Aleksandr Merejko: “Bu, son dərəcə xoşagəlməz bir siqnaldır" İrəvan Kiyevə qarşı

Aleksandr Merejko: “Bu, son dərəcə xoşagəlməz bir siqnaldır" İrəvan Kiyevə qarşı

ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının (XMM) büdcəsinin qəbul edilməsinin bloklanması xəbəri Kiyev üçün sürpriz olmadı. Belə ki, hələ bir neçə gün əvvəl Ukrayna Xarici İşlər Nazirliyi ATƏT-ə üzv olan bəzi dövlətlərin XMM-nin Ukraynadakı səlahiyyət müddətinin yaxın 12 aya qədər uzadılması qərarının qarşısını aldığını elan etmişdi.

SİA-nın məlumatına görə, Ukrayna Xarici İşlər Nazirliyi öz rəsmi açıqlamasında bəyan edib ki, müvəqqəti işğal olunmuş Donetsk və Luqansk bölgələrindəki missiyanın məhdudlaşdırılması mövcud eskalasiyanı daha da dərinləşdirəcək. Xatırladaq ki, sözügedən məsələdə Ermənistan mandatı 31 martda bitən ATƏT missiyasının büdcəsini əngəlləyən ölkələr sırasında yer alıb.

Ukrayna Ali Radasının Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri Aleksandr Merejko isə ölkə mətbuatına məsələ ilə bağlı danışarkən qeyd edib ki, həqiqətən də bəzi ATƏT-ə üzv olan dövlətlər ATƏT-in Xüsusi Monitorinq Missiyasının mandatını növbəti 12 ilədək Ukraynaya uzatmaq qərarlarını əngəlləyirlər.

“Bu, son dərəcə xoşagəlməz bir siqnaldır, çünki XMM-in fəaliyyəti Donbas ərazisindəki rus qoşunlarının hərəkətlərinə mane ola bilər. Qurumun fəaliyyətinin bloklanması isə Donbasda hərbi əməliyyatların daha da genişlənməsinə şərait yaradır. Ukrayna sükut rejimini qorumaqda maraqlıdır və XMM hərəkət etməzsə, Rusiya bundan mütləq istifadə edəcək ” Alexandr Merejko qeyd edib.

O, eyni zamanda bildirib ki, rəsmi Kiyev mövcud vəziyyətdə yalnız təşkilatın çərçivəsində reaksiya göstərə bilər və bunun üçün ATƏT-in üzvü olmaq kifayətdir.

“Dövlətlərin (Ermənistan da daxil olmaqla - red.) ATƏT büdcəsini əngəlləyən qərarda nəyə istinad etdiklərini söyləmək çətindir”, deyən Merejko eyni zamanda bildirib ki, buna baxmayaraq Ukrayna ATƏT-in hərəkətsizliyində maraqlı deyil. Əksinə, Ukrayna Minsk prosesində daxil olmaqla ATƏT-in oynadığı rolu yüksək qiymətləndirir.

“Ümid edirik ki, ATƏT XMM-nin büdcəsini blokdan çıxarmaq mümkün olacaq və təşkilat normal fəaliyyətini davam etdirəcək”, deyən Ukrayna siyasətçisi Azərbaycanla əlaqələrə də toxunub və bildirib ki, ölkələr arasındakı əməkdaşlıq bundan sonra daha sıx şəkildə aparılacaq. “Ukrayna və Azərbaycan arasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlığa ümid edirik ”deyə Ukrayna Ali Radası Komitəsinin rəhbəri fikirlərini yekunlaşdırarkən qeyd edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə