İƏT Azərbaycanla hər zaman həmrəylik nümayiş etdirib

İƏT Azərbaycanla hər zaman həmrəylik nümayiş etdirib

Müasir dünyada Azərbaycan bir çox mötəbər qurumlarla əməkdaşlıq edir. Bu sırada İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətləri uğurla davam edir və ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdən olaraq strateji əhəmiyyət daşıyır. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında islam həmrəyliyinin möhkəmləndirilməsi, onlar arasında elm, mədəniyyət, sosial, iqtisadi və başqa sahələrdəki əməkdaşlığın dəstəklənməsi və digər beynəlxalq təşkilatlarda məşvərətlərin həyata keçirilməsi, üzv dövlətlərin digər ölkələrlə əməkdaşlığına və qarşılıqlı anlaşmasına şəraitinin yaradılmasından ibarətdir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra həmin dövrdə, erməni təcavüzünə məruz qalmışdı. İnformasiya-təbliğat imkanları zəif və məhdud olan Azərbaycanın haqlı mövqeyinin İslam dövlətləri tərəfindən dəstəklənməsi vacib məsələlərdən idi. İslam Əməkdaşlıq Təşkilatı torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalı ilə nəticələnmiş münaqişənin həlli ilə bağlı bir neçə qətnamə qəbul edib. İƏT istər zirvə konfranslarında, istərsə də Xarici İşlər Nazirləri konfranslarında Ermənistanın təcavüzünü pisləmiş və Azərbaycanın siyasi marağına uyğun qətnamələr qəbul etmişdir. Eyni zamanda, ölkəmizə zəruri yardımın göstərilməsi məqsədilə İƏT çərçivəsində Azərbaycan Respublikasına İqtisadi Yardım haqqında bir neçə qətnamənin qəbul edilməsi də vurğulanmalıdır.

İyunun 16-da keçirilən İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında Prezident İlham Əliyevin videoformatda çıxışı zamanı bildirdiyi kimi, biz Ermənistanın hərbi təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Azərbaycanın ədalətli mövqeyinin ardıcıl şəkildə dəstəklənməsini yüksək qiymətləndiririk: "İslam Əməkdaşlıq Təşkilatı tərəfindən 1994-cü il Kasablanka Zirvə görüşündən bu günə qədər Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edilib. Bu mənada Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı 2016-cı ildə İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun təsis edilməsi xüsusi qeyd edilməlidir"

"ERMƏNİSTAN 30 İLLİK İŞĞAL DÖVRÜNDƏ AZƏRBAYCANIN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİNDƏKİ BÜTÜN MƏDƏNİ VƏ DİNİ ABİDƏLƏRİMİZİ MƏQSƏDLİ ŞƏKİLDƏ DAĞIDIB"

İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü", "Azərbaycana iqtisadi yardımın göstərilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması" adlı qətnamələr Azərbaycanın haqq işini hər zaman dəstəklədiyini göstərir.

Cənab Prezident qeyd edib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür və həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir. Son bir neçə il ərzində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirləri səviyyəsində 10-a yaxın görüş keçirildiyini bildirən dövlət başçısı Azərbaycanın hər zaman İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində səylər göstərdiyin diqqətə çatdırıb. "2017-ci ildə 54 dövlətin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyimiz bunun növbəti təzahürü idi. Bununla yanaşı, biz, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin vətəndaşları üçün ölkəmizdə təhsil almaq imkanı verən təqaüd proqramına da başlamışıq".

Azərbaycan Prezident çıxışında 44 günlük Vətən müharibəsində İslam Əməkdaşlıq Təşkilatı tərəfindən nümayiş etdirilən qətiyyətli mövqeyin yüksək qiymətləndirildiyini və İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış etdiyini bildirib. Həmişə olduğu kimi, son illərdə baş verən hadisələrdə də İƏT-in Azərbaycanla həmrəylik nümayiş etdirməsi də diqqətdən kənarda qalmadı. 2019-cu ilin 19 sentyabr tarixində Ermənistanın Baş naziri Nikol Paşinyanın işğal olunmuş ərazilərimizə qeyri-qanuni səfəri və orada səsləndirdiyi təxribatçı bəyanatları ilə bağlı İƏT-in Baş katibi adından təşkilatın rəsmi internet səhifəsində "OIC Secretary General Expresses Deep Concern over the Recent Statement of Armenian Prime Minister on Nagorno-Karabakh" başlıqlı bəyanat dərc edildi. 2020-ci ilin 31 mart tarixində ölkəmizin işğal olunmuş ərazilərində keçirilən qondarma "seçkilər"lə əlaqədar İslam Əməkdaşlığı Təşkilatı "İƏT işğal olunmuş Dağlıq Qarabağda seçkilərin keçirilməsini rədd edir" başlıqlı bəyanatla çıxış etdi. Daha sonra iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində hücumunu, atəşkəsi pozmasını, nəticədə azərbaycanlı əsgərlərin həlak olmasını və yaralanmasını kəskin şəkildə pisləyən bəyanat da yaydı.

Dövlət başçısı bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı öz qətnamələrində Azərbaycanın keçmiş işğal altında olan torpaqlarında Ermənistan tərəfindən İslam tarixi və mədəniyyət nümunələrinin, ibadət yerlərinin dağıdılması və təhqir edilməsini qətiyyətlə pisləyib: "Ermənistan 30 illik işğal dövründə Azərbaycanın işğal olunmuş ərazilərindəki bütün mədəni və dini abidələrimizi məqsədli şəkildə dağıdıb. Ermənistanın işğalı altında olmuş ərazilərdə yerləşən 67 məsciddən 65-i yerlə-yeksan edilib, iki məscidə isə ciddi zərər dəyib və onlar təhqir edilib".

"BÜTÜN İSLAM ÜMMƏTİNİN HİSSLƏRİNİ TƏHQİR EDƏN ÖLKƏ MÜSƏLMAN DÖVLƏTLƏRİNİN VƏ MÜSƏLMANLARIN DOSTU OLA BİLMƏZ"

Dövlət başçısı bu il İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyinin, İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı Təmas Qrupunun üzvlərinin, habelə ICESCO-nun nümayəndə heyətinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etdiyini və Ermənistanın İslam irsinə qarşı törətdiyi vandalizmin şahidi olduğunu qeyd edib. Azərbaycan Prezidenti Ermənistanın İslam ölkələri ilə münasibətlərini gücləndirmək cəhdlərinin müşahidə olunduğunu da bildirib: "Məscidlərdən donuz və inək tövləsi kimi istifadə etmiş və bununla da bütün İslam ümmətinin hisslərini təhqir edən ölkə müsəlman dövlətlərinin və müsəlmanların dostu ola bilməz".

Bildiyimiz kimi, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi İslam irsinin ayrılmaz hissəsi olan Dağlıq Qarabağda və ətraf rayonlardakı tarixi abidələrin vəziyyəti ilə əlaqədar dərin narahatlığını bildirmişdi. Bu haqda İƏT-in yaydığı bəyanatda, maddi və mənəvi dəyərlərin, xüsusən Qubadlı rayonunun azad edilmiş Məmər kəndindəki məscidin qəsdən dağıdılması və talan edilməsi, tarixin mənimsənilməsi və saxtalaşdırılması təcavüz siyasətinin bariz sübutu olduğu göstərilirdi. Bəyanatda o da qeyd olunurdu ki, işğal olunmuş ərazilərdə əsrlər boyu qalmış dini-mədəni irslərdən sui-istifadə beynəlxalq qanunların və konvensiyaların, o cümlədən "Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunmasına dair 1954-cü il Haaqa Konvensiyası"nın və 1954, 1999-cu il protokollarının açıq şəkildə pozulmasıdır. Xarici işlər nazirləri Şurasının 46-cı iclasında İƏT "İslamın müqəddəs yerlərinin qorunması haqqında" 3/46-S saylı Qərar qəbul edib. Qərarda erməni təcavüzkarları tərəfindən Azərbaycan Respublikasında İslama aid tarixi və mədəni irsin tamamilə məhv etmək məqsədi, barbar hərəkətləri pislənilmişdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edərkən İslam Əməkdaşlıq Təşkilatı və Azərbaycan arasında əməkdaşlığın inkişafına verdiyi müstəsna töhfəyə görə onu Azərbaycanın dövlət ordeni – "Dostluq" ordeni ilə mükafatlandırması əlaqələrin dostluğa və həmrəyliyə söykəndiyini özündə əks etdirir.

"AZƏRBAYCAN 30 İLLİK MÜNAQİŞƏYƏ SON QOYDU VƏ HƏRBİ-SİYASİ YOLLARLA ƏRAZİ BÜTÖVLÜYÜNÜ VƏ TARİXİ ƏDALƏTİ BƏRPA ETDİ"

İƏT ilə Azərbaycan arasında əməkdaşlıq davamlı xarakter alıb və hər zaman, çətin anlarda Azərbaycanın yanında olub. 2020-ci ilin 27 sentyabr tarixindən etibarən Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsi qələbəmizlə başa çatdı. "Bildiyiniz kimi, Ermənistan 30 ilə yaxın idi ki, ölkəmizin təqribən 20 faiz ərazisini işğal altında saxlayırdı", deyən Cənab Prezident Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə apardığını diqqətə çatdırıb: "Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan Xocalı soyqırımını törədib. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnamə, Qoşulmama Hərəkatının bəyannamələri, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, ATƏT və digər beynəlxalq təşkilatların müvafiq qərarları münaqişənin həllinin hüquqi bazasını təşkil edirdi. Lakin Ermənistan beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayaraq, torpaqlarımızı əbədi olaraq işğal altında saxlamağa cəhd edirdi".

Ötən ilin sentyabr ayında Ermənistanın irimiqyaslı hərbi hücumuna cavab olaraq Azərbaycan əks-hücum əməliyyatına başladı və 44 günlük Vətən müharibəsində qalib dövlət olaraq adını tarixə həkk etdi. "Beləliklə, Azərbaycan 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi", deyə Cənab Prezident bildirib.

"BİZ BƏRPA VƏ YENİDƏNQURMA İŞLƏRİNDƏ ƏN MÜASİR VƏ İNNOVATİV TEXNOLOGİYALARDAN İSTİFADƏ EDƏCƏYİK"

"Bugünkü Zirvə toplantısının mövzusu elm və texnologiya olduğundan, vurğulamaq istərdim ki, ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsi bizim başlıca prioritetlərimiz sırasındadır", deyə Prezident çıxışında vurğulayıb. Müasirləşən, modernləşən Azərbaycan beynəlxalq aləmdə innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları, kosmik əlaqələndirmələr ölkəsi kimi də tanınıb. Sözsüz ki, bu Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və ölkədə kosmik sənayenin yaradılmasına göstərilən böyük diqqətdir. Eyni zamanda, siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf, cəmiyyətimizin demokratikləşməsi, nəhəng enerji və nəqliyyat layihələrinin reallaşması Azərbaycanın informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, rabitənin inkişafı sahəsində də qabaqcıl ölkələr sırasına çıxmasına imkan yaradıb. Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. "Azərbaycan beynəlxalq kosmik klubun üzvüdür", deyən Cənab Prezident bildirib ki, bu gün bizim ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi üçün istifadə olunan üç peykimiz var: "Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək ölkə seçilib. Bu, beynəlxalq kosmik icma tərəfindən Azərbaycanın bu sahədə nailiyyətlərinin tanınmasının təzahürüdür".

Orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biri olan Azərbaycanın "Azərspace 2" peyki orbitə buraxılması bir daha təsdiqlədi ki, bu gün Azərbaycan beynəlxalq aləmdə neft-qaz, turizm, tolerant, idman ölkəsi, eyni zamanda innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları, kosmik əlaqələndirmələr ölkəsi kimi də tanınıb. Artıq Azərbaycan orbitə 3 peyk çıxara bilmişdir: "Azərspace 1" telekommunikasiya peyki, "Azərsky" müşahidə peyki və "Azərspace 2".

Peyklərin orbitə çıxarılması Azərbaycanda kosmik sənayenin inkişafında uğulu addımlardır

"Bu yaxınlarda Azərbaycanın növbəti onillik üçün sosial-iqtisadi inkişafına dair müəyyən etdiyim beş milli prioritet sırasında rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması da yer alır", deyən Cənab Prezident qeyd edib ki, hökumət innovasiyaların və startap ekosistemlərinin inkişafı ilə bağlı əməli addımlar atır: "Azərbaycan Ümumdünya İqtisadi Forumu ilə Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzinin yaradılması ilə bağlı saziş imzalayıb. Mən işğaldan azad olunmuş bütün əraziləri yaşıl enerji zonası elan etmişəm. Biz bərpa və yenidənqurma işlərində ən müasir və innovativ texnologiyalardan istifadə edəcəyik. "Ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları tətbiq olunacaqdır". Müasir dünyada "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası dünyada baş verən qlobal çağırışlara cavabdır. Bu gün yüksək texnologiyaların ölkəmizdə inkişafı "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyasının hazırlanmasına zəmin yaradıb. Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimiz ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpa olunacaq. Yüksək texnologiyalara əsaslanan "Ağıllı kənd" və "Ağıllı şəhər" layihəsi ən qabaqcıl texnologiyaların tətbiqidir. Azərbaycan yeni bir yüksəliş mərhələsini yaşayır və inkişaf, tərəqqi yolu uğurlu sabahlara hesablanıb.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə