“Azərbaycanın dünyaya təqdim etdiyi pandemiya ilə mübarizə modeli ən optimaldır” - Məşhur Məmmədov

“Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, vətəndaşların məsuliyyəti və onların mövcud qaydalara əməl etmələri müsbət nəticələrə gətirib çıxarıb. Hazırda Azərbaycan yoluxanların və vəfat edənlərin sayının azlığına, habelə yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır. Azərbaycan dövləti infeksiyasının yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb, genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll edib. Xüsusilə də, indiki durumda xəstəlikdən yeganə xilas yolunun peyvənd olduğu nəzərə alsaq, vətəndaşların əvvəlki həyatlarına qayıtması üçün vaksinasiya prosesində aktiv iştirakı olduqca vacibdir. Və bu gün Azərbaycanın dünyaya təqdim etdiyi pandemiya ilə mübarizə modeli artıq neçə müddətdir ki, ən optimal variant olaraq qalmaqdadır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov deyib.

Millət vəkili bildirib ki, ölkəmiz COVİD-19 əleyhinə keyfiyyətli və təhlükəsiz vaksinlərin vaxtında gətirilməsi Azərbaycan dövlətinin pandemiya ilə ümumi mübarizə strategiyasının əsas tərkib hissəsidir: “İndiki şəraitdə ölkəmizin bütün sahələrində həyata keçirilən tədbirlər və əldə olunan real nəticələr ölkə Prezidentinin həyata keçirdiyi uğurlu sosial siyasətin sübutudur. Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Əslində, dövlət başçımız bu siyasətini 17 ildir ki, davam etdirir, ancaq hazırkı məqamda həmin siyasət daha aşkar görünməkdədir. Xüsusilə də, bu gün dünyanı çalxalayan koronavirus pandemiyası bütün inkişaf etmiş dövlətləri iflic vəziyyətinə salıb. Lakin Azərbaycan ilk gündən unikal tədbirlər keçirilməsi nəticəsində bütün sahələrdə olduğu kimi, koronavirusla mübarizə tədbirlərində də ölkəmiz dünyada özünəməxsus imic formalaşdırıb - Azərbaycan modeli. Bu reallıqdır. Azərbaycan artıq beynəlxalq aləmdə inkişaf, tərəqqi, yüksəliş simvoluna çevrilir. Və bütün dünyanın etiraf etdiyi bu reallıq Prezident İlham Əliyevin fəaliyyətinə verilən haqlı və real qiymətdir. Bu, dövlət başçımızın dövlətləri və millətləri birləşdirən siyasətidir və bu siyasət Azərbaycan tərəfindən təqdim olunur, öyrənilir”.

Millət vəkili bildirib ki, özümüzün və yaxınlarımızın həyat və sağlamlıqlarını ən təminatlı şəkildə qorymaq üçün peyvənd olunmaq mütləq lazımdır: "Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz və ən effektiv vasitədir. İnsanın immun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zaman qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur. Bütün klinik yoxlamalar 10 minlərlə insana tətbiqi zamanı bəzi hallarda yalnız zəif allergik reaksiya ilə nəticələnmişdir. Nəzərə almaq lazımdır ki, yalnız artıq bir dəfə bu xəstəliyə yoluxmuş və bir də peyvən olunmuş insanlarda lazım olan immunitet yaranır. Əks halda isə hətta gənc və tam sağlam insanlar da xəstələnə və ən pis halda həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur".

“Bu, hər ölkənin bacara biləcəyi məsələ deyil. Azərbaycan hökuməti öz vətəndaşlarını koronavirusla mübarizədə istifadə olunan bütün qoruyucu vasitələrlə tam təmin edə bildi”,- deyən millət vəkili onu da vurğulayıb ki, Prezident İlham Əliyev və birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə Azərbaycanda tibbi maskalar istehsal edən müəssisənin açılışı, əhali ilə keçirilən səmimi görüşlər zamanı bu qlobal bəla ilə mübarizə aparmaq üçün xalqa müraciətləri, irəli sürülən tələblər və verilən tövsiyələr pandemiya dövrünün həm də ən böyük maarifçilik işi kimi əvəzsizdir.

“Xilasımız vaksinasiyadan keçir”,- deyən millət vəkili Məşhur Məmmədov vaksinasiyanın cəmiyyətimizin yenidən normal həyata dönə bilməsi və yaranmış iqtisadi çətinliklərin aradan qaldırılması üçün də olduqca önəmli olduğunu vurğulayıb: "Vaksinasiyaya əməl etmək COVİD-19-a əsirliyindən xilas olmaqdır. Dövlət başçımızın dediyi kimi, Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir. Əminəm ki, Azərbaycan xalqı dövlətimiz və millətimiz üçün həyati əhəmiyyət kəsb edən bu vacib məsələ də sarsılmaz həmrəylik nümayiş etdirərək ən qısa zamanda kütləvi vaksinasiyanı başa çatdıracaq. Unutmamalıyıq ki, əsrin bəlasından xilasımız vaksinasiyadan keçir. İkinci qurtuluş yolu yoxdur! Qarabğağ problemiz Qalib Nidasını qoyduğu kimi, pandemiyaya qarşı mübarizə də bir olmalıyıq!”.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə