Azərbaycanın xarici siyasət kursu bütün ölkələrlə əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyır - İLHAM ƏLİYEV

Azərbaycanın xarici siyasət kursu dünyanın bütün ölkələri ilə əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Hesab edirəm ki, məhz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilata - Qoşulmama Hərəkatına sədrlik edir. Biz 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatının sədri seçilmişik. Bu, Azərbaycanın yüksəksəviyyəli beynəlxalq nüfuzunu nümayiş etdirir. Çünki 120 ölkənin yekdil qərarı ilə seçilmək çox şey deməkdir. Sədrliyi təhvil aldıqdan sonra bəyan etdik ki, biz ədaləti, beynəlxalq hüququ və üzv dövlətlərin maraqlarını qoruyacağıq. Biz bunu etməyə çalışırıq. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığının, Monteneqro Respublikasının, Estoniya Respublikasının, Somali Federativ Respublikasının, Yeni Zelandiyanın, Sloveniya Respublikasının və Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən söyləyib.

Dövlətimizin başçısı diplomatlarla söhbətində COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanın iki mühüm beynəlxalq tədbirin - Qoşulmama Hərəkatının COVID-19-a həsr olunmuş Sammitinin və BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsinin təşəbbüskarı olduğunu xatırladıb, bu təşəbbüsün 155 ölkə tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

“Siz Azərbaycanda fəaliyyətə bizim üçün çox önəmli bir vaxtda başlayırsınız. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının uzunmüddətli işğalına son qoyan Vətən müharibəsində keçən il qazandığımız Qələbə region üçün, Azərbaycan üçün yeni dönəmdir, Azərbaycanın və regionun yeni inkişaf mərhələsidir. Beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, Ermənistan onların tələblərinə əməl etmədi və torpaqlarımızı, demək olar ki, 30 il ərzində işğal altında saxladı, beynəlxalq hüququ kobudcasına pozdu, erməni qoşunlarının ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsini kobudcasına pozdu. Bu qətnamələr 27 il ərzində hər hansı bir irəliləyiş olmadan kağız üzərində qaldı. Odur ki, Azərbaycan bu qətnamələri özü icra etdi, ərazi bütövlüyünü bərpa etdi və bu ədalətsizliyə son qoydu”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...