"Əlimdən nə gəlirsə edəcəm" HULUSİ KILIÇ AÇIQLADI

"Əlimdən nə gəlirsə edəcəm" HULUSİ KILIÇ AÇIQLADI

"İkinci Qarabağ Müharibəsi zamanı edilən müharibə cinayətləri, Gəncədə dinc əhalilərin üzərinə atılan raketlərin nəticələri və s. araşdırılacaq". Bu sözləri SİA-ya açıqlamasında sabiq Türkiyə səfiri Hulusi Kılıç deyib.

Sabiq səfirin sözlərinə görə bu cinayətlər araşdırılmalıdır: "Bərdəyə və Gəncəyə iki dəfə eyni zamanda Mingəçevirə atılan raketlər bunların hamısı cinayətdir. Mülki vətəndaşın üzərinə qadağan olunmuş raketləri göndəriblər. Gəncə, Mingəçevir, Xızıya qadağan olunmuş raket atmaq müharibə cinayəti hesab olunur. 100-dən çox mülki sakin şəhid olub. Bunlar hamısı araşdırılacaq və dünya ictimaiyyətinə təqdim olunacaq. Eyni ilə istintaq müddətində və məhkəmələrdə də sübut kimi təqdim olunacaq".

Hulusi Kılıç bildirib ki, "Qarabağda savaş suçlarının araşdırılması komissiyası" yaradıldı: "Komissiya Dünya Türk Yazarlar Birliyinin başqanı Salih Kurt və İslam ölkələri Alimlər Birliyinin ümumi başqanı Bayram Altan tərəfindən qurulub. Hal-hazırda komissiyanın 110 üzvü və 30 ölkədən də təmsilçiləri var. Komissiyada Türkiyə və Azərbaycandan da nümayəndələr var. Qeyd edim ki, mən komissiyaya çox məmnuniyyətlə qatıldım. Mənim üçün can Azərbaycanımıza yeni xidmət qapısı açıldı. Burada əlimdən nə gəlirsə edəcəm. Komissiyanın fəaliyyəti üçün dəstək verəcəm. Bununla bərabər komissiyanı çox önəmsəyirəm. Komissiyada dünyanın bir çox ölkələrindən bir çox akademiklər, hərbi ekspertlər, yüksək məhkəmə sədrləri, sabiq səfirlər var. Ona görə də bu çox vacib bir komissiya oldu. Komissiya pandemiya ilə bağlı olaraq, yay aylarında fəaliyyətə başlayacaq. Mən bu komissiyanın xeyirli olmasını diləyirəm. Etdikləri əməllərin cavablarını alacaqlar və biz ədalətin bəqərar olmasını istəyirik. Təəssüflər olsun ki, Xocalıya ədalət hələ də tapa bilməmişik. Ümid edirəm ki, tez bir zamanda Xocalıya da ədalət tapacayıq. Nəticədə İkinci Qarabağ Müharibəsi zamanı edilən müharibə və insani cinayətləri ortaya çıxacaq. Ayrıca tarixi, dini, mədəniyyət abidələrinə də verilən zərərlər də diqqətdə saxlanılacaq. Mühitə, təbiətə verilən zərərlər cinayətdir. Məscidlərin, tarixi abidələrin dağıdılması bunlar da bir suçdur. Bunlar ortaya çıxacaqdır".

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə