Azərbaycan Türkiyə ilə birgə inteqrasiya siyasətinin əsasını qoydu - POLİTOLOQ ŞƏRH ETDİ

Azərbaycan Türkiyə ilə birgə inteqrasiya siyasətinin əsasını qoydu - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Şuşada imzaladığı "Şuşa Bəyannaməsi" siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji, müdafiə və hərbi - texniki sahələri əhatə edərək müttəfiqlik müqaviləsidir. Bu bəyannaməyə əsasən, Türkiyə Cənubi Qafqazda Azərbaycanın təhlükəsizliyinin qarantı olacaq. Bununlada, Azərbaycanın ərazi bütövlüyü toxunulmaz olacaq”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Siyasi şərhçinin sözlərinə görə, hərhansı bir təhdid olacaqsa, meydanda açıq şəkildə Türkiyəni görəcəklər: “İkinci, Qarabağın müəyyən bir hissəsində erməni separtizminə zərbə vurulacaq. Üçüncü, Ermənistanın Azərbaycana qarşı müəyyən mərhələdə hərhansı bir provakasiyalarına son qoyulacaq. Xüsusilə, Qarabağda silahlı erməni birləşmələrinin fəaliyyətinin sonuna gəldiyini qeyd etmək olar. Çünki buradakı qanunsuz silahli erməni birləşmələri təhlükəsizliyi təhdid edir və Türkiyə Rusiyadan konkret olaraq onların ləğv edilməsini tələb edəcək. Dördüncü, Rusiyanın Azərbaycana qarşı hərbi təzyiqləri neytrallaşacaq. Bu Bəyannamə iki ölkə arasında hərbi paktın bir nümunəsidir və burada müəyyən olunan bəndlər, əsasən, gələcəkdə hərbi əməkdaşlığın yeni bir müqaviləsini bağlamaga gətirib çıxara bilər. Bu da Türkiyənin hərbi bazalarının Azərbaycanda rəsmən yaradılmasıdır”.

M.Əsədullazadə vurğulayıb ki, "Şuşa" Bəyannaməsini prezident İlham Əliyev "Qars" müqaviləsinin bəndlərinə uyğun olaraq qeyd etməklə, bir daha Türkiyənin Azərbaycanın təhlükəsizliyinin qarantı olduğunu mesajını verdi. Bu Bəyannamədə diqqət çəkən əsas bənd "Zəngəzur" dəhlizinin qeyd edilməsi göstərir ki, iki ölkə yaxın perspektivdə dəhliz məsələsinin həllinə nail olacaq. "Şuşa" Bəyannaməsinin imzalanmasını şərtləndirən amillər, əsasən, regionda cərəyan edən siyasi-hərbi proseslərlə bağlıdır. Həmçinin Rusiyanın qonşu ölkələrin təhlükəsizliyini təhdid etməsidir. Göründüyü kimi Azərbaycan çevik şəkildə Türkiyə ilə çox ciddi birgə inteqrasiya siyasətinin əsasını qoydu. Bu, Bakının Moskvanın təzyiqləri qarşısında yeni immunitetini formalaşdıracaq. Türkiyə bununla Cənubi Qafqazda varlığını rəsmi şəkildə gücləndirdi. Milli Cəbhə Partiyası olaraq Şuşa Bəyannaməsinin təqdir edirik və bu Bəyannamə iki qardaş ölkə arasında müttəfiqliyinin əsasını qoymaqla, ölkəmizin inkişafına yeni töhfələr verəcək”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə