Azərbaycan-BMT münasibətləri inkişaf edir - ŞƏRH

Prezident İlham Əliyev: “BMT ilə əməkdaşlıq Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır”

Dünyanın ən mötəbər və nüfuzlu beynəlxalq təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı (BMT) qlobal miqyasda ciddi rol oynayır. Müxtəlif sahələr üzrə problemlərin həll edilməsi, davamlı inkişaf məsələləri, dünya təhlükəsizliyi problemləri, elm, təhsil, mədəniyyət, iqtisadiyyat üzrə inkişafın özəllikləri bu təşkilat üçün müstəsna əhəmiyyət kəsb edir. Buna görədir ki, hər bir müstəqil dövlətin BMT ilə münasibətlərinə böyük önəm verilir. Azərbaycan-BMT münasibətləri 1993-cü ildən başlayaraq tamamilə yeni məzmunda inkişaf etməklə, Azərbaycan iqtisadiyyat, elm, təhsil, mədəniyyət, təhlükəsizlik, münaqişələrin həlli və sair məsələlərdə BMT ilə əlaqələrini yeni səviyyəyə yüksəldib.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xilaskar missiyası ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycan-BMT münasibətləri kontekstində mühüm addımlar atıldı. Xüsusimlə də, Azərbaycan üzləşdiyi erməni təcavüzünün yaratdığı problemləri dünya ictimaiyyətinə nüfuzlu beynəlxalq təşkilatın tribunasından çatdırmaq imkanı əldə etmiş oldu. Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan-BMT münasibətləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın reallaşdırdıqları proqramlar Azərbaycanla BMT arasında münasibətlərin daha da inkişaf etməsinə ciddi töhfə verir.

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 23-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbulu zamanı dövlət başçımız vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq Azərbaycan Respublikası üçün xüsusi əhəmiyyət daşıyır: "Azərbaycan həm BMT-nin üzvü, həm də Qoşulmama Hərəkatının hazırkı sədri qismində təşkilatın qlobal çağırışlara qarşı mübarizəsini, dünya ictimaiyyətini narahat edən məsələlərdə fəal mövqeyini dəstəkləyir və bu işə öz töhfəsini verməyə davam edəcək".

Prezident İlham Əliyev: “İnsanlar üçün layiqli yaşayış standartlarına doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik”

Dövlət başçısı işğalçı Ermənistanın 30 il ərzində bütün kəndləri, bütün şəhərləri dağıtdığını deyərək bildirib ki, indi biz həmin dağıdılmış torpaqları minalardan təmizləməli, həmçinin paralel olaraq yenidənqurmaya başlamalıyıq: “İndi biz onları minalardan təmizləməli, həmçinin paralel olaraq yenidənqurmaya başlamalıyıq. Biz artıq bütün səylərimizi toplamışıq, bütün resurslarımızı səfərbər etmişik. Böyük infrastruktur layihələrinə artıq başlanıb. Sizə bəlkə də bununla bağlı məlumat verilib. Biz onları yenidən quracağıq və düşünürəm ki, bu miqyasda dağıntıdan inkişafa, insanlar üçün layiqli yaşayış standartlarına doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik”.

Azərbaycan Prezidenti onu da bildirib ki, işğalçı Ermənistan Birinci Qarabağ müharibəsi zamanı deyil, ondan sonra da faşist xislətli olduqlarını nümayiş etdirməkdədirlər: “Onlar bunu Birinci Qarabağ müharibəsi dayanandan sonra demək olar ki, 30 il ərzində sistematik şəkildə bir neçə səbəbdən dağıdıblar. Birincisi, bütün tikinti materiallarını götürmək üçün. Çünki evlər sökülmüş, daşlar aparılmışdır. Bu, oğurluq idi. İkinci səbəb azərbaycanlılara geri qayıtmağa imkan verməmək idi. Çünki onlar düşünürdülər ki, total dağıntıdan sonra heç kim qayıtmayacaq. Təkcə şəhərlərdə deyil, kəndlərdə də, - siz digər istiqamətlərə gedəndə, məsələn Cəbrayıla, siz Füzulidə də olmusunuz, - Zəngilanda, Qubadlıda vəziyyət eynidir”.

“Biz Ermənistandan yalnız Ağdam rayonu üzrə mina xəritələrini ala bilmişik, digər rayonlarda yüz minlərlə mina var”

Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edərkən onu da bildirib ki, bu işğalçı dövlət mina xəritələriqt bizə verməkdən imtina etməklə bir daha faşist xislətli olduqlarını nümayiş etdirməkdədirlər. "Biz Ermənistandan yalnız Ağdam rayonu üzrə mina xəritələrini ala bilmişik, digər rayonlarda yüz minlərlə mina var", deyən dövlət başçısı vurğulayıb ki, təkcə Ağdam rayonunda 97 min mina basdırılıb: "Biz Ermənistandan yalnız Ağdam rayonu üzrə mina xəritələrini ala bilmişik, digər rayonlarda yüz minlərlə mina var. Onlar xəritələri bizə verməkdən imtina edirlər və bizdə artıq 100-dən çox ölən və yaralanan oldu. Müharibə başa çatandan sonra minalardan, piyada əleyhinə və tank əleyhinə minalardan 30-a yaxın adam həlak oldu, 100-dən çox mülki şəxs yaralandı, o cümlədən bu ayın əvvəlində 2 jurnalist həlak oldu".

“Mən müharibədən sonra ilk dəfə Ağdama səfər edəndə şəhərin yenidən qurulması ilə bağlı qətiyyət hissi keçirirdim”

“Mən müharibədən sonra ilk dəfə Ağdama səfər edəndə qəmginlik hissi, kədər hissi, eyni zamanda, şəhərin yenidən qurulması ilə bağlı qətiyyət hissi keçirirdim”. Bunu Prezident İlham Əliyev iyunun 23-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edərkən deyib.

Azərbaycan Prezidenti ölkəmizə, həmçinin işğaldan azad edilmiş ərazilərə səfər etdiyinə görə təşəkkürünü də bildirib: “Siz öz hissləriniz barədə danışdınız. Düşünürəm ki, hər kəs eyni hissləri keçirir. Mən müharibədən sonra ilk dəfə Ağdama səfər edəndə qəmginlik hissi, kədər hissi, eyni zamanda, şəhərin yenidən qurulması ilə bağlı qətiyyət hissi keçirirdim. Yəqin sizə məlumat verilib ki, bir aydan da az vaxtda biz artıq yenidənqurma prosesinə başladıq. Siz gördünüz, hər şey dağılıb".

Bir sözlə, iyunun 23-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun ölkəmizdə olması bir daha BMT ilə Azərbaycanın əməkdaşlığının 28 il ərzində yüksələn xətt üzrə güclənib, inkişaf edib və inkişaf edəcəkdir.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə