Bakı Kiyev və Moskva danışıqları üçün ən münbit məkandır ANALİTİK+AKTUAL

Nataliya Belous: “Bir çoxları beynəlxalq danışıqların keçirilməsi üçün Azərbaycanın münbit ölkə olması ilə razıdırlar”

Artiq bir neçə həftədir ki, Ukraynada Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Vladimir Zelenski arasında görüş mümkünlüyü barədə fikirlər səsləndirilməkdədir. Hətta Vatikan da daxil olmaqla görüş yerlərinin mümkün variantları barədə də ehtimallar səsləndirilir. Eyni zamanda, Ukraynanın dövlət başçısı öz ofisinin rəhbəri Andery Yermaka Putin administrasiyası ilə əlaqə qurmağı, görüş tarixinin vaxtını, şəhəri müəyyən etməyi də tapşırıb. Bu isə göstərir ki, artıq danışıqların aparılması əhəmiyyətlidir. Ukrayna XİN-nin rəhbəri Dmitri Kulebanın sözlərinə görə, əhəmiyyət ondan ibarətdir ki, görüşdə Ukraynada müharibənin başa çatması, həmçinin ərazilərinin işğaldan azad edilməsi kimi məsələlər dayanmaqdadır.

“Hərbi münaqişə bizim qonşularımızın da həyatına təsir göstərir və mən inanıram ki, heç kim dünya müharibəsinə çevrilə biləcək iri miqyaslı müharibədə maraqlı deyil”

SİA xəbər verir ki, mövzu ilə bağlı rusdilli caliber informasiya analitik resursuna danışan ukraynalı politoloq Nataliya Belousa görə Ukraynada belə görüşü çoxdandır ki, gözləyirlər. SİTAT: “Müharibəni, ölkənin şərqində baş verən hərbi təxribatları dayandırmaq lazımdır. Ukraynanın ərazi bütövlüyü bərpa edilməlidir. Bu, həmçinin Şərqi Avropanın təhlükəsizliyi məsələsidir. Hərbi münaqişə bizim qonşularımızın da həyatına təsir göstərir və mən inanıram ki, heç kim dünya müharibəsinə çevrilə biləcək iri miqyaslı müharibədə maraqlı deyil”.

“Azərbaycanın həm Ukrayna, həm də Rusiya ilə yaxşı münasibətləri var”

Onun sözlərinə görə, Ukraynanın ekspertlər ortamında Ukrayna və Rusiya liderlənin Bakıda keçirilə biləcək görüşlərinə də baxılır. “Bir çoxları beynəlxalq danışıqların keçirilməsi üçün Azərbaycanın münbit ölkə olması ilə razıdırlar. Siyasi nöqteyi-nəzərdən Azərbaycan neytral ölkədir. Bakının Ukrayna ilə yaxşı münasibətləri var. Xatırlada bilərəm ki, Azərbaycan Ukrayna üçün strateji partnyordur. Azərbaycanın Ukrayndakı diasporası isə böyükdür və Vladimir Zelenskinin siyasətinə müsbət cəhətdən kökləniblər. Bununla yanaşı, Azərbaycanın Rusiya ilə düzgün münasibətləri var”, deyə Nataliya Belous bildirib.

“Bakının neytral mövqeyində dayandığına görə nəticələr əldə ediblər, bununla yanaşı, Azərbaycan Qoşulmama Hərəkatının iştirakçısıdır və hazırda struktura rəhbərlik edir”

Ekspert həmçinin vurğulayıb ki, Azərbaycanın danışıqlar aparmaqda kifayət qədər təcrübəsi var. SİTAT: “Bakı dialoqlar üçün dəfələrlə meydan olub. Burada amerikal və rusiyalı yüksək hərbi rütbəli şəxsləri görüşlər keçiriblər, Bakının neytral mövqeyində dayandığına görə nəticələr əldə ediblər, bununla yanaşı, Azərbaycan Qoşulmama Hərəkatının iştirakçısıdır və hazırda struktura rəhbərlik edir. Eyni zamanda, Azərbaycan coğrafi cəhətdən də uğurlu yerdə yerləşir”.

“Minsk, London, Vyana, Vatikan Ukrayna-Rusiya arasındakı danışıqlar üçün elə də uğurlu yerlər sayıla bilməz. Çünki fərqli faktorlar var və onlar arasında tərəfləri anlamaq, baş verən hadisələri dərk etməmək kimi məsələlər də var. Mən Azərbaycanın neytrallığı məsələsi ilə razıyam və bu, Bakını diplomatik təşəbbüslər, Kiyev-Moskva arasındakı dialoq üçün ən yaxşı məkan olduğunu göstərir”, deyə ukraynalı ekspert bildirib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə