“Şuşanın Azərbaycanın Mədəniyyət Paytaxtı adlandırılması qürur hissi doğurur” KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə Şuşa Azərbaycanın Mədəniyyət Paytaxtı adlandırılıb və bu hər bir ölkə vətəndaşında qürur hissi doğurur. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri vurğulayıb ki, Şuşa tarixən Azərbaycana çox yüksək səviyyəli incəsənət xadimləri, alimlər, musiqiçilər bəxş edib və Azərbaycanın başının tacı kimi ölkəmizin vüqar, qürur mənbəyinə çevrilib.
"Şuşa tarixən başıbəlalı bir şəhər olub, daim düşmənlərin diqqətini cəlb edib və düşmənlər tərəfindən dəfələrlə Şuşaya hücumlar olunsa da şuşalılar özlərinin qürurlarını, öz vüqarlarını göstərərək bu gözəl şəhəri düşmənə təslim etməmişlər. Çox təəssüflər olsun ki, erməni faşistləri öz havadarlarının köməyi ilə Şuşanı zəbt etdilər və bu şəhər 29 il işğal altında inlədi. Bu illərdə Azərbaycan vətəndaşının hər birinin qəlbi Şuşa ilə bir döyündü. Ulu Öndərimiz hələ sağlığında Şuşanın geri qaytarılmasına dəfələrlə cəhdlər göstərərək, beynəlxalq tribunalarda bu məsələni, Azərbaycanın haqq səsini qaldırdı, lakin ermənilərin bütün dünyada olan havadarları buna imkan vermədilər. Çox sevindirici haldır ki, Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan özünün qətiyyəti ilə, yürütdüyü düşünülmüş siyasətlə, Azərbaycan Ordusunun gücü ilə, xalqımızın birliyi sayəsində Şuşanı azğın düşməndən azad etdi və 8 noyabr bir zəfər günü kimi bizim tariximizə daxil oldu. Bu, Şuşanın işğaldan azad olunması günüdür, həm də bizim qələbə günümüz, zəfər günümüz kimi tarixə yazılıb. Ölkə rəhbərinin bir neçə dəfə Şuşaya səfəri, hörmətli Mehriban xanım Əliyevanın, qızları Leyla Əliyevanın Şuşaya səfərləri zamanı bu şəhərin yenidən qurulması ilə əlaqədar irəli sürülən çox böyük layihələr Azərbaycan xalqının əzmindən, qürurundan, Şuşaya olan məhəbbətindən qaynaqlanır. Ölkə rəhbəri öz çıxışlarında dəfələrlə deyirdi ki, biz gec-tez bayrağımızı Şuşada dalğalandıracayıq. O, dediyinə əməl etdi, Şuşa azad olundu və ilk dəfə olaraq bu il, ölkəmizin rəhbəri Novruz Bayramı günündə Mehriban xanım Əliyeva və qızları Leyla xanım Əliyeva ilə birlikdə Şuşada bayram tonqalı alovlandırdılar. Bu alov hər bir azərbaycanlının qəlbini isitdi və nəinki Azərbaycanı, bütün türk dünyasını sevindirdi. Bu gün Şuşada çox möhtəşəm işlərin təməli qoyulub. Çünki, Şuşa tarixən bizim mədəniyyət paytaxtımız, mədəniyyət mərkəzimiz olub və bu şəhərin bərpa olunması, tarixi abidələrin, dini abidələrin yenidən öz əvvəlki vəziyyətinə qaytarılması bir vəzifə kimi qarşıya qoyulub və bu istiqamətdə çox böyük işlər görülür. Hər birimizə yaxşı məlumdir ki, Şuşada çox məşhur olan, tarixi əhəmiyyət daşıyan muzeylər, kitabxanalar, dini abidələr mövcud olmuşdur. Təəssüflər olsun ki, bu illər ərzində həmin dini, mədəni abidələr ermənilər tərəfindən tamamilə məhv edilmiş və bir çoxları tarixdən silinmişdir. Ancaq ölkə rəhbərinin qətiyyətli addımları, verdiyi vədlər göstərir ki, Şuşa tez bir zamanda dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək və dövlətimizin başçısının dediyi kimi, Şuşa cənnətə çevriləcək, buna heç bir şübhə ola bilməz. Bu gün Horadiz-Şuşa yolunun çəkilməsi, Şuşada bir çox tədbirlərin həyata keçirilməsi və bu şəhərdə festivalların keçirilməsi, dünyaya bir mesajdır. Belə bir mesajdır ki, Azərbaycan qüdrətlidir, xalqımız əzəmətlidir, Azərbaycan Prezidenti xalqın, torpağın, vətənin uğrunda mübarizə aparmağa qadirdir və hər bir vəchlə Azərbaycan torpağının qorunması, mühafizəsi üçün Azərbaycan xalqının əzmi kifayət edir. Ona görə də biz hər birimiz ölkə rəhbərinə minnətdarıq. Minnətdarıq ki, o bizim başımızın tacı, Azərbaycanını ən unikal, ən gözəl yaşayış məskənlərindən biri olan Şuşanı Azərbaycanın Mədəniyyət Paytaxtı adlandırır. Nəinki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olacaq, elə bilirəm ki, o dünyanın ən gözəl şəhərlərindən və ən tanınan mədəniyyət mərkəzlərindən biri kimi ölkəmizə bundan sonra uzun illər şöhrət gətirəcək və xalqımızın nəyə qadir olduğunu, Azərbaycan mədəniyyətinin hansı yüksək səviyyədə dayandığını bir daha nümayiş etdirəcəkdir", deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB