Strateji əməkdaşlıq, yoxsa strateji düşmənçilik? - REZÜME

ABŞ demokratlarının məqsədini növbəti dəfə təhlil edərkən...

Adətən, siyasətçilər haqqında deyirlər ki, onlar bir şey fikirləşir, başqa şey deyir və tam fərqli hərəkət edirlər. Amma ABŞ-demokratlarının ya bu deyimdən xəbərləri yoxdur (bu, daha çox reallığa oxşayır), yaxud onlar ümumiyyətlə, siyasətçi deyillər. Belə ki, nə danışdıqlarını nə etdiklərini dərk etmirlər. Fakt budur ki, ABŞ-ın indiki administrasiyası reallıqdan tam uzaq addımlar atır və siyasət yürüdür, ancaq hər dəfəsində də ciddi iflasa uğrayır. Bütövlükdə, ABŞ-dakı son seçkiləri çoxsaylı şübhələr əsasında “qazanan” Co Bayden administrasiyasının artıq 6 aya yaxın müddətdəki fəaliyyətlərinə nəzər salsaq, uğurdan çox ciddi uğursuzluqları görə bilərik. Maraqlısı da budur ki, demokratların indiki nəslinin fəaliyyəti hər hansı tarixi uğurları ilə yadda qalmayıb...

ABŞ-ın Ağ ev Administrasiyası, Dövlət Departamenti, Konqresi və s. dairələri hələ də dərk etməyiblər ki, Azərbaycan artıq qalib ölkədir, güclü siyasətçi tərəfindən idarə olunur, özünün müstəqil siyasətini aparır və heç bir təzyiqə əyilmir!

Misal üçün, demokratlar Barak Obamanın dövründə o qədər uğursuzluqlarla üzləşmişdilər ki, indi sözün əsl mənasında görməmiş kimi düşüblər bu dünyanın canına. Qəbul edə bilmirlər ki, dünya artıq 80-ci, 90-cı illərin dünyası deyil. Artıq yeni qüvvələr var, artıq meydana yeni güc mərkəzləri gəlib və bütün bu reallıqları qəbul etmədən köhnə siyasətlə nəyəsə nail olmaq mümkün olmayacaq.

Əslində, çox da dərinə getmədən deyə bilərik ki, demokratların “köhnə hamam, köhnə tas” siyasətinin Azərbaycana qarşı yönəldilmiş və əsl siyasi müharibə elementlərini əks etdirən fəaliyyəti artıq bütün mümkün sərhədləri aşır. ABŞ-ın Ağ ev Administrasiyası, Dövlət Departamenti, Konqresi və s. dairələri hələ də dərk etməyiblər ki, Azərbaycan artıq qalib ölkədir, güclü siyasətçi tərəfindən idarə olunur, özünün müstəqil siyasətini aparır və heç bir təzyiqə əyilmir!

Görünür, sözdə demokratlar cameəsi 90-cı illərdə olduğu kimi, ya Azərbaycanı zəif hesab edirlər, daha doğrusu güclü olduğunu etiraf etmək istəmirlər, ya da Ermənistan kimi marionet kvazidövlətlə səhv salırlar. Xeyr, çox hörmətsiz amerikalı demokratlar, bu, heç də sizin düşündüyünüz kimi deyil!

Sanki Bayden administrasiyasının seçki vədlərinin əsas müddəalarından biri də bu imiş...

SİA olaraq son vaxtlar ölkəmizə qarşı atılan qərəzli addımlar, əsassız siyasi hücumlar, ardıcıl təzyiqlər və onların kimlər tərəfindən edilməsi haqqında mütamadi, faktlara, dəlillərə, sübutlara söykənən materiallarla çıxış edirik. USAİD-in ermənipərəst rəhbəri Samanta Pouer, amerikalı demokrat konqresmen Bred Şerman, vitse-prezident Kamala Haris, Blinkenin özü, Filip Riker və digərlərinin işləri-gücləri sanki bizim ölkəyə qarşı qarayaxma kampaniyaları aparmaqdan ibarətdir. Sanki Bayden administrasiyasının seçki vədlərinin əsas müddəalarından biri də bu imiş...

Nəhayət, 2022-ci il üçün Bayden administrasiyasının xarici siyasət və prioritetlərinə dair dinləmələrdə Bob Menendes adlı bir ermənipərəst ləyaqətsiz bu dəfə Blinkeni ittiham edərək bəyanat verib ki, 907 düzəlişin ləğvi Azərbaycanın həddini aşması (?!) ilə nəticələnib. Üstəlik iddia edib ki, Azərbaycan Daglıq Qarabağın (?!) və Ermənistanın sərhədlərini pozub və s...

Bəs nə oldu Blinken..?

Yəni Blinken 907-ci düzəlişin qismən aradan qaldırılması üçün müəyyən dərəcədə fəaliyyət göstərib, amma bunu heç də Azərbaycana olan məhəbbətindən, sevgisindən etməyib, yəqin ki, şəxsi, fərdi umacağı olub. Fəqət, yanılıb. Ona görə də Medendesin sərsəm bəyanatından sonra bildirib ki, yenidən bu məsələyə baxacaqlar, filan-behman...

Link burda: https://www.youtube.com/watch?v=W-ZB6ZthIbk

Nə oldu Blinken, bəs bizim Prezidentə zəng edib deyirdin ki, strateji dostuq, o səbəbdən dayandırırıq 907-ci düzəlişi? “Duxun” çatmadı eyni fikri Konqresdəki ermənipərəst taylarına bəyan edəsən? Ancaq etiraflar etmən yerinə, zənciri əlində olan tulan Rikeri göndərirsən bura ki, o Bakıda “strateji tərəfdaşlıq” ifadəsi işlətsin, özün isə Konqresdə çıxış edib Menendes kimi alçaqların fikirlərini müsbət rəy verirsən?!

Bu saxta demokratların qanları sanki yalanla, riya ilə, mənəviyyatsızlıq və ləyaqətsizlik sindromları ilə yoğrulub. Buna isə ümumiyyətlə, “strateji tərəfdaşlıq” demək olmaz, bu artıq strateji düşməncilik, yumşaq ifadə edərsək, əks-cinahçılıqdır və həmin saxta demokratlar anlamalıdırlar ki, belə riyakar hərəkətləri cavabsız qalmayacaq.

Rövşən RƏSULOV

P.S. Çox hörmətsiz amerikalı saxta demokratlar, götürün öz “demokratik” dəyərsizliklərinizi və bəlli maraqlarınızla qapını arxanızca bağlayın. Bizə hörmət qoymayana biz dünəndən hörmət qoymuruq, bu qədər bəsit və sadə!

Bütün xəbərlər Facebook səhifəmizdə