Misirin “Əl-Əhram” qəzetində “Şərqin ilk Parlamentli Demokratik Respublikası” başlığı altında məqalə dərc olunub
28 may Respublika günü münasibətilə Misirin və ərəb dünyasının aparıcı qəzeti olan "Əl-Əhram" qəzetinin 28 may tarixli nömrəsində "Şərqin ilk Parlamentli Demokratik Respublikası" başlığı altında səfir Şahin Abdullayevin məqaləsi dərc edilib. Azərbaycanın Misirdəki səfirliyindən SİA-ya verilən məlumata görə, məqalədə şərqin ilk demokratik respublikası kimi təşəkkül tapmış Azərbaycan Demokratik Respublikasının yaranması prosesinə toxunan səfir ADR-də çoxpartiyalı prinsip əsasında parlamentin təşkili, Avropa ölkələrindən əvvəl qadınlara seçki hüququnun verilməsi, təhsil, mədəniyyət və ordu quruculuğu sahəsində görülmüş işlər barəsində ətraflı məlumat verərək, SSRİ-in dağılmasından sonra məhz şərqin ilk demokratik respublikası olan ADR-in dövlətçilik ənənələri əsasında Azərbaycanın müstəqilliyini yenidən əldə etdiyini qeyd edib.
ADR-in süqutuna şərait yaradan problemlərin yeni Azərbaycan Respublikasının da qarşısına çıxdığını qeyd edən səfir Ş.Abdullayev tərəfindən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalın nəticələri barəsində geniş məlumat verilərək, müstəqilliyinin belə bir çətin dövründə Azərbaycan xalqının siyasi hakimiyyətə qayıtmaq üçün təkidlə Heydər Əliyevə müraciət etdiyini diqqətə çatdırıb.
Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində mərkəzi hakimiyyətin gücləndiyi, çox ehtiyac duyulan xarici əlaqələrin genişləndiyi, demokratikləşmə prosesinin başlandığı, "Əsrin müqaviləsi"nin imzalandığı, Azərbaycanın yeni Neft strategiyasının əsasının qoyulduğu və tarixi İpək Yolunun bərpa olunduğu müəllif tərəfindən oxucuların nəzərinə çatdırılıb. Ş.Abdullayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinə sadiq qalaraq, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişaf edən ölkə olduğunu qeyd etmiş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi, iqtisadi islahatların nəticəsi olaraq, Azərbaycanın regional lider dövlətə çevrildiyi bildirib.
Neft və qaz ixrac kəmərləri şəbəkəsi vasitəsilə Azərbaycanın Şərq-Qərb enerji dəhlizində və Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynadığını qeyd edən müəllif ölkə rəhbərliyi tərəfindən qeyri-neft sektorunun inkişafı istiqamətində görülən ardıcıl tədbirlər haqqında məlumat verərək, Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı, biznez mühitinin daha da yaxşılaşdırıldığı və Azərbaycanın Dünya Bankının "Doing Business" kateqoriyası üzrə lider olduğu, informasiya və kompüter texnologiyalarının inkişafı sahəsində regional mərkəzə çevrildiyi vurğulanıb.
Məqalədə Azərbaycanın iqtisadiyyatında özünü göstərən ümumdaxili məhsulun artma tempi, xarici valyuta ehtiyatının həcmi, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması kimi müsbət inkişaf meylləri rəqəmlərlə oxucuların nəzərinə çatdırılıb. Müəllif müstəqilliyinin ilk illərində xarici donor və humanitar yardımlara ehtiyacı olan Azərbaycanın bu gün beynəlxalq humanitar və sülhməramlı əməliyyatlara töhfə verən dövlət olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB