Bayden-Putin görüşündən gözləntilər POLİTOLOQDAN ƏTRAFLI ŞƏRH

"Putin və Bayden görüşünün nə zaman baş tutacağı barədə biz artıq məlumatlıyıq və bu haqda informasiyaların mediada yer aldığının şahidiyik". Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Samir Hümbətov deyib.

Politoloqun sözlərinə görə, ilk təşəbbüs Rusiya tərəfindən gəlsə də, əvvəlcə Bayden tərəfindən ciddi bir cavab olmayıb və daha sonra isə Amerika tərəfindən bu barədə Rusiyaya təklif gəlib.

“O zaman ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putini bir növ təhqir etmişdi və həmin ərəfədə bir də görüş təklifi olundu və bu görüşə də isti yanaşılmadı, amma ümumilikdə götürəndə, dünya siyasətində, ümumiyyətlə, siyasətdə belə bir qayda var ki, şəxsi münasibətlər dövlət maraqlarına, dövlət siyasətinə təsir edə bilməz. Yəni, şəxsi münasibətlərdə nə qədər gərginlik olsa da, dövlətin maraqları naminə görüşüb, danışıb məsələləri müzakirə etmək birinci şərtdir. Hesab edirəm ki, həm Rusiya, həm də ABŞ prezidentləri bu kontekstdən yanaşıblar məsələyə və məsələnin müzakirəsi də bunun üzərindən aparılır.

Putin və Baydenin görüşünə gələndə, hansı məsələlər müzakirə oluna bilər, hansı məsələlər ətrafında fikir mübadiləsi gedə bilər, biz bu müzakirələri təbii ki, ehtimallar üzərindən apara bilərik. Ehtimallar belə olsa da, bu, mətbuatda zaman-zaman yayılan fikirləri əhatə edir. Məsələni üç qrupa bölmək olar. Bunu birincisi siyasi kontekstdə, ikincisi iqtisadi kontekstdə, üçüncüsü isə təhlükəsizlik kontekstində müzakirə edə bilərik.
Siyasi kontekstdə təbii ki, ölkələr arası münasibətlərin inkişafı, yaxud ölkələr arasında baş verən proseslərin ikili münasibətlərə təsirləri kimi mövzu ətrafında ola bilər. Eyni zamanda, regional məsələlərdə Rusiya və ABŞ-ın münasibətlərinin aid edilməsi, orada hansı bölgədə Rusiya və ABŞ-ın maraqları toqquşur, hansında üst-üstə düşür, bu məsələlərin müzakirəsi ola bilər.

İqtisadi kontekstdə yanaşanda məsələyə, təbii ki, bildiyimiz kimi, Rusiyaya ABŞ-ın ciddi sanksiyaları var və bu sanksiyaların zaman-zaman daha da artması müşahidə olunur. Nəzərə alsaq ki, Donald Trampın dövründə ABŞ-ın ciddi basqısı ilə Rusiyanın Şimal axını-2 lahiyəsi dayandırılmışdı, hətta onun, lahiyənin böyük bir qismi gerçəkləşdirilsə də artıq bu dayandırılmışdı və ABŞ-ın təzyiqi ilə Avropa ölkələri, xüsislə Qərbi Avropa ölkələri lahiyədən çəkinməyə başlamışdı. Hesab edirəm ki, iqtisadi sanksiyalarla bağlı müzakirələrin olması ehtimalı daha çoxdur. Çünki ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Rusiyanın əsas, aparıcı iqtisadiyyat ruporunu demək olar ki, ağır vəziyyətə salmışdı. Yəni, burada söhbət neft-qaz məhsullarından gedir və bu, Rusiyanın neft-qaz satışına ciddi təsir etmişdi. Eyni zamanda bildiyimiz kimi, Rusiya dünyada silah satışına görə ikinci yerdə dayanır və atılan addımlar hətta Rusiyanın silah bazarına da ciddi təsir göstərmişdi. Bu məsələlərin müzakirəsi də gözləniləndir.

Üçüncü müzakirə olunacaq məsələlərin sırasında təbii ki, təhlükəsizlik məsələləridir. Bildiyimiz kimi, regional müstəvidə, yəni, regional mübarizədə ABŞ və Rusiya arasında əl çəkilməyən regionlar var ki, bunlar həm ABŞ, həm də Rusiya üçün ciddi mübarizə meydanıdır. Bunlardan birincisi, təbii ki, Ukraynadır. Ukrayna məsələsi onlar üçün olduqca önəmlidir. Yəni, ABŞ, xüsusən də Baydenin hakimiyyəti dövründə Ukrayna ilə münasibətləri ciddiləşdirməyə çalışır. Baxmayaraq ki, yaxın vaxtlarda Bayden Şimal axını-2 layihəsinin icrası ilə bağlı tapşırıqlar vermişdi ki, çox şirkətləri sıxmasınlar. Görünür ki, bu da Rusiya lideri ilə görüşdə özünə bir üstünlük qazanması üçün olan haldır. Amma ümumilikdə, ABŞ-ın Ukraynadan əl çəkmək niyyətinin olmadığının şahidi ola bilərik. İkinci məsələ burada Belorusiya məsələsidir və bu, xüsusilə qeyd olunmalıdır. Çünki bu günlərdə Belorusiyada vəziyyət qarışıqdır və nəhayət, bir neçə gün öncə Belarusiyada təyyarənin endirilməsi, onun içində ABŞ vətəndaşlarının olması, bu Belarusiyanın vəziyyətini daha da ağırlaşdırır.

Burada üçüncü məsələ, təbii ki, Cənubi Qafqaz məsələsidir. Cənubi Qafqaz onlar, hər iki tərəf üçün çox önəmlidir. Həm ABŞ, həm də Rusiya üçün strateji baxımdan Cənubi Qafraz olduqca önəmlidir və burada onu da demək olar ki, ABŞ və Rusiyanın maraqları toqquşmur və belə demək mümkünsə, üst-üstə düşür. Çünki ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağla bağlı fəaliyyətində ABŞ və Rusiya da daxil olmaqla üç ölkə var və hər üç ölkənin marağındadır ki, Ermənistanın xeyrinə addımlar atılmasına çalışsınlar. Hesab edirəm ki, buna görə də məhz ABŞ və Rusiyanın addımlarını xüsusilə qeyd etməliyik ki, hər iki ölkənin maraqlarının toqquşması deyil, üst-üstə düşməsi ehtimalı daha çoxdur. Eyni zamanda, Gürcüstan məsələsi var ki, ABŞ bununla barışmaq istəmir, təbii ki, Gürcüstanın ərazi bütövlüyünün təmin olunmasını istəyir və bu yöndə də addımlar atmağa çalışır”, politoloq bildirib.

O, qeyd edib ki, digər bir önəmli nöqtə Yaxın Şərq bölgəsidir.

“Liviyada Həftərin dəstəklənməsi bir zamanlar həm ABŞ, həm də Rusiya tərəfindən aparılırdı. Suriya məsələsində ABŞ-la Rusiyanın toqquşması ehtimalı var və müəyyən mənada da toqquşublar, amma indi kürd məsələsində, yəni PKK məsələsində razılığa gəlməyə çalışırlar.

Ən nəhayət, Mərkəzi Asiyada maraqların toqquşması var. Çünki bildiyimiz kimi, ABŞ qərar vermişdi ki, 11 sentyabr tarixinə qədər Əfqanıstandan qoşunlar çıxarılacaq, ərazilər əfqanlara təhvil veriləcək. Təbii ki, bunun hələ real şahidi ola bilmirik. Çünki hələki ABŞ yalnız sözdə bu fikri ifadə edir və əməldə ortada dəqiq bir məsələ yoxdur. Eyni zamanda, Mərkəzi Asiyanın türkdilli dövlətlərinin də artıq son günlər ABŞ yavaş-yavaş diplomatik imkanlarını genişləndirməyə çalışır, baxmayaraq ki, bunların əksəriyyəti Rusiya ilə Təhlükəsizlik Təşkilatına üzv ölkələrdir və bunların fonunda belə həmin regionda Rusiya, ABŞ, Çin toqquşmalarının da şahidi oluruq zaman-zaman.

Hesab edirəm ki, bu tip görüşlərin keçirilməsi, yəni, Rusiya və ABŞ prezidentləri arasında görüşlərin keçirilməsi olduqca vacibdir. Şübhəsiz ki, burada bizim sadalamadığımız müzakirə olunacaq bəzi məsələlər var ki, biz bu görüşdən sonra əməli bir nəticənin şahidi ola bilərik.

Eyni zamanda hesab edirəm ki, Rusiya və ABŞ arasında müzakirtə olunacaq mövzulardan biri də 2016-cı ildə seçkilərdə, ABŞ tərəfinin iddialarına əsasən, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə etməsi məsələsidir. Hesab edirəm ki, bu da diqqətdən kənarda qalmayacaqdır və məhz Rusiyaya qarşı son dövrlər tətbiq olunan sanksiyaların arxasında bu tip məsələlərlə bağlı narazılıqlar durur. Düşünürəm ki, Rusiyaya tətbiq olunan son sanksiyalar bir də məhz bu son seçkilərlə əlaqəlidir.

Zənn edirəm ki, bundan sonrakı mərhələdə artıq baş verəcək prosesləri izləmək daha məqsədəuyğun olacaq ki, biz də oradan nəticə çıxarıb baş verən prosesləri daha uyğun, daha məqbul izləyə bilək”, deyə politoloq Samir Hümbətov əlavə edib və fikirlərini yekunlaşdırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə