Azərbaycan Ordusunun göstərdiyi şücaət dünyaya ən yaxşı ordu nümunəsidir ŞƏRH
Prezident İlham Əliyev: “Biz danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdıq”
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də elan edildikdən sonra, həmin ilin iyun ayının 26-da Müsəlman Korpusunun adının dəyişdirilmiş və Əlahiddə Azərbaycan Korpusu adlandırılmışdır. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən 26 iyun Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş, rəşadətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sahəyə ayırdığı yüksək diqqət və qayğı nəticəsində dünyanın ən güclü ordularından birinə çevrilmiş, Ali Baş Komandanın rəhbərliyi ilə üzərinə qoyulmuş tarixi missiyanın öhdəsindən layiqincə gələrək 44 gün davam edən Vətən müharibəsində düşmənə ardıcıl və sarsıdıcı zərbələr vuran rəşadətli ordumuz tarixi Qələbə çalaraq əzəli və əbədi Vətən torpaqlarını düşmən işğalından birdəfəlik azad etməyə müyəssər oldu. Qazanılmış tarixi Qələbə Ermənistanı, dünyadakı erməni diasporunu, erməni kilsəsini və onların havadarlarını reallığı qəbul etməyə məcbur etdi və düşmənin işğalına birdəfəlik son qoyuldu. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Ordumuz misli görünməmiş bir tarix yazaraq, düşməni döyüş meydanında darmadağın etdi. Məhz bu müharibə dövlətimizin başçısının ordu quruculuğuna ayırdığı diqqətin, eyni zamanda, müdafiə sənayesi məsələsini hər zaman dövlətin əsas xətlərindən biri kimi müəyyən edərək önəm verməsinin, eləcə də uzaqgörən xarici diplomatiyanın bəhrəsi idi.
Modern silahlara və döyüş imkanlarına malik ordu
Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı ordu quruculuğu və bu sahədə perspektiv vəzifələr barədə danışan Prezident İlham Əliyev demişdi: "Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.
Ötən 18 ildə Azərbaycanın müdafiə sisteminin gücləndirilməsi, Silahlı Qüvvələrin tərkibində olan bütün qoşunlarda həyata keçirilən islahatlar İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Bu illərdə Prezident İlham Əliyevin xüsusi nəzarəti, tapşırıqları, göstərişləri və təşəbbüsləri ilə təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən strukturlardan ilk növbədə ordunun yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üçün gərgin, səmərəli və məqsədyönlü iş aparılıb. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan ən əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daimi olaraq artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsi idi. Bundan irəli gələrək Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində Silahlı Qüvvələrin tərkibindəki bütün qoşunların döyüş imkanlarının artırılması üçün qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirildi. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırıldı. Bu mənada İlham Əliyevin rəhbərliyi ilə əldə olunan inkişafın Azərbaycan nümunəsinin əsas göstəricilərindən biri ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətinin artırılması idi.
Azərbaycanın Cənubi Qafqazın ən qüdrətli ordusuna malik olduğunu yalnız yerli deyil, xarici mütəxəssislər də təsdiq edirlər. Reytinq agentliklərinin hesabatlarında Azərbaycan güclü orduya malik ölkələr sırasında yer alır. Ölkə vətəndaşları və beynəlxalq ictimaiyyət ordumuzda baş verən keyfiyyət dəyişikliklərini hərbi paradlarda da görmüşdülər. Təsdiq olunmuşdu ki, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan Ordusu arsenalını modern silah və hərbi texnika ilə zənginləşdirir, müasir döyüş imkanlarını uğurla mənimsəyir.
44 gündə tarixi qələbə – Düşmənin belini qıran, başını əzən dəmir yumruq
Bəli, məhz düşmənin «yeni torpaqlar əldə etmək» arzusunu sentyabrın 27-də başlanan İkinci Vətən Müharibəsi 44 gün ərzində tarixi qələbə - düşmənin belini qıran, başını əzən dəmir yumruq - Güclü Ordumuzun potensialının göstəricisidir.
Düzdür, 2016-cı ilin aprelində və bu ilin iyulunda qısamüddətli döyüşlər baş vermişdi. Həmin vaxtlarda ordumuz işğalçıya sarsıdıcı zərbələr endirərək, onu geri çəkilməyə məcbur etmişdi. Vətən müharibəsi isə Ermənistanın Azərbaycan Ordusu tərəfindən tamamilə darmadağın olunması və işğal altında qalan ərazilərimizin azad edilməsi ilə nəticələndi. Ermənistanın sentyabrın 27-dən törətdiyi növbəti hərbi təxribat Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda əks hərbi-əməliyyatlara başlamasına səbəb oldu. Əməliyyatların ilk günü Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndi işğaldan azad edildi. Tezliklə Ermənistanla dövlət sərhədinə qədər torpaqlarımızın işğaldan azad olunması ilə bütün dünya Azərbaycanın gücünü, işğalçı Ermənistanı ən qısa müddətdə məğlub etmək əzmini gördü. Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın, Xocavənd, Xocalı, Laçın, Tərtər rayonlarının kəndlərinin azad olunması, Xudafərində Azərbaycan bayrağının ucaldılması, İranla dövlət sərhədinə nəzarətin tam təmin edilməsi Azərbaycan Ordusunun möhtəşəm zəfərləri kimi tarixə düşdü. Cəbhənin elə bir sahəsi olmadı ki, əsgərlərimiz hücum əməliyyatında ləngisinlər. Elə bir istiqamət olmadı ki, düşmənin müdafiə mövqeləri yarılmasın. Bununla yanaşı, əsas olan odur ki, bu şanlı qələbəni Azərbaycan Ordusunun şəxsi heyəti, əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz qazandılar. Hansı hərbi vasitələrdən istifadə etmələrindən asılı olmayaraq bu qələbə sevincini xalqımıza hərbçilərimiz yaşatdılar.
Şuşanın azad olunması isə döyüşlərin kulminasiya nöqtəsi oldu. Bütün Azərbaycan xalqı ordumuzdan Qarabağın tacı olan Şuşanın azad edilməsini gözləyirdi. Ali Baş Komandan İlham Əliyevin noyabrın 8-də Şuşanın azad edilməsini bəyan etməsi Vətən müharibəsində Azərbaycan Ordusunun müzəffər yürüşünün pik nöqtəsi oldu. Şuşanın azad edilməsi ilə Ermənistan İlham Əliyevin şərtlərinə uyğun olaraq kapitulyasiya, məğlubiyyət aktına imza atdı.
10 dekabr 2020-ci il - Azərbaycan Ordusunun Zəfər paradı
Dekabrın 10-da keçirilən Azərbaycan Ordusunun Zəfər paradında Prezident, Ali Baş Komandan İlham Əliyev cənabları bununla bağlı deyib: "Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi”.
Xalq-İqtidar-Ordu birliyinin nümunəsi
Bəli, bu gün qürurla bütün dünyada sözümüz keçərli, başımız ucadır. Azərbaycan Ordusu döyüş meydanında böyük rəşadət və şücaət nümayiş etdirdi. Beləliklə, İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, Ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda səfərbərliyi Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini şərtləndirən əsas amillər oldu. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi ilk gündən dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi.Bu Qələbə isə, Xalq-İqtidar-Ordu birliyinin nümunəsidir. Budur, Azərbaycan xalqının, əsgərinin əzmi, rəhbərinə, xalqına, torpağına, Vətəninə sadiqliyi. Təcavüzkar və işğalçı Ermənistan gördü ki, xalq-iqtidar-ordu birliyinin nümunəsi Qələbədir! Həmçinin, bu vəhdətin nümunəsi qədirbilən xalqımızın öz Prezidentinin, Ali Baş Komandanının yanında olması, Onun hər sözünə, bütün qərarlarına sadiqliyidir. Məhz bu gün düşmən ordusu Azərbaycan əsgərinin qabağında aciz qalaraq döyüş meydanından qaçmağa məcbur olur. Çünki yalançı, faşist, qorxaq, rəzil Paşinyanın bu iki ildən yuxarı hakimiyyətdə olduğu müddətdə Ermənistanı və erməni xalqını məhəvə aparır. Bunu nəinki erməni xalqı, bütün dünya gördü və görür.
Budur, dünyasəviyyəli, cəsarətli LİDER! Budur, xalqın Prezidenti olmaq! Ermənistanın küçə «demokratı» isə boş başı ilə sərsəm bəyanatlar verməklə nə qədər savadsız və rəzil olduğunu nümayiş etdirdi və bu gün də rəzil vəziyyətdədir. Bəli, artıq Qalib ölkənin Qalib Lideri, bu torpağın sahibləri qayıdıblar, əllərində silah və bayraq, ürəklərində Vətən sevgisi! Dövlət başçımızın dediyi kimi: «Biz tarixi ədaləti bərpa edirik - güc hesabına, əzm, iradə hesabına, cəsarət, mətanət hesabına, milli ruh hesabına! Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayıb və əbədi yaşayacaqdır. Qarabağ Azərbaycandır!»
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB