Jalə Əliyeva deyib ki, müstəqillik qazandıqdan sonra ilk dəfə olaraq müxalifət partiyasının-parlamentdə üç millət vəkili ilə təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının nümayəndəsi Fəzail İbrahimli Milli Məclis sədrinin müavini seçildi. Eyni zamanda, son 30 ildə ilk dəfə olaraq parlamentin sədri vəzifəsinə xanım millət vəkili-professor, Azərbaycanı beynəlxalq qurumlarda, xüsusilə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) ləyaqətlə təmsil edən Sahibə Qafarova seçildi. 30 ildən, parlamentin ilk xanım spikeri mərhum Elmira Qafarovadan sonra parlamentə növbəti dəfə xanım millət vəkili rəhbərlik etməyə başladı. Qeyd etdiyimiz kimi, parlamentin sədarəti tamamilə yeniləşdirilməklə yanaşı, komitə sədrləri və komitə sədrlərinin müavinlərinin seçilməsində də yeniliyə imza atıldı. Komitə sədrləri və sədr müavinləri bu dəfə təkcə parlamentdə böyük çoxluq təşkil edən hakim partiyanın üzvlərindən və bitərəflərdən deyil, həm də Milli Məclisdə yer alan iqtidar və müxalifyönümlü siyasi təşkilatların təmsilçiləri daxil olmaqla formalaşdırıldı. Demək olar ki, parlamentdəki bütün partiyaların nümayəndələri komitə sədrləri və ya sədr müavinləri vəzifələrinə seçildilər. Bunun özü də bir ilk, bir yenilik olmaqla, həm də Milli Məclisə yeni bir ruhun gəlməsi, siyasi barışıq, siyasi dialoq mühitinin əldə edilməsi, ən əsası ölkə Prezidentinin qarşıya qoyduğu hədəflərə çatmaq istiqamətində atılan çox mühüm addımlardan idi.
Bəli, 6-cı çağırış Milli Məclis fəaliyyətə başlayar-başlamaz dünyanın başının üstünü "Domokl qılıncı" kimi kəsdirən koronavirus adlı bəla "çağırılmamış qonaq" kimi, ölkəmizə də bütün önləyici addımlara rəğmən "ayaq açmağa" başladı. Bu isə yeni və gözlənilməz bir situasiya idi. Odur ki, həm Azərbaycan dövləti, həm Azərbaycan xalqı, həm də Azərbaycan xalqının seçib formalaşdırdığı yeni parlament qarşısında bir sıra həlli vacib, təxirəsalınmaz məsələlər, yəni, koronavirusla mübarizəyə, onun fəsadlarının qarşısının alınmasına səfərbər olunmaq vəzifəsi dayandı.
Təbii ki, istər Azərbaycan dövləti, istər Azərbaycan hökuməti, istərsə də 6-cı çağırış Milli Məclis koronavirusla mübarizədə, müharibədə ilk gündən, ilk anlardan ardıcıl, birmənalı və barışmaz bir mövqe, bir yol tutdu.
İstər ölkə vətəndaşlarının, istərsə də Azərbaycan iqtisadiyyatının bu bəladan az itkilərlə çıxması, az zərərlə ötüşməsi üçün Milli Məclis bir sıra mühüm addımlar atdı, Vergi Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, sosial sığorta ilə bağlı qanunvericiliyə və digər qanunvericilik aktlarına çox mühüm dəyişikliklər etdi. Eyni zamanda, hər bir millət vəkili öz seçicisinin yanında olmağa çalışdı, onları tək, yalnız buraxmadı.
Bu da öz növbəsində, digər önəmli və önləyici addımlarla birlikdə Azərbaycanda koronavirus pandemiyasının fəsadlarının qarşısının alınmasında, ondan az itkilərlə çıxılmasında çox mühüm əhəmiyyətə malik oldu.
Bəli, koronavirus pandemiyası istər-istəməz parlamentin də işinə, iş rejiminə, fəaliyyətinə təsirsiz qalmadı, müəyyən ləngimələr yarandı, komitə iclasları onlayn formata keçirilməyə başlandı, ancaq bununla belə Milli Məclis öz üzərinə düşən işlərin, vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacardı. Eyni zamanda, 6-cı çağırış Milli Məclisin ikinci-payız sessiyası tarixi 44 günlük Vətən müharibəsinin başladığı ərəfəyə təsadüf etdi. Belə ki, payız sessiyasının başlamasına 3-4 gün qalmış, sentyabrın 27-də axşam saatlarında Milli Məclis yığışaraq öz təcili iclasını keçirdi və ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı tarixi qərar layihəsini qəbul etdi. Qərar layihəsi də dərhal Ali Baş Komandan tərəfindən imzalanaraq, öz hüquqi qüvvəsinə mindi və beləliklə, Azərbaycan Ordusu, Azərbaycan əsgəri tarixi missiyasına, Azərbaycan torpaqlarının işğaldan azad olunmasına başladı. Cəmi 44 günə yağı düşmən, faşist və terrorçu dövlət olan Ermənistan və onun havadarları üzərində parlaq Qələbə çalındı. Qalib, Müzəffər Ali Baş Komandan, xilaskar Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu düşməni diz çökdürdü, Qarabağımızı işğaldan qurtardı. 44 günlük müharibə dövründə də Azərbaycan parlamenti və parlament üzvləri hər an, hər saniyə Azərbaycan dövlətinin, Azərbaycan əsgərinin yanında oldu, müsəlləh əsgərə döndü. Bu dönəmdə də öz üzərində düşən tarixi missiyanın öhdəsindən layiqincə gəlməyə çalışdı və bunu da bacardı.
Bəli, çox sevindirici və qürurvericidir ki, 6-cı çağırış Milli Məclis və onun üzvləri qalib dövlətin və qalib millətinin parlamenti və parlamentariləri kimi tarixə düşdülər. Qalib ölkənin Qalib parlamenti. Bundan böyük uğur, bundan böyük xoşbəxtlik, bundan böyük fərəh ola bilərmi?! Bütün xalqımız kimi, biz də özümüzü çox xoşbəxt sayır, çox bəxtəvər hesab edirik. Çünki, biz-Azərbaycanımız qalibik. 44 günlük dönəmdən sonra da Azərbaycan Respublikasının Milli Məclisi qarşısında duran vəzifələrin həyata keçirilməsi istiqamətində fəaliyyətinə davam etdi, ötən ilin son günlərində ilk dəfə olaraq qalib ölkənin Qələbə, Zəfər büdcəsini geniş və hərtərəfli müzakirələrdən keçirərək qəbul etdi. Bəli, bu günləri də, bu tarixi, qürurverici anları da yaşamaq varmış qismətimizdə, taleyimizdə. Bir sözlə, 6-cı çağırış parlamentin ilk bir ili həm çətin, həm həssas, həm məsuliyyətli, həm də ən əsası şərəfli, qürurlu bir il kimi tarixə yazıldı. Bu kəlmələri təkrarlamaq bizə qürur verir. Biz qalibik, biz qalib xalq, biz qalib dövlət, biz qalib hökumət, biz qalib parlamentik!
Tarixi İkinci Vətən müharibəsindən ötən 100 gün ərzində də ölkəmizin ən yeni tarixinin səhifələrinə qalib sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə hər gün yeni parlaq səhifələr yazılır, Qələbələr, zəfərlər ard-arda gəlir. İşğaldan azad olunmuş ərazilərimizə səfərlər, Füzuli-Şuşa yolunun çəkilişi, Füzuli Hava Limanının təməlinin atılması, "Güləbird" Su Elektrik Stansiyasının işə salınması, Xocalı soyqırımın 29-cu ildönümü günü ölkə Prezidentinin tarixi 4 saatlıq mətbuat konfransı keçirməsi, həmin konfransda 35-dən çox yerli və xarici media təmsilçisinin 50-dən çox sualının 4 dildə cavablandırması, bir daha Xocalı, Azərbaycan həqiqətlərinin gündəmə gətirilməsi günümüzün, dövrümüzün böyük və tarixi hadisələrindəndir. Ölkə Prezidenti 4 saatlıq mətbuat konfransında bir daha müharibənin başa çatdığını, bir daha Dağlıq Qarabağ adlı münaqişənin tarixə çevrildiyini vurğulayaraq, həm düşmənə, həm də onun havadarlarına öz qəti və birmənalı xəbərdarlığını etdi: "...Müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir. O Bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilibdir. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanat icra ediləcəkdir. Əks təqdirdə, Ermənistan daha da ağır duruma düşəcək. Yəni, Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq..."
Bəli, bu ifadələr qətiyyət və dönməzliyin, iradənin və əzmin, Zəfərin daha bir təcəssümü, daha bir təntənəsi idi. Müzəffər Ali Baş Komandan revanşizmə imkan verilməyəcəyini, "dəmir yumruğ"un hər an öz qüvvəsində, öz gücündə qaldığını və qalacağını açıq və birmənalı şəkildə bir daha bütün dünyaya bəyan etdi. Eyni zamanda, hakim Yeni Azərbaycan Partiyasının 7-ci qurultayında çıxışı zamanı ölkə Prezidenti növbəti hədəfləri müəyyənləşdirdi, yeni çağırışlar səsləndirdi. O bəyan etdi ki, hərbi sahədə müharibə bizim şanlı səhifəmizdir, amma, eyni zamanda, təcrübədir: "Ali Baş Komandan, bütün işlərə rəhbərlik edən şəxs kimi mən bilirəm ki, bizim zəif yerlərimiz də haradadır. Biz hətta müharibə dövründə o zəif yerləri düzəltdik. Müharibə dövründə önəmli qərarlar qəbul edilmişdir. Bundan sonra əlbəttə ki, bu təcrübə bizim üçün əsas olacaq və olmalıdır. Göstərişlər verildi ki, daha müasir ordu yaradaq. Çünki indi hərbi ekspertlər, beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıbdır" deyən Prezident onu da vurğuladı ki, biz elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra XXII əsrin müharibəsinə də hazır olaq. Çünki güc hər şeyi həll edir və əfsuslar olsun ki, bu, bir həqiqətdir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər. Ali Baş Komandanın bildirdiyi kimi, biz yeni dövrə qədəm qoymuşuq. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyət yaranıb. Ona görə biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun.
Belə də olacaq, üçrəngli, ay-ulduzlu bayrağımız daim ucalarda dalğalanacaq. Çünki bir kərə yüksələn bayraq, bir daha enməz! Qarabağın, Qələbən, hər gün yazılan, tarixə çevrilən zəfərlərin mübarək, Azərbaycan!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB