"Əgər belə bir məlumat təsdiqlənərsə..." DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Ümumiyyətlə bir sıra hallarda bu kimi yazılar, məlumatlar ermənilər tərəfindən məqsədli şəkildə yayılır. Təbii ki, bunun da əsas məqsədi Azərbaycan cəmiyyətində ictimai fikrində müəyyən gərginlik yaratmaq, eyni zamanda Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək kimi məqsədlər durur. Bir sıra hallarda bu məqsədlə həmin addımlar atılır". Bunu SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

"Rusiya sülhməramlı qüvvələrinin 9 mayda Xankəndində keçirəcəyi separatçıların silahlı birləşmələri ilə birgə paradına gəlincə isə ölkə başçısı cənab İlham Əliyevin bununla bağlı konkret mövqeyi var. Artıq Dağlıq Qarabağ adı altında hansısa bir qurum yoxdur. Çünki Dağlıq Qarabağ münaqişəsinə son qoyulub və Dağlıq Qarabağ ordusu yoxdur. Ona görə də hansısa bir paradın keçirilməsindən söhbət gedə bilməz. Yəni bu birmənalı belədir. Azərbaycan ordusu qondarma rejimin ordusunu tamamilə dağıdıb. Nə belə bir qurum var, nə də o beynəlxalq aləm tərəfindən tanınmır. Əgər belə bir məlumat təsdiqlənərsə, hal baş verərsə Azərbaycan buna öz kəsin reaksiyasını və münasibətini verəcək. Dağlıq Qarabağ münaqişəsi artıq bitib. Azərbaycan əməkdaşlıqda, birgəyaşayışda maraqlıdır.

Əgər ermənilər də buna hazır olsalar bu həyata keçiriləcək əks təqdirdə yenidən təxribatlar davam edərsə, təxribatlara yol verilərsə, bunun qarşısı Azərbaycan tərəfindən qətiyyətlə alınacaq. Hamıya məlum olduğu kimi cənab Prezident özü bu məsələləri birbaşa diqqətində saxlayır, davamlı olaraq bu məsələ ilə bağlı Rusiyanın, Türkiyənin rəhbərləri ilə müzakirələr aparır və öz mövqeyini bildirir. Ona görə də ermənilər bu baş verənlərdən nəticə çıxarmalıdırlar və çalışmalıdırlar ki, təxribatçı, revanşist bəyanatlara, əməllərə son qoysunlar. Əks halda yenidən Azərbaycanın yumruğu ilə üzləşəcəklər"-deyə, deputat fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə