Ara Ayvazyan köhnəlmiş və yararsız erməni iddialarını iyləndirir ANALİTİK
Ermənistanın XİN rəhbəri aqressiya siyasətinə saqid qaldıqlarını isbat edir
Ermənistanın xarici işlər naziri Ara Ayvazyan parlamentin xarici əlaqələr daimi komissiyasının iclasında çıxış edərək yenidən bir sıra təxribatçı xarakterli fikirlər səsləndirib. Belə ki, ermənilərin xarici siyasət idarəsinin başçısı "Qarabağ münaqişəsi bitməyib" deməklə, əslində, sübut edib ki, onlar bir tərəfdən “sabitliyin əldə olunması və regional iqtisadi imkanların açılması” kimi bəyanatlar səsləndirərək sözdə “sülhpərvər” görüntüsü yaradırlarsa, digər tərəfdən, “münaqişənin bitməməsi” ətrafındakı iddiları ilə əllərinə düşən istənilən fürsətdəcə aqressiya siyasətlərinə saqid qaldıqlarını isbatlamış olurlar.
Ayvazyan sözügedən iclasdakı çıxışında onu da bildirib ki, Ermənistan bölgədəki yeni vəziyyətlə bağlı yanaşmalarını (iddialarını – red.) inkişaf etdirərək həmin yanaşmaları ATƏT Nazirlər Şurasına təqdim edib və s...
Yenidən eyni havaların çalınması isə İrəvanın ənənəvi təcavüzkar planlarından əl çəkmədiyini göstərən aşkar dəlildir
Bəs erməni XİN rəhbərinin bəyanatı əsnasında səsləndirdiyi “yanaşma” hansı mənanı kəsb edir, yaxud Ayvazyan ümumiyyətlə nə demək istəyib? Əslində bəri başdan məlumdur ki, erməni nazir burada köhnə havada qaldıqlarını nümayiş etdirir. Belə ki, “xalqların öz müqəddəratlarını təyinetmə hüququ prinsipinin həyata keçirilməsi”, ya da “Qarabağ “xalqının” (dırnaqlar bizimdir-red) hərtərəfli təhlükəsizliyinin təmin edilməsi əsasında Qarabağın statusu barədə qərarın qəbul edilməsi” və ya “Qarabağın Azərbaycan tərəfindən “işğal edilməsi” kimi iddialara söykənən belə təxribatçı bəyanatlar Ermənistan tərəfinin qeyri-konstruktiv, yaxud aşırı destruktiv fəaliyyətini kifayət qədər sərgiləməkdədir.
Daha dəqiq ifadə edərsək, bu, həmin sərsəm iddialardır ki, Ermənistan uzun illər oyunca, yəni 44 günlük müharibədən əvvəl də - istər ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirilən görüşlərdə, istərsə də digər xarakterli görüşlərdə eyni havalarını çalırdı. Yenidən eyni havaların çalınması isə İrəvanın ənənəvi təcavüzkar planlarından əl çəkmədiyini göstərən aşkar dəlildir.
İddiasının məqsədi Qarabağın dağlıq hissəsindəki ermənilərin yaşadığı əraziləri Azərbaycandan qoparmaqdır və hətta ATƏT-ə Şuşanı “geri qaytarmaq” təklif olunur!
Bunu belə də izah etmək olar: “xalqların öz müqəddəratını təyinetmə hüququ prinsipini həyata keçirmək” iddiasının məqsədi Qarabağın dağlıq hissəsindəki ermənilərin yaşadığı əraziləri Azərbaycandan qoparmaqdır və hətta ATƏT-ə Şuşanı “geri qaytarmaq” (???!!!-red.) təklif olunur!
Və ən maraqlısı da budur ki, Ara Ayvazyan ilk dəfədir ki, bu cür sərsəm və təxribata hesablanmış fikirləri ilə çıxış etmir. Belə ki, Ermənistanın XİN rəhbəri vəzifəyə təyin ediləndən bəri 10 Noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatının qüvvədən düşməsinə yönəlik addımlar atmaqda davam edir. Əks halda əgər bu gün dünya dövlətləri Qarabağı Azərbaycanın ayrılmaz hissəsi olaraq tanıyırlarsa və qəbul edirlərsə, burada hansı “işğaldan” söz gedə bilər? Şuşa və s. azad edilmiş ərazilərimiz ermənilərin işğalı altından çıxarılıbsa və bunu beynəlxalq aləm də təsdiq edirsə, bu zaman Şuşanın və s. ərazilərin azərbaycanlılar tərəfindən “işğal olunması” iddiasını həyasızlığın hansı şkalasına yazmaq olar?
Ayvazyan bilə-bilə inkar edir...
Söz yox ki, Ermənistan Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin bütövlüyünün bərpası əsasında və 44 günlük müharibə nəticəsində yaranan yeni reallığa qarşı istədiyi heç bir nəticəsini əldə edə bilmir. Məhz bu baxımdan, Ayvazyanın qəsdən mümkünsüz tələblər irəli sürməsi, eləcə də erməni siyasətinin təcavüzkarçı mövqeyini açıq şəkildə səsləndirməsi, əslində, onun ölkəsini daha acınacaqlı vəziyyətə doğru sürükləmiş olur.
Bəli, Ayvazyan arxa planda dərk edir və anlayır ki, Azərbaycan özünə məxsus Qarabağını düşmən işğalından azad edib, onu fəth edib. Ona görə də həmin reallığı bilə-bilə inkar edir, gerçək erməni həyasızlığı nümayiş etdirməklə köhnəlmiş və yararsız iddialarını iyləndirir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB