Minalanmış ərazilərin xəritələrinin verilməməsi cinayətdir - DEPUTAT REAKSİYA VERDİ

Minalanmış ərazilərin xəritələrinin verilməməsi cinayətdir - DEPUTAT REAKSİYA VERDİ

"Azərbaycanın işğal altında olmuş ərazilərinin düşməndən azad olunmasına baxmayaraq, o torpaqlara getmək mümkün deyil. Erməni təcavüzkarları tərəfindən demək olar ki, tamamilə minalanmış ərazilər bu gün insan qətllərinin meydanına çevrilib. Müharibənin başa çatmasından yeddi ay keçməsinə baxmayaraq yenə də insanlar öz ata - baba ocaqlarına həsrətlə boylanırlar, öz yurdlarına qovuşmaq arzusu ilə yaşayırlar". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Deputatın sözlərinə görə, minalanmış torpaqların təhlükəsiz vəziyyətə gətirilməsi çətin və küllü miqdarda vəsait tələb edən bir prosesdir: "Ərazilərimizin Ermənistan tərəfindən kütləvi şəkildə minalanması təcavüzkar dövlətin işğalçılıq məqsədi güdməsinə və sülh prosesində maraqlı tərəf olmamasına sübutdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də bunu öz çıxışlarında dəfələrlə xatırladıb, Ermənistan rəhbərliyini sülhə, düşmənçiliyi aradan qaldırmağa dəvət edib. Xəritələrin qaytarılmasını Ermənistanın vəzifəsi, öhdəliyi kimi qarşıya qoyub".

T.Razayev vurğulayıb ki, təkcə Ağdam rayonunun işğaldan azad edilmiş hissəsi üzrə 97 min tank və piyada əleyhinə minanın mövcudluğu təhlükənin çox ciddi, ermənilərin amansız və qəddar olduğunu göstərir: "Onlar hər vasitə ilə Azərbaycan dövlətinə ziyan vurmaq, insanları məhv etmək istəyindədirlər. Təsadüf deyildir ki, 10 noyabr 2020 - ci il tarixli Birgə Bəyanatın imzalanmasından sonra azad edilmiş ərazilərimizdə 144 nəfər hərbiçimiz və mülkü şəxsimiz minaya düşərək həlak olub və yaralanıb. Dəfələrlə mötəbər beynəlxalq təşkilatlara müraciət edilməsinə baxmayaraq Ermənistan yenə də təcavüzkar mövqeyində qalır və minalanmış bütün ərazilərin xəritələrini verməkdən boyun qaçırır. Yalnız Ağdam rayonu üzrə minaların yerini göstərən xəritələrin Azərbaycana verilməsi Ermənistan tərəfindən qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsinə əsas ola bilməz. Ermənistan minalanmış bütün ərazilərin xəritələrini Azərbaycana təqdim etməyə borcludur. Əks halda o ciddi maneələrlə, problemlərlə üz - üzə qala bilər. Çünki xəritələrin verilməməsi cinayətdir və Ermənistanın hərbi - siyasi rəhbərliyi beynəlxalq normalara əməl edərək öz öhdəliklərini hərtərəfli yerinə yetirməlidirlər. Minalanmış ərazilərin xəritələrinin verilməsi mütləq davam etdirilməli, Ermənistan Azərbaycan, eləcə də qonşu dövlətlərlə münasibətlərini yaxşılaşdırıb düşdüyü ağır vəziyyətdən yaxasını qurtarmalıdır. Başqa yol erməni xalqını məhvə aparır və onlar yeni reallıqları dərk edib anlamalıdırlar.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə