“Bu faciənin günahkarları AXC-Müsavat cütlüyüdür”

“Bu faciənin günahkarları AXC-Müsavat cütlüyüdür”

Prezident İlham Əliyev: “Hər kəs bilməlidir, torpaqları satan kimdir, əsarətdən qurtaran kimdir”

Tarixi faktları saxtalaşdırmaq olmaz. Xalqımız 2003-cü ildən bu günə kimi “müxalifət” deyilən qurumun hansı məqsədlərə və kimlərə quluq etdiklərini, ən əsası isə satqınçılıqlarını bilirdi. Və bu gün son 17 ildə Azərbaycan Prezidentinin öz xalqına göstərdiyi qayğı və bütün dünyanı ağuşuna alan koronavirusa qarşı mübarizədə və ən nəhayət, 30 illik torpaq həsrətinə 44 gün ərzində Ali Baş Komandanımızın diplomatik siyasəti, Müzəffər ordumuzun əsgər və zabitlərinin rəşadəti ilə son qoymağı – Böyük Qələbə qazanması, «Biz birlikdə güclüyük!» şüarı ilə bütün uğurlu addımları atdığını xalqımız görür və öz Liderinə inanır. Ancaq həmişə olduğu kimi, bu gün də Prezidentimizin istər siyasi, istər iqtisadi, istərsə də xarici siyasət sahəsindəki bu uğurları isə müxalifəti təşvişə salıb.

Bütün çıxışlarında Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bu gün erməni işğalından azad etdiyimiz torpaqlarımızın işğalçıya verilməsinin səbəbkarları AXC-Müsavat cütlüyüdür. Prezident İlham Əliyev hər zaman vurğulayıb ki, AXC-Müsavat cütlüyünün bu cinayətləri heç vaxt bağışlanılmayacaq və unudulmayacaq. Həmçinin, cinayətkarlar cəzasını çəkəcəklər: «Şuşanın 1992-ci il mayın 8-də itirilməsi böyük faciə idi. Bu faciənin günahkarları AXC-Müsavat cütlüyüdür. Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, o vaxtkı hakimiyyəti yıxmaq üçün bu təxribatı törətdi, Şuşanı faktiki olaraq düşmənə təhvil verdi. O vaxt Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəməsi idi, onların quyruqlarından idi. Şuşanı satan birinci o olmuşdur. Sonra da demişdi ki, mənim günahım yoxdur. Necə sənin günahın yoxdur, satqın, xain. Demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam. Bu günə qədər də bu gülləni çaxmayıb öz satqın başına. AXC-Müsavat cütlüyü öz çirkin niyyətlərinə çatıb. Şuşa və ondan bir neçə gün sonra Laçın rayonunun işğal altına düşməsi nəticəsində o vaxtkı hakimiyyət kənarlaşdırılıb və hərbi çevriliş nəticəsində AXC-Müsavat hakimiyyətə gəlib. Ondan sonra Şuşanı unudub, Şuşanı faktiki olaraq ermənilərə bağışlayıb və sonra digər xəyanət törədib - 1993-cü ilin aprel ayında Kəlbəcəri düşmənə təhvil verib. Günahsız, əliyalın insanları orada tək qoyub, xilas edə bilməyib, qoruya bilməyib. Ondan sonra da nə edib?! Fərarilik edib, qaçıb. Ali Baş Komandan fərari, dövlət katibi fərari, parlamentin sədri fərari, digər fərarilər qaçıb gizləndilər, biri Kələkidə, biri xaricdə. Əgər müharibə dövründə Ali Baş Komandan qaçırsa, bunun adı fəraridir, başqa adı yoxdur. Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır”.

“İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar”

“Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır",-deyən Prezident İlham Əliyev: "Bax, bu gün gəldi. Xatırlayıram, erməni separatçı rejiminin bəzi dırnaqarası nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan "Dağlıq Qarabağ respublikası"nı tanısa və Azərbaycan Dağlıq Qarabağda öz səfirliyini açsa. Görün, nə qədər iyrənc, nə qədər təkəbbürlü ifadələr işlədilib. İndi siçan kimi oturublar, dillərini qoyublar qarınlarına. Bir kəlmə də söz deyə bilmirlər. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq".

“Xarıbülbül" festivalı bir daha onu göstərir ki, biz Şuşaya birdəfəlik qayıtmışıq”

Keçirilən tarixi “Xarıbülbül” festivalında Ali Baş Komandanımız Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, biz Şuşaya birdəfəlik qayıtmışıq: “Əziz Şuşa, iyirmi doqquz ildən sonra 8 mayı azad qarşılayırsan". Uzun illər 8 may tarixini Şuşa şəhərinin işğal günü kimi qeyd edən Azərbaycan xalqı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi iradəsi və Azərbaycan Ordusunun gücü sayəsində ilk dəfə olaraq bu günü sevinclə qeyd edir.

Azərbaycan xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malik olan, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub. Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bundan əlavə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki dağıdılıb, 20 kitabxana yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib, müqəddəs məbəd və məscidlər təhqir edilib.

Ölkənin mədəniyyət beşiyi sayılan Şuşa şəhərinin işğal günü 28 il xalqımız tərəfindən ürək ağrısı ilə qeyd edilib. Dünya azərbaycanlıları daima qəlbində yaşatdığı Şuşanın bir gün azad olunacağı ümidini isə heç bir zaman itirməyib. Buna səbəb xalqın öz liderinə, onun sözlərinə, vədlərinə inanması olub. Xalqın Şuşanın azad olunacağına inamı, məhz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, eləcə də Prezident İlham Əliyevin dəfələrlə çıxışları və müsahibələri zamanı verdiyi vədlərlə daha da artıb. Elə bu inamla verilən vədlərin gerçəkləşməsi nəticəsində Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etməsi xalqın tələbi və çağırışları ilə baş tutub.

Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etməsi ermənilərin kabusuna çevrildi

1993-cü ildən yenidən ölkəyə rəhbərlik edən ulu öndərin Azərbaycanda hakimiyyəti gücləndirməsi Qarabağı müvəqqəti olaraq işğalda saxlamağı bacaran Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün kabusa çevrilmişdi. Ümummilli lider hər bir səfəri, beynəlxalq tədbirlərdə iştirakı, çıxışlarında Qarabağ məsələsini daim diqqətdə saxlayır, işğalçıların mənfur siyasətini dəmir məntiqi ilə ifşa edirdi.

Ulu öndərin layiqli davamçısı Şuşa vəsiyyətini reallaşdırdı

Adını tariximizə, xalqın qəlbinə qızıl hərflərlə yazdırmağı bacarmış Ulu Öndərin qoruyub saxladığı, dirçəldib müstəqil ölkə kimi irəli daşıdığı Azərbaycan bu gün dünyada 21-ci əsrin müharibəsini aparan qalib dövlət kimi tanınır. Heydər Əliyevin vəsiyyəti Dağlıq Qarabağın, Şuşanın yenidən əzəli sahibinə qaytarılması olmuşdu ki, bu tarixi missiyanı onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il uğurla həyata keçirdi.

Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də Şəhidlər Xiyabanından xalqa müraciətində Şuşanın azad olunması müjdəsini verərək Ulu Öndərin vəsiyyətini yerinə yetirdiyini qürurla qeyd etdi: «Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

Sərt güc və yumşaq güc. “Dəmir yumruq” və “ipək yumruq”. Bu iki amilin vəhdəti Şuşanın daim Azərbaycan şəhəri qalmasını təmin edəcək. Çünki belə ruhu sındırmaq mümkün deyil. Və...

Hər kəs etdiyi əməllərin cəzasını çəkəcək

Arzuolunmaz ssenari düzənləmək istəyənlər isə unudublar ki, nə dövlət həmin dövlətdir, nə cəmiyyət! İndi dövlət cox güclüdür, cəmiyyət isə ağı-qaradan seçə bilir. Əldə olunan nailiyyətlər sırasında təhlükəsizlik, güclü ordu, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah öndə gəlir. Son illər cəbhədə düşmənə verilən cavab, bir qarış olsun belə torpaq verməmək, əksinə yeni mövqelər əldə etmək məhz bu gücün real göstəricisidir. Və bu satqın, erməniyə nökərçilik edənlər anlamalıdır ki, Azərbaycanın güclü ordusu var və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə qadirdir və buna da nail oldu.

Ancaq 28 il «müxalifətdəyəm» deyən əqidəsi, məsləki satqınlıq olan AXCP sədri Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Sevinc Osmanqızı, Vidadi İskəndərli, Arif Məmmədov... kimilər necə ki, iş çətinə düşən kimi, «dövlətin yanındayıq» (vəziyyət stabilləşən kimi olurlar iblislər-R.H.) deyən bu dələduzlara dövlət başçımızın : «Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir» çağırışı bu ünsürlərə ciddi mesaj, eyni zamanda, dərs olmalıdır».

Həmçinin, onlar bilməlidirlər ki, torpağı, Vətəni satanları xalq heç vaxt bağışlamayacaq və xalqın qarşısında mütləq cavab verməli olacaqlar – özü də Azərbaycan xalqı və qanunları qarşısında!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə