"Paşinyan erməni xalqını ovundura bilmir" POLİTOLOQDAN AÇIQLAMA

"Ermənistanda seçki öncəsi siyasi hərarət qalxmaqda davam edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Onun sözlərinə görə, seçki yaxınlaşdıqca Paşinyanın reytinqi aşağı düşə bilər: "Gallup" şirkətinin keçirdiyi sonuncu sosioloji sorğu bu fikrimizi təsdiqlədi. Belə ki, sorğu zamanı rəyi soruşulanların 27,2 faizi Nikol Paşinyanın blokunu dəstəklədiyini bildirib. Mart ayında isə bu göstərici 31,7 faizə bərabər olmuşdu. Belə bir göstəricinin ortaya çıxması Ermənistanda hökm sürən gərgin sosial-iqtisadi vəziyyətdən qaynaqlanır. Müharibənin yaratmış olduğu xaos getdikcə daha da dərinləşir. Paşinyanın populist vədləri isə artıq səfalət içində olan erməni xalqını ovundura bilmir. Gedişat onu göstərir ki, səsvermə yaxınlaşdıqca Paşinyanın reytinqi daha da aşağı düşə bilər. Bu isə Paşinyanın təkbaşına hakimiyyət qurmaq xəyallarının üstündən xətt çəkəcək. Seçkilərdən sonra formalaşacaq koalisiyalı hakimiyyətin tərkibində isə kimlərin olacağı barədə konkret proqnoz vermək çətindir".

Politoloq həmçinin qeyd edib ki, Ermənistan seçki məcəlləsinə görə, parlamentdə mandata sahib olmaq üçün partiyaların minimum 5, blokların isə minimum 7 faizlik baryeri keçməsi lazımdır: "Təəssüf ki, Azərbaycan xalqına qarşı amansız əməlləri ilə tarixə bir qara ləkə kimi düşən müharibə canisi Robert Koçaryanın Ermənistan parlamentində təmsil olunma ehtimalları çoxdur. O, yəqin ki seçkiyə hansısa blokun tərkibində gedəcək. Bu baxımdan, onun Parlamentə düşməsi üçün təmsil olunduğu blokun seçkilərdə minimum 7 faiz səs toplaması lazımdır. Böyük ehtimalla bu, mümkün olacaq. Çünki keçirilən sosioloji sorğular onu göstərir ki, təkcə Koçaryanın öz reytinqi 5 faizin üstündədir. Səsvermə gününə qədər isə onun reytinqin yüksələcəyi istisna deyil. Başqa bir maraqlı ehtimal isə seçkilərin nəticələrinin tanınması ilə bağlıdır. Koçaryan artıq seçkidə küçə mübarizəsinin qaçılmaz olduğunu bəyan etdi. Bu anons seçki sonrası yeni bir xaosun meydana gələ biləcəyindən xəbər verir".

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə