Naxçıvanın rayonlarında Qələbənin 76-cı ildönümü münasibətilə tədbirlər keçirilib

1941-1945-ci illər İkinci Dünya müharibəsində qazanılan tarixi qələbənin 76-cı ildönümü muxtar respublikamızın rayonlarında da qeyd olunub.

Şərur rayonu

Şərur rayonunun ictimaiyyət nümayəndələri rayon mərkəzində İkinci Dünya müharibəsi veteranlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Alman faşizminə qarşı müharibədə Şərur rayonundan ordu sıralarına 4 min 7 nəfər səfərbər edilib, onlardan 1789 nəfəri həlak olub, yaxud itkin düşüb. Hazırda rayonda İkinci Dünya müharibəsi veteranlarının 3-ü həlak olmuş müharibə veteranlarının 44 nəfər dul arvadı, 48 nəfər arxa cəbhə veteranı yaşayır. Onlar bu gün hərtərəfli dövlət qayğısı əhatəsindədirlər. Ümummilli Liderimiz tərəfindən əsası qoyulmuş bu siyasət bu gün də davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə İkinci Dünya müharibəsi veteranlarına yüksək təqaüdlər verilir, onlar pulsuz minik maşınları ilə təmin olunurlar. Veteranların sağlamlıqları, reabilitasiyası diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, şərurlular Azərbaycan Vətən müharibəsində də qəhrəmanlıqlar göstərib, onlardan 88 nəfəri şəhidlik zirvəsinə yüksəlib.

Babək rayonu

Babək rayonunda İkinci Dünya müharibəsində alman faşizmi üzərində qazanılan Qələbənin 76-cı ildönümü münasibətilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də müharibə veteranları iştirak ediblər. Müharibədə həlak olmuş babəklilərin xatirəsinə rayon mərkəzində ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, qəhrəman övladlarımızın, şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

1941-1945-ci illərdə Babək rayonundan 1275 nəfər müharibəyə yollanıb, onlardan 1058-i qəhrəmancasına həlak olub, bir çoxu müxtəlif orden və medallarla təltif edilib. Xalqımız ata-babalarımızın yenilməz, mübariz ruhunu bu gün də yaşadır. Erməni faşizmi üzərində qazandığımız tarixi Qələbə bunu bir daha sübut edir. Vətən müharibəsində Babək rayonundan olan 16 igid şəhidlik zirvəsinə ucalıb.

Ordubad rayonu

Qələbənin 76-cı ildönümünə həsr olunmuş tədbirdə ordubadlılar 1941-1945-ci illər müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış Xatirə kompleksini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar.

Builki Qələbə bayramı çox əlamətdar bir dövrə təsadüf edir. Belə ki, ötən il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi tariximizə qızıl hərflərlə yazılıb. İgid Vətən oğulları öz şücaətləri ilə İkinci Dünya müharibəsində qalib olmuş ata-babalarının layiqli davamçıları olduqlarını sübut etdilər.

İkinci Dünya Müharibəsi zamanı Ordubad rayonundan cəbhəyə 3387 nəfər yollanıb, əksəriyyəti qanlı döyüşlərdə qəhrəmancasına həlak olub. Bu Vətən övladlarının xidmətləri hər bir zaman dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 29 aprel tarixli Sərəncamına əsasən bu il də muxtar respublikada 1941-1945-ci illər müharibə iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə birdəfəlik maddi yardım verilməsi Ordubad rayonunda da təmin olunub.

Culfa rayonu

İkinci Dünya müharibəsində alman faşizmi üzərində qazanılan Qələbənin 76-cı ildönümü münasibətilə Culfa rayonunda keçirilən tədbirdə həlak olmuş culfalıların xatirəsinə rayon mərkəzində ucaldılmış abidə ziyarət olunub. Bu müharibədə Culfa rayonundan 1181 nəfər şücaət göstərib, onlardan bir çoxu müxtəlif orden və medallarla təltif edilib. Muxtar respublikada müharibə veteranları yaşayış mənzilləri, fərdi nəqliyyat vasitələri ilə təmin edilir, sanatoriya-kurort müalicəsinə göndərilir. Böyük Vətən müharibəsi iştirakçılarının müharibədə göstərdikləri misilsiz şücaət bugünkü gənclərimiz üçün bir qəhrəmanlıq nümunəsinə çevrilib. Məhz ordumuzun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə, gənclərimizdə olan vətənpərvərlik ruhunun bariz nümunəsidir.

Kəngərli rayonu

Alman faşizmi üzərində tarixi Qələbənin 76-cı ildönümü ilə əlaqədar Kəngərli rayonunun idarə, müəssisə və təşkilatlarının rəhbərləri Qıvraq qəsəbəsində 1941-1945-ci illər müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. İkinci Dünya müharibəsində Kəngərli rayonundan olan Vətən oğulları da mərdliklə vuruşublar. Hazırda Kəngərli rayonunda 1 İkinci Dünya müharibəsi veteranı, bu müharibədə həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin 17 dul arvadı, 10 arxa cəbhə veteranı yaşayır. Bu da xüsusilə vurğulanmalıdır ki, 6 ay bundan əvvəl xalqımızın zəfər qazandığı 44 günlük Vətən müharibəsində Kəngərli rayonundan olanlar da əsl qəhrəmanlıq göstərərək adlarını tariximizin yaddaşına əbədilik yazıblar. Azadlıq mücadiləsində Kəngərli rayonundan 24 nəfər şəhid olub. Bu gün rayonda həm II Dünya müharibəsi, həm də Vətən müharibəsi qəhrəmanların, onların ailələrinə hərtərəfli dövlət qayğısı göstərilir.

Şahbuz rayonu

Alman faşizmi üzərində qazanılan tarixi Qələbənin 76-cı ildönümü münasibətilə keçirilən tədbirdə Şahbuz rayonunun idarə, müəssisə və təşkilat nümayəndələri 1941-1945-ci illər müharibəsində iştirak edən qəhrəman oğulların xatirəsinə yaradılmış "Ana" Abidə Kompleksinin önünə tər qərənfillər düzüblər. Şahbuzlular da müharibədə qəhrəmancasına döyüşüb, Qələbənin qazanılmasına öz töhfələrini veriblər. Ölkəmizdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərilir. Bu diqqət və qayğının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. 1941-1945-ci illər müharibəsində şərəfli döyüş yolu keçən oğul və qızlarımızın tarixi şücaətlərini, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətlərini Azərbaycan xalqı heç vaxt unutmayacaqdır.

Sədərək rayonu

Çoxlu tarixi hadisələrin şahidi olan, düşmənlə bir addımlıqda ayıq-sayıq dayanan sərhəd bölgəmiz Sədərəyin sakinləri də 1941-1945-ci illər müharibəsində alman faşizminə qarşı mübarizədə böyük qəhrəmanlıq göstəriblər. Müharibədə Sədərək kəndindən 462 nəfər iştirak edib. Onların 263 nəfəri qəhrəmancasına həlak olub. Qələbənin 76-cı ildönümü münasibətilə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları, rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarının əməkdaşları Sədərək kəndindəki Şəhidlər xiyabanına gedərək burada İkinci Dünya Müharibəsi iştirakçılarının əziz xatirəsinə ucaldılan abidənin önünə və burada uyuyan türk əsgərinin məzarı üstünə gül dəstələri qoyublar.

İkinci Dünya müharibəsində sədərəklilərin göstərdikləri igidlikləri onların övladları ötən ilin Azərbaycan Vətən müharibəsində göstərdilər. 44 gün davam edən Vətən müharibəsində dastan yazan 8 sədərəkli gənc həmin döyüşlərdə atalardan oğullara qalan qəhrəmanlığı, mübarizliyi Vətən təəssübkeşliyini bir daha nümayiş etdirib. Həmin gün onlar da böyük sevgi və ehtiramla anılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə