“The Japan Times” qəzeti Azərbaycanın Respublika Günü münasibətilə məqalə dərc edilib

“The Japan Times” qəzeti Azərbaycanın Respublika Günü münasibətilə məqalə dərc edilib
Mayın 28-də Yaponiyanın nüfuzlu, əsasən bu ölkədəki diplomatik nümayəndələr və işgüzar dairələr tərəfindən oxunan ingilis dilli "The Japan Times" qəzetində Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ölkəmizin Tokiodakı səfirliyinin müvəqqəti işlər vəkili Rövşən Kazımovun məqaləsi dərc edilib.

SİA-nın xəbərinə görə, məqalədə yaponiyalı oxuculara ölkəmiz, onun yerləşdiyi coğrafi məkan, iqlim şəraiti, müstəqilliyin qazanılmasının tarixi barədə ətraflı məlumat verilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yola nəzər salınmış, onun Şərqdə ilk demokratik respublika olduğu vurğulanıb.

Ötən əsrin sonlarında müstəqilliyini bərpa etmiş Azərbaycanda siyasi sabitliyin mövcud olduğu, həyata keçirilmiş uğurlu sosial-iqtisadi islahatlar nəticəsində xarici sərmayəçilər üçün əlverişli şəraitin yaradıldığı və müstəqilliyin bərpasından cəmi 20 il ötməsinə baxmayaraq, ölkəmizin etibarlı tərəfdaşa çevrildiyi oxucuların nəzərinə çatdırılıb.

Zəngin karbohidrogen ehtiyatlarına malik bir ölkə olaraq, Azərbaycan Respublikasının qlobal enerji siyasətinin formalaşmasında və əhəmiyyətli enerji layihələrinin ölkəmizin ərazisindən keçməklə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığı bildirilib.

Qeyd edilib ki, eyni zamanda Azərbaycan tarixi İpək Yolu üzərində yerləşməklə, Qərblə-Şərqi birləşdirən mühüm tranzit dövlətidir.

Məqalədə, həmçinin Azərbaycan Respublikasının əlverişli turizm məkanı olması barədə məlumat verilərək, turizmin əksər növləri ilə məşğul olmaq üçün ölkəmizdə əlverişli şəraitin yaradıldığı qeyd olunub. 2011-ci ilin Azərbaycanda "Turizm ili" elan olunması ilə əlaqədar bu sahədə bir sıra iri layihələrin həyata keçirildiyi, ölkə ərazisində dünya standartlarına cavab verən mehmanxanaların və digər zəruri infrastrukturun yaradıldığı bildirilib. Bu xüsusda yapon turistləri Azərbaycana səfərə və ölkəmizi daha yaxından tanımağa dəvət olunublar.

Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulmuş, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən müvafiq qətnamələrin qəbul olunmasına baxmayaraq, torpaqlarımızın hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldığı vurğulanıb. Beynəlxalq birliyin və dünya dövlətlərinin, o cümlədən Yaponiyanın Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyini tam dəstəklədiyi vurğulanıb.

Azərbaycan-Yaponiya münasibətlərinə dair məlumat verilərək, ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyi qeyd olunub. Xüsusən Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə Yaponiyaya rəsmi səfərindən sonra iki ölkənin əməkdaşlığında yeni səhifənin açıldığı bildirilib.

Martın 11-də Yaponiyada baş vermiş təbii fəlakət və onun səbəb olduğu çoxminli insan tələfatının ölkəmizdə kədərlə qarşılandığı vurğulanmış, bu ağır gündə yapon xalqına dəstək göstərilməsi məqsədilə Azərbaycan Prezidentinin göstərişinə əsasən, 1 milyon ABŞ dolları məbləğində maddi yardım ayrıldığı qeyd olunub.

Məqalənin sonunda bildirilib ki, Azərbaycan zəhmətsevər yapon xalqının təbii fəlakətin fəsadlarını qısa zamanda aradan qaldıracağına əmindir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня