Avronest PA-nın plenar iclası keçirilib - FOTOLAR

Aprelin 20-də Avronest PA-nın 9-cu sessiyası çərçivəsində qurumun onlayn formatda plenar iclası keçirilib. İclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli və nümayəndə heyətinin üzvləri Qüdrət Həsənquliyev, Rauf Əliyev, İltizam Yusifov, Məlahət İbrahimqızı, Hicran Hüseynova, Vüqar Bayramov, Nurlan Həsənov iştirak ediblər. SİA xəbər verir ki, öncə Avronest PA-nın həmsədrləri Andrius Kubilius və Maka Botçorişvili çıxış edərək quruma üzv ölkələr arasında tərəfdaşlıq və əməkdaşlığın genişləndirilməsi, Şərq Tərəfdaşlığı bölgəsində təhlükəsizliyin təmin edilməsi və ölkələrin ərazi bütövlüyünün qorunması vacibliyindən danışıblar.

Həmsədrlər bölgədə gedən siyasi proseslərə toxunublar, böhranların tənzimlənməsi zərurətinə diqqət yönəldiblər. Hazırkı pandemiya dövründə yalnız bütün ölkələrin birgə mübarizəsi, həmrəyliyi şəraitində koronavirus infeksiyasına qalib gəlməyin mümkün olduğu vurğulanıb.

Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi dünyanı bürüyən pandemiya şəraitində bölgədəki insanların həyatını xilas etmək üçün görülən işlərdən danışıb, koronavirus infeksiyasına qarşı peyvənd təminatı məsələsinə toxunub. Şərq Tərəfdaşlığı ölkələrində qonşuluq münasibətlərinin tənzimlənməsi, bir sıra sahələrdə inteqrasiyanın, iqtisadiyyatın inkişafına investisiya qoyulmasının vacibliyindən və digər məsələlərdən bəhs edib.

Avropa Komissiyasının vitse-prezidenti Luk Deviqne Şərq Tərəfdaşlığı ölkələrindəki siyasi vəziyyəti təhlil edib.

Plenar iclasda Avronest PA-nın 9-cu sessiyasında iştirak edən milli parlamentlərin təmsilçiləri öz çıxışlarında bir sıra lokal proseslərə münasibətlərini açıqlayıblar.

Sonra onlayn tədbirə qoşulmuş müşahidəçilərin Avronest Parlament Assambleyasına salamlama müraciətləri dinlənilib.

Fasilədən sonra plenar iclas işini davam etdirib.

Avropa Parlamentinin prezidenti David Sassoli Avronest PA-nın 9-cu növbəti sessiyasının rəsmi açılışını edib. Bildirib ki, Avronest PA Şərq Tərəfdaşlığı bölgəsində parlament ölçüsünü təmsil edir. Məqsəd Avropa İttifaqı ölkələri ilə Şərq Tərəfdaşlığı ölkələrini yaxınlaşdırmaq və onlar arasında sıx dostluq əlaqələri yaratmaqdır.

David Sassolinin rəsmi açılış mərasimindəki nitqi dinlənildikdən sonra fasilə elan olunub.

Avronest PA-nın plenar iclası bu gün işini davam etdirəcək.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə