“Azərbaycan - Belarus əlaqələrinin hazırkı vəziyyəti” Şahmar Hacıyevin təhlili

BMTM-in aparıcı məsləhətçisi Şahmar Hacıyev “Azərbaycan - Belarus əlaqələrinin hazırkı vəziyyəti” adlı təhlil hazırlayıb. Yazıda Azərbaycan-Belarus əlaqələrinin hazırkı vəziyyəti təhlil edilir və qeyd olunur ki, ikitərəfli əlaqələr əsasən Prezident İlham Əliyevin hakimiyyəti dönəmində yeni inkişaf mərhələsinə qədəm qoyub.

Şahmar Hacıyev bildirir ki, rəsmi Minsk və Bakı arasında əlaqələr geniş- xüsusilə, təhlükəsizlik, iqtisadi, siyasi və beynəlxalq arenada qarşılıqlı dəstək kimi sahələri əhatə edir. “Əlaqələrin dinamik inkişafı üçün və tərəflər arasında bağlanmış müqavilələrin, sazişlərin və digər sənədlərin səmərəli həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya yaradılıb. Aprelin 14-də Prezident Aleksandr Lukaşenkonun Azərbaycana səfəri çərçivəsində Belarus və Azərbaycan arasında bir sıra sənədlər imzalanıb. İmzalanmış sənədlər arasında ən vacib sənədlərdən biri “Energetika sahəsində əməkdaşlıq məsələlərinə dair Anlaşma Memorandumu”dur”, deyə təhlildə qeyd olunur.

Sonda, müəllif qeyd edir ki, Belarus KTMT-nin üzvüdür və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. “Artıq Dağlıq Qarabağ müharibəsi başa çatıb və Belarus həm MDB, həm də KTMT üzv dövləti olaraq Ermənistan-Azərbaycan arasında sülh prosesinin sürətli inkişafına öz töhfəsini verə bilər. Aydın məsələdir ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın qələbəsi və işğal edilmiş ərazilərin geri qaytarılması ilə bir çox dövlətlərin ölkəmizə marağı daha da artıb. Belə ki, Belarus Prezidenti Aleksandr Lukaşenko da ölkəsinin post-konflikt zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası prosesində iştirak etməsini dəstəkləyir. Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar var, rəsmi Minsk bu sahədə əhəmiyyətli rol oynaya bilər. Belə ki, bu ölkənin ÜDM-nin təxminən 6,78% -ni, ümumi ixracatın isə 20% -ni kənd təsərrüfatı təmin edir”,- deyə müəllif yazır.

MƏQALƏ bu linkdə:

https://aircenter.az/uploads/files/belarus.pdf

Bütün xəbərlər Facebook səhifəmizdə