ölkəmizin dünyada olan imicini daha da yüksəldib.
Müasir Azərbaycan dünyaya yeni imicdə, müasir və inkişaf etmiş ölkə olaraq təqdim olunur. Bütün sahələrdə həyata keçirilən layihələr Azərbaycanın hər bir bölgəsində turizm üçün geniş imkanlar açıb. Pandemiyaya qədər ölkəmizə səfər edən turistləri sayının günbəgün armasına səbəb əlbəttə ki, bu sahədə həyata keçirilən islahlar və dövlət proqramlarının uğurla icrası əsas rol oynamışdır. Azərbaycanın hər bir bölgəsi turizm üçün yararlıdır. Əlbəttə ki, 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızın da turizm potensialı genişdir. 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan üzərində parlaq qələbə işğal altındakı tarixi torpaqlarımızın azad olunmasını təmin etmiş oldu. Bu gün işğaldan azad olunmuş Ağdam, Füzuli, Cəbrayıl kimi rayonların turizm potensialı böyükdür. Bu ərazilərdə aparılacaq abadlıq-quruculuq işləri turistlərin diqqətini həmin məkanda olan flora və faunaya, mədəniyyət abidələrinəcəm edəcək. Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və s. daş yaddaşa çevrilib. Ermənilərin qurbanına çevrilən abidələrimiz tezliklə bərpa və təmir ediləcək, şəhərlərimiz müasir məkan olaraq turistlərin diqqətində olacaqdır. İlk insan məskənlərindən olmuş məşhur Azıx mağarası, Qaraköpək, Üzərliktəpə kurqanları, Şuşada Tarix Muzeyi, Daş Sənətkarlığı Muzeyi, Dərman Bitkiləri Muzeyi, Mir Möhsün Nəvvabın ev muzeyi və s. çoxsaylı turistlərin ziyarətgahına çevriləcək. Bu onu deməyə əsas verir ki, yaxın zamanlarda Azərbaycanın turizm məkanlarının coğrafiyası daha da genişlənəcəkdir.Öz təbii sərvətləri ilə seçilən torpaqlarımızın səfalı və müalicəvi əhəmiyyət daşıyan yerləri, flora və faunasının başqa bir ab-havası var. Kəlbəcər rayonu ərazisindəki İstisu mineral suları, Şuşanın Cıdır düzü və saymaqla bitib-tükənməyən nümunələri böyük maraq doğurur. Dövlət başçısı çıxışlarının birndə vurğuladığı kimi, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək.
27 İLDƏN SONRA GÜNƏŞ ŞÜALARI İLƏ NURLANMIŞ ŞƏHƏR YENİ DÖVRÜNƏ QOVUŞUB
İşğaldan azad olunan ərazilərimiz sırasında Ağdam da var ki, 27 ildən sonra günəş şüaları ilə nurlanmış bu şəhər yeni dövrünə qovuşub. 20 noyabr 2020-ci il tarixində Ağdam rayonu Azərbaycan Respublikasına qaytarıldı. Bu Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatında öz əksini tapmış oldu. Qeyd edək ki, rayon ərazisinin 88%-i 1993-cü il iyul ayının 23-də ermənilər tərəfindən işğal edilmişdir. Rayonun ərazisində qədim tarixə malik yüzlərlə memarlıq və incəsənət abidələri vardır. Buradakı tarixi memarlıq abidələri, yaşayış məskənləri, sərdabələr, kurqanlar və s. müxtəlif tarixi dövrləri əks etdirən nadir nümunələrdir. Rayonun onlarla tarixi yaşayış məskənləri Eneolit dövründən günümüzə kimi gəlib çatmışdır. Bu maddi-mənəvi abidələr müxtəlif bölgü əsasında qruplaşdırılmış və hər biri tarixə əsaslanaraq, "Azərbaycan Respublikasının ərazisində dövlət mühafizəsinə götürülmüş daşınılmaz mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü" adlı kitaba daxil edilmişdir. 1868-1870-ci illərdə tikilmiş Ağdam Cümə məscidinin memarı Kərbəlayi Səfixan Qarabağidir. Məscid binası daşdan, binanın fasad hissəsinin künclərindən qalxan minarələr isə kərpicdən hörülmüşdür. Mənbələrdə göstərilir ki, məscidin giriş qapısı Səfəvi memarlığı üçün xarakterik olan iri tağ portalın içindədir. Azərbaycan memarlığının incilərindən sayılan Ağdam Cümə məscidi də erməni təcavüzünün qurbanına çevrilmişdir. Məscidin minarələri daxildən sökülmüş, tavanı bir neçə yerdən uçurulmuş, dizayn və yazıları pozulmuşdur. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə Ölkə əhəmiyyətli daşınmaz Tarix və Mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir. Cümə məscidinin bugünkü vəziyyəti 1954-cü il qəbul edilmiş "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" Haaqa Konvensiyasının ermənilər tərəfindən pozulduğunu bir daha təsdiq etmiş olur.Ağdamın ziyarətgahları sırasında Qutlu Musa türbəsi, Xanoğlu türbəsi, Şeyx Nigari türbəsi, Uğrulla bəyin türbəsi və s. bu şəhərin tarixinin qədimliyini özündə əks etdirir. Tarixi memarlıq abidələri sırasında Pənah xanın imarəti, İki sandığa bənzər abidə, Karvansara, Hatəm Məlik qalası və digərləri hər bir kəsin diqqətində ola biləcək nümunələrdir.
AĞDAM ÇÖRƏK MUZEYİNDƏ YAŞI 3000 İLDƏN ARTIQ OLAN DAŞLAŞMIŞ BUĞDA DA YER ALIB
Əlbəttə ki, Ağdamın turizm məkanlarından söz açarkən, Ağdam Çörək muzeyini xüsusi olaraq qeyd etməliyik. Azərbaycanın Ağdam şəhərində yaradılan Çörək muzeyi 25 noyabr 1983-cü ildə ilk ziyarətçilərini qəbul etmişdi. Muzeydə 2800-ə yaxın eksponat vardı. Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələrinin hücumları nəticəsində muzeyə iki dəfə mərmi düşmüşdü. İlk atılan mərmi üçüncü sərgi zalına düşsə də, partlamamışdı. Digər mərmi isə 1992-ci ilin avqust ayının 12-də Əsgəran rayonunun Xanabad və Naxçıvanik kəndi istiqamətindən atılan zaman muzeyə düşərək, muzeyi tamamilə məhv etmişdir. Nəticədə muzeydə olan 1500-dək eksponat yanaraq məhv olmuşdur.Burada gündə 8-10 ton buğda üyütmək gücü olan mexaniki dəyirman yerləşirdi və 1930-cu illərində istifadə edilən "Triyer" taxıl təmizləyici qurğusu sərgilənirdi. Muzeydə əmək alətləri – xış, vəl, çin, oraq, II əsrə aid əl dəyirmanı (kirkirə), "çarçar" adlı taxıldöyən yer almışdı. Mənbələrdə qeyd olunur ki, muzeyin 2800-ə yaxın eksponatı arasında Ağdam ərazisindəki "Çalağan təpədə" arxeoloji qazıntılar zamanı aşkar edilmiş və yaşı 3000 ildən artıq olan daşlaşmış buğda da olub. Undan hazırlanan məhsullar, o cümlədən, Gəncə, Naxçıvan, Qarabağ, Gürcüstan, Ermənistan, Dağıstan, Səmərqənddə bişirilən çörək növləri muzeyə gələn ziyarətçilərdə böyük maraq yaradırdı. Müxtəlif taxıl növləri, buğdadan hazırlanmış eksponatlar, müharibə dövründə uşaqlara verilən çörək kartoçkalar, eləcə də, buğda dənələrindən düzəldilmiş Azərbaycan xəritəsi və muzeyin eksponatları sırasında rəngarəngliyi ilə seçilib. Maraq doğuran məqamlardan bir də muzeyin divarlarında əks olunmuş atalar sözləri olub. "Çörək baha olanda ölüm ucuz olar", "Qılınc kəsməyəni çörək kəsər" atalar sözləri də çörəyin müqəddəsliyini, gücünü, qüdrətini bir daha ziyarətçilərə xatırladım. Müqəddəs olan kəlamlar bu muzeyin dəyərini daha da artırmışdı.Onu da vurğulamaq yerinə düşər ki, 1980-cı illərdə Ağdamda keçirilən "Natəvan" qızlar bayramı, "Xarı Bülbül" beynəlxalq festivalı məhz muzeyə baxışla başlanarmış.Hər daşı bir tarix olan Ağdam şəhəri öz keçmiş imicini yenidən özünə qaytaracaq və Azərbaycanın turizm bölgəsi kimi Ağdamın da bu sırada öz yeri və payı olacaqdır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB