"Ümummilli Lider irsinin təbliği hər zaman medianın diqqətində olub" BAŞ REDAKTOR İZAH ETDİ

“Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin təbliği hər zaman medianın diqqətində olub. Artıq Ulu Öndərin fəaliyyəti, dövlətimizin müstəqilliyinin qorunması və inkişafı ilə bağlı materialların mütəmadi olaraq dərc edilməsi mediamızın fəaliyyətinin ayrılmaz tərkib hissəsidir”. Bunu SİA-ya “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.

Onun sözlərinə görə, mətbuat orqanlarının bu məsələyə daha geniş yer ayırması və gənc nəslin, oxucuların maarifləndirilməsi işinə töhfələr verməsi arzuediləndir: “Sözügedən istiqamət üzrə istər ölkə daxilində, istərsə də sərhədlərimizdən kənarda Azərbaycan həqiqətlərinin müvafiq auditoriyaya çatdırılması bir zərurətdir. Çünki Ulu Öndər Heydər Əliyev irsi o qədər zəngindir ki, Onun fəaliyyəti ilə bağlı aparılan araşdırmalar zamanı hər dəfə yeni-yeni faktlar, məqamlar ortaya çıxır. Bu səbəbdən, xüsusilə də, gənclərimiz Ümummilli Liderin fəaliyyəti, azərbaycançılıq ideologiyası, milli və mənəvi dəyərlərimizlə daha yaxından tanış olmalıdırlar. Bu məsələdə əsas iş təbii ki, medianın üzərinə düşür. Mətbuat olaraq biz də Dahi Şəxsiyyətin fəaliyyətini hər zaman araşdırmalı, təbliğ etməli, öyrənməli və öyrətməliyik”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə