Milli və beynəlxalq səviyyədə məsuliyyət nümayiş etdirən Azərbaycan TƏHLİL

Prezident İlham Əliyev: “Azərbaycan virusun yayılmasının qarşısını almaq məqsədilə zəruri tədbirlər həyata keçirib”

Bütün dünya artıq iki ilə yaxındır ki, koronavirus imtahanı verir. Topsuz-tüfəngsiz atəş açan bu müharibədə yer kürəsinin bütün qitələri "gözəgörünməz düşmən”lə vuruşmağa məhkumdur. Daha doğrusu, koronavirus - silahsız-sursatsız baş verən üçüncü dünya müharibəsidir. Çünki koronavirus insanların həyatını təhlükə altında qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb. Belə bir anda ən inkişaf etmiş ölkələr belə bu təhlükənin qarşısında aciz durumda qalıblar.

Virusla mübarizədə beynəlxalq həmrəylik

Bu qlobal problem bir sıra şərtləri diktə edir ki, onlardan biri də virusla mübarizədə beynəlxalq həmrəylikdir. Təsadüfi deyil ki, dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Ən əsası ilk gündən koronavirusla mübarizədə beynəlxalq həmrəyliyin vacibliyini bəyan edən Prezident İlham Əliyev bu məsələdə də qlobal liderlik missiyasını öz üzərinə götürdü. Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasında çıxışı zamanı bildirib ki, milli və beynəlxalq səviyyədə məsuliyyət nümayiş etdirən Azərbaycan Qoşulmama Hərəkatının Sədri qismində 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun koronavirusla mübarizəyə həsr edilmiş Zirvə görüşünün keçirilməsinin təşəbbüskarı olmuşdur: «Mən Zirvə görüşü çərçivəsində BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsini təklif etmişdim. Qoşulmama Hərəkatının bütün 120 üzvü həmin təklifi dəstəkləmişdir. Bu, onların «Bandunq Prinsipləri», Hərəkatın dəyərləri, multilateralizm və beynəlxalq həmrəyliyə sadiqliyini bir daha vurğulamış oldu. Ümumilikdə, BMT-nin 150-dən artıq üzv dövləti həmin təşəbbüsü dəstəkləmişdir».

İlham Əliyev vurğulayıb ki, pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır: “Biz pandemiyanın ilk vaxtlarında dəyərli tövsiyələrinə və öz mütəxəssislərini ölkəmizə ezam etdiyinə görə təşkilata minnətdarıq. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırmışdır. Biz Ümumdünya Səhiyyə Təşkilatına toplam 10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü maliyyə töhfəsi etmişik. Bununla yanaşı, bu günədək Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir”.

Peyvənd olunmaq koronavirusu həyatımızdan çıxarmağın yeganə yoludur

Birmənalı olaraq deməliyik ki, Azərbaycan dövləti pandemiya ilə mübarizənin ilk günlərindən əhalinin həm sağlamlığını, həm də yüksək rifahını qorumaq üçün bütün lazım olan tədbirləri vaxtında və ən effektiv şəkildə həyata keçirib. Əgər bu gün Azərbaycan dünyada pandemiyanın qurbanlarının sayına görə sonuncu yerlərdə gələn ölkələrdən biridirsə, bu da məhz dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərin səmərəliliyinin nəticəsidir. Lakin indi artıq koronavirusdan sadəcə qorunmağın deyil, onu həyatımızdan tamamilə çıxarmağın vaxtıdır. Buna isə yalnız və yalnız vaksinasiya ilə nail olmaq olar. Əslində, təkcə Azərbaycanda deyil, bütün dünyada pandemiya ilə mübarizə tədbirlərinin əsas məqsədi məhz vaksin tapılan vaxta qədər insan tələfatını minimuma endirmək idi. COVİD-19 pandemiyası bütün dünya üçün çox böyük sınaqdır və Azərbaycan çox az ölkələrdəndəndir ki, bu sınaqdan da minimal itkilərlə çıxmaqdadır. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Xüsusi olaraq qeyd etmək lazımdır ki, ölkə Prezidenti cənab İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi vaxtında daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Məhz bu addımın nəticəsidir ki, bu gün dünyada peyvənd preparatlarının defisiti yaşandığı halda belə ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var ki, onların da hər biri effektiv və təhlükəsizdir. Çünki vaksinasiya yenidən sağlam və normal həyata dönüş deməkdir. Vaksinasiya iqtisadiyyatın, təhsilin, mədəniyyətin, turizmin, idmanın, beynəlxalq əlaqələrin və ümumiyyətlə bütün sahələrin yenidən dirçəlişi deməkdir. Ən əsası isə, vaksinasiya uşaqlarımızın sağlam gələcəyinin yeganə təminatıdır və hər kəsi bu məsələdə son dərəcə məsuliyyətli, aktiv olmaqla yanaşı, birlik və həmrəylik nümayiş etdirməliyik. Məhz bu birliyin nəticəsidir ki....

Azərbaycan peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir

Azərbaycan dünyanın az saylı dövlətlərindəndir ki, pandemiya ilə mübarizədə ilk günlərdən qabaqlayıcı tədbirlər görərək istədiyinə nail olub. Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən ölkə də Azərbaycan olub. Ölkəmiz 4 milyon doz vaksinin gətirilməsini öncədən təmin edib. Təsəvvür edin, bu gün dünyada onlarla dövlət var ki, hələ də vaksin ala bilməyib. Lakin Azərbaycan Avropa İttifaqından cəmi 1 ay sonra vaksinasiya işlərinə başlayıb. Azərbaycan COVAX təşəbbüsünün üzvü kimi vaksin istehsal edən bir neçə şirkətlə də müqavilə imzalayıb. Beləliklə də, ilkin mərhələdə Koreyadan “AztraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi Azərbaycana göndəriləcək. Eləcə də 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri də ayrılacaq. Ümumilikdə “AztraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin may ayının sonuna qədər Azərbaycana idxalı nəzərdə tutulub. Bu gün Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyanın tam sürətlə davam etdiyi ölkələr arasındadır. Bu baxımdan, MDB ölkələrində koronavirusa qarşı peyvəndləmənin səviyyəsi barədə məlumatları da təhlil etdikdən sonra regionda peyvənd vurulmasına ilk başlayan ölkələrdən biri olan Azərbaycanın həm peyvənd alışı həcminə, həm də ondan istifadə sürətinə görə əksər ölkələri qabaqladığını görmək olar. Belə ki, açıq mənbələrdən alınan məlumatlarda zərbaycanda 518 867 nəfərin ilk doza ilə aşılandığı aydınlaşır. Bu da əhalinin 5,2%-ni təşkil edir. Rusiyada isə aşılananların sayı 6,3 milyon nəfərdir ki, bu da əhalinin 4,3%-ni təşkil edir. Bu göstərici Belarusda 2% təşkil edirsə, Moldova, Qazaxıstan və Ukraynada heç 1% səviyyəsinə çatmır. Qonşu Gürcüstan COVAX təşəbbüsü vasitəsilə 72 400 doza peyvənd əldə etmək imkanına malikdir, lakin cəmi 5 min nəfər aşılanıb. Ermənistanda isə peyvəndləmə yenicə başlama mərhələsindədir. Beləliklə də, aydınlaşır ki, Azərbaycan peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir. Bununla bərabər hər 100 nəfərə düşən peyvənd olunmuş adam sayına görə də Azərbaycan liderlər sırasındadır, yalnız Rusiyadan geri qalırıq.

Azərbaycanda peyvənd olunanların sayı 3 milyonu keçdi

Azərbaycanda bu gün 42 843 nəfər vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 284, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 559 nəfər təşkil edib. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 3 032 516, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 971 930, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 060 586 nəfər təşkil edir.

Göründüyü kimi, rəqəmlər bir daha Azərbaycanın əhalinin peyvəndlənmə prosesinə kifayət qədər ciddi yanaşdığını sübut edir. Bir sözlə, sğlam və firavan gələcək öz əlimizdədir. Və bu gün hmı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Çünki qanun şahdır, şah qanun deyil. Heç bir şəxs öz mövqeyindən, statusundan istifadə edərək qanunları və qanunun tələblərini poza bilməz və bütün atılan addımlar Azərbaycan insanı, onun sağlamlığı və təhlükəsizliyi üçündür!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə