Ermənistanın beynəlxalq konvensiyalara zidd qanunsuz əməlləri ŞƏRH

Ermənistanın beynəlxalq konvensiyalara zidd qanunsuz əməlləri ŞƏRH

Azərbaycan tarixin müxtəlif dönəmlərində torpaq itkilərinə, humanitar fəlakətə və böyük dağıntılara məruz qalıb. Sarsıdıcı zərbələr yaşayan Azərbaycanın iki yüzillik tarixində baş verən bu hadisələr ermənilərin bizim torpaqlar hesabına "Böyük Ermənistan" yaratmaq istəyinə nail olmaq məqsədi daşıyıb. Tarixdən məlumdur ki, 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri bağlanıldıqdan sonra ermənilər kütləvi surətdə Azərbaycan ərazilərinə yerləşdiriliblər. Bu siyasət uzun illəri əhatə etmiş və ermənilər Azərbaycan torpaqları hesabına öz coğrafi ərazilərini kifayət qədər genişləndirə bilmişlər. Ötən əsrdə 1948-1953-cü illərdə azərbaycanlılar Ermənistandan çıxarıldı, daha sonra isə 1988-ci ildə kütləvi qırğınlarla müşayiət olunan deportasiyaya məruz qaldılar. Təbii ki, doğma el-obasından qovulan azərbaycanlılar həm insan, həm də böyük maddi itkilərə məruz qalmış oldular. Ötən əsrin son illərində erməni təcavüzkar siyasətinin məntiqi olaraq tarixi torpaqlarımız Dağlıq Qarabağ və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan kimi 7 rayon işğal olundu. Statistik rəqəmlərdə qeyd olunduğu kimi, təcavüz nəticəsində 20 minə yaxın azərbaycanlı qətlə yetirilib, 100 min nəfər yaralanıb, 50 mindən çox adam əlil olub… Bu ermənilərin Azərbaycanlılara qarşı törətdikləri vəhşilik, vandallıqdır ki, tarixi həqiqətlər bu və ya digər əməlləri ortaya qoymuş olur. Belə ki, Ermənistan işğal etdiyi ərazilərdə 900-ə yaxın yaşayış məntəqəsi, 2389 sənaye və kənd təsərrüfatı obyekti, 131 minə yaxın ev, 1025 məktəb, 798 səhiyyə obyekti, eləcə də, 927 kitabxana, 100-dən artıq arxeoloji abidə, həmçinin 454 tarixi abidə və muzey, 40 mindən artıq muzey eksponatı erməni təcavüzünün qurbanı olub. Bütün bunlar az imiş kimi təcavüzkar ermənilər tərəfindən Azərbaycan ərazilərindən narkotik maddələrin yetişdirilməsi və tranziti üçün də istifadə olunub, faydalı qazıntıların istismarı ildən-ilə genişləndirilib.

Bütün bu və ya digər amillər dünyanın diqqətindədir. 44 günlük Vətən müharibəsində dünyanın gözü qarşısında cinayətlər törədən ermənilər bir daha faşist ideologiyalarını ortaya qoymuş oldular. Dünya mətbuatı ermənlərin insanlıqdan kənar hərəkətlərinə göz yummadı. Necə ki, bu gün Almaniyanın "nex24.news" portalında Nabi Yücelin müəllifliyi ilə "Dağlıq Qarabağ: Azərbaycan Ermənistanı istismarda günahlandırır" başlıqlı məqalə dərc olunub. Məqalədə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra bölgədə yaranmış yeni vəziyyətdən bəhs olunur. Qarabağ uğrunda Ermənistan və Azərbaycan arasında baş vermiş 44 günlük müharibənin 2020-ci il noyabrın 10-da sona çatdığı və müharibənin nəticəsində bölgədə nəinki yeni siyasi, eləcə də yeni iqtisadi vəziyyətin yarandığı göstərilir. Qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ və yeddi ətraf rayon qızıl, mis və digər qiymətli metal resursları ilə zəngin olan məkandır. Onilliklər boyu bu sənaye sahələrindən əldə olunan gəlirlər faktiki olaraq qondarma "Dağlıq Qarabağ Respublikasını" ayaqda saxlamağa kömək edib.Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngin olan diyardır. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Söyüdlü – Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 27 il idi ki, Ermənistan tərəfindən talan edilirdi. İşğal edilmiş ərazilərdə 155 adda müxtəlif növ faydalı qazıntı yataqları mövcud olub.

Faktlara nəzər salsaq, görərik ki, Kanadanın First Dynasty Mines şirkəti Kəlbəcərin "Söyüdlü" qızıl yatağının istismarı ilə məşğul olub. Mənbələrə istinad edərək bildirək ki, adı çəkilən şirkət "Söyüdlü" yatağından təkcə 2006-cı ildə 5 tondan artıq qızıl çıxarıb. Müəllif məqalədə qeyd edib ki, 2019-cu ildə qondarma DQR-in Ümumi Daxili Məhsulunun 13 faizi bu mədənlərin istismarından əldə edilib. Ermənistan və Dağlıq Qarabağdakı qondarma rejim müxtəlif yollarla xarici şirkətləri işğal altındakı Azərbaycan ərazilərinə qanunsuz olaraq sərmayə qoymağa cəlb ediblər. Bu beynəlxalq konvensiyalara zidd olub. Müharibəyə qədər Azərbaycan hökumətinin icazəsi olmadan işğal olunmuş Azərbaycan ərazilərində 69 xarici şirkət fəaliyyət göstəririb. Bunlar əsasən, ABŞ, Kanada, Fransa, İsveçrə, Avstraliya, Almaniya və sair ölkələrdən olan şirkətlər olub.

Artıq Azərbaycan öz tarixi torpaqlarına sahibdir. Bütün sərvətlərinin – yeraltı və yerüstü sərvətlərinin sahibidir. Ermənilərin xarabalığa çevirdiyi məkanlar tezliklə abadlaşacaq, çiçəklənəcək. 30 ilə yaxın müddətində işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılmışdır. Tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulmuşdur. Erməni barbarlığının nəticəsi olaraq fərdi və çoxmənzilli yaşayış evləri dağıdılmışdır. Bütün bunlara baxmayaraq, Azərbaycan dağıdılmış, talan edilmiş məkanları bərpa edərək, dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşacaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə