Zərdab rayonunda şəhidin məzarı və ailəsi ziyarət olunub - FOTOLAR - VİDEO

Zərdab rayonunda şəhidin məzarı və ailəsi ziyarət olunub - FOTOLAR - VİDEO

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ağayev İlkin Tehran oğlunun doğum günü şəhidin Zərdab rayonunun Körpükənd kəndindəki evində və məzarı üstündə anılıb. Şəhidin doğum günü münasibətilə Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalov və icra hakimiyyəti aparatının məsul işçiləri, Milli Məclisin deputatı Jalə Əliyeva, Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının fəal üzvləri, rayon gənclər və idman idarəsinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Zərdab rayon bölməsinin rəisi şəhidin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib və məzarı üzərinə gül-çiçək dəstələri qoyublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Zərdabda da hər zaman örnək götürülür. Rayon rəhbəri Mərdan Camalov və Milli Məclisin deputatı Jalə Əliyeva tərəfindən hər zaman əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələri, məzarları ziyarət olunur, əziz xatirələri ehtiramla anılır.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov və Milli Məclisin deputatı Jalə Əliyeva Vətən uğrunda canından keçən şəhidlərimizin anım günlərində olduğu kimi 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış gizir Ağayev İlkin Tehran oğlunun da doğum gününü unutmayıblar. Millət vəkili və İcra başçısı Körpükənd kəndinə gələrək ölümündən sonra ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən iki medalla təltif edilmiş Vətən igid oğlunun 35 yaşını ailəsi ilə birlikdə qeyd edib ailəsinə səbir diləyiblər.

M.Camalov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək şəhidin valideynlərinə Vətənimiz üçün gərəkli övlad böyütdükləri üçün təşəkkür edib və şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb.

Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, Milli Məclisin deputatı Jalə Əliyeva Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də İlkinin xatirəsinin daim əziz tutulacağını bildiriblər.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan icra başçısı həmin qələbədə payı olan İlkin kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Rayon rəhbəri Şəhidlik zirvəsinə ucalan İlkin təkcə zərdablıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir zərdablı qürur duyduğunu vurğulayıb. “Şəhidlərimizi, onların ailələrini yad etmək bizim vətəndaşlıq borcumuzdur. Bu gün mən də özümə borc bildim ki, qəhrəman gizirimizin doğum gününü sizinlə birlikdə qeyd edim” - deyən icra başçısı şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

Milli Məclisin deputatı Jalə Əliyeva şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edib. Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər birimiz üçün örnək olduğunu bildirib. Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi yaşayacaqlarını söyləyib. Şəhidimizin doğum günündə bugünkü ziyarətin də həmin diqqət və qayğının davamı olduğunu qeyd edib.

Sonra Zərdab rayon İcra Hakimiyyəti başçısı Mərdan Camalov, Millət vəkili Jalə Əliyeva, Səfərbərlik və Hərbi Çağrış üzrə Dövlət Xidmətinin Zərdab rayon şöbəsinin rəisi Asif Əhədov, Başçının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Veyisova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zinhar Bayramov, Gənclər və idman idarəsinin rəisi İlkin Əliyev, şəhidimizin ailə üzvləri ilə birlikdə şəhidimizin doğum günündə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla anıb.

Sonda Şəhid atası Tehran Ağayev şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib və buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə,Birinci vitse-prezident Mehriban Əliyevaya,millət vəkili və rayon rəhbərliyinə minnətdarlığını bildirib.

“Oğlum İlkin hər zaman bizimlədir. O, daim bizim qəlbimizdədir”, - deyən şəhid atası oğlu və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib.

Qeyd edək ki, şəhid Ağayev İlkin Tehran oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə