Heydər Əliyev və Azərbaycan: möhtəşəm inkişaf erasına doğru

YAP Xızı rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan tədbir keçirib

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə YAP Xızı rayon təşkilatında tədbir keçirilib. Tədbirdə YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev çıxış edərək bildirib ki, o xalq xoşbəxtdir ki, taleyinin həlledici məqamlarında meydanda insanları ardınca aparacaq, hadisələrə güclü təsir göstərəcək övladı olur: “Bu, real faktordur ki, tarix şəxsiyyətləri deyil, şəxsiyyətlər tarixi yaradır! Vətənə, xalqa, ulu öndərimiz Heydər Əliyevin ideyalarına, Prezident İlham Əliyevin siyasi kursuna sədaqət dinamik inkişafın etibarlı təməlidir. XX əsr Azərbaycan tarixinin ən qüdrətli dövlət xadimi, dahi şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsi tək bu əlamətdar günlərdə deyil, bütün zamanlarda xüsusi minnətdarlıq və ehtiramla anılır. Mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, xalqına təmənnasız xidmətə həsr etməklə əbədiyaşarlıq rəmzinə çevrilən ulu öndər haqlı olaraq dünyanın ən böyük azərbaycanlısı olaraq qədirbilən xalqımızın güvənc yeri olacaqdır».

F.Haqverdiyev onu da vurğulayıb ki, bütün ömrünü xalqının firavanlığına, Azərbaycan dövlətinin inkişafına həsr edən Ulu Öndər Heydər Əliyev xalqın çətin anında - 1993-cü il iyunun 15-də xalqın çağırışına biganə qalmadığını deyib: «Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram» - deyərək bəyan etdi: «Qısa müddətdə bir neçə istiqamətdə yorulmadan çalışaraq ölkəni məhv olmadan, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin taleyinin yaşanmasından xilas etdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri saysız-hesabsızdır. Ən böyük xidmətlərindən biri Azərbaycanın müstəqilliyini əbədiliyə və dönməzliyə çevirən, dövləti daim tərəqqi və inkişaf yolu ilə aparan, xalqın rifahının durmadan yüksəlməsini təmin edən siyasi kursun hazırlanmasıdır. Heydər Əliyev rəhbərliyinin bütün mərhələlərində Azərbaycan xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamışdır. Özünün zəngin və mənalı həyatı boyu daim öz xalqını, doğma vətənini düşünmüş, onu üzləşdiyi çətinliklərdən xilas etmək üçün böyük fədakarlıqlar göstərmişdir. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, dünyada qüdrətli bir ölkə kimi təşəkkülü üçün Heydər Əliyevə borcluyuq. Onun polad iradəsi və qətiyyəti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi ucaldılıb”.

YAP Xızı rayon təşkilatının sədri onu da vurğulayıb ki, bu gün fəxrlə qeyd edirik ki, müstəqil Azərbaycanın dünyada demokratik, hüquqi, dünyəvi dövlət kimi tanınması Ümummilli Liderimizın uğurlu siyasi kursunun davam etdirilməsinin nəticəsidir: «Bu gün əminliklə demək olar ki, Azərbaycanın siyasi suverenliyinin, iqtisadi müstəqilliyin əsası məhz 70-80 –ci illərdə qoyulmuş möhkəm təmələ, güclü intellektual və iqtisadi potensiala söykənir. Bu potensial müstəqillik illərində daha da qudrətli Azərbaycan dövlətinin yaradılmasına güclü təkan vermişdir.

Qısa bir zaman kəsiyində iqtisadi tənəzzülün qarşısını alan Heydər Əliyev ölkəmizin davamlı, dinamik inkişafı istiqamətində də islahatlar həyata keçirdi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması, 1995-ci ilin noyabrında ilk Konstitusiyasının qəbul edilməsi, 1998-ci ildə ölün hökmünün ləğv edilməsi, aqrar - islahatların aparılması, 2001-ci ilin yanvarında Müstəqil respublikamızın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin, Bakı-Tbilisi- Ərzurum qaz kəmərinin cəkilməsi, bərpa olunan qədim İpək Yolu Qərblə Şərqi, Şimalla Cənubu həm dəmiryolu xətti ilə, həm də avtomobil yolları ilə sıx birləşdirən layihələr həyata keçirildi. Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də canının, qanının bir parçası olan, gələcəyinə özü qədər inandığı ölkə başçısı və YAP-ın sədri, hər bir azərbaycanlının Prezidenti olmağı bacaran İlham Heydər oğlu Əliyev oldu. Prezident İlham Əliyev ölkəyə rəhbərliyə başladığı ilk gündən 2003-cü ilin oktyabrından daim Heydər Əliyev siyasi kursuna sədaqətini nümayiş etdirmiş, xalqın etimadını əməli fəaliyyəti ilə doğrultmuşdur. Xalqımız və müstəqil dövlətimiz üçün alternativsiz olan bu siyasi kurs dövlət başçısının uğurlu fəaliyyətinin başlıca amilidir.

Tədbirdə YAP Xızı rayon təşkilatının İdarə Heyətinin üzvləri Svetlana Rüstəmova, Oqtay Abdullayev, Bəhdaş Nəbiyev digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən danışaraq bildiriblər ki, qədirbilən Azərbaycan xalqının qəlbində Dahi Liderimiz əbədi olaraq daim yaşayacaqdır.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...