ABŞ-ın dövlət katibi erməni terrorçusu ilə bağlı qərardan təəssüf etdi FOTOLAR
ABŞ-ın dövlət katibi Entoni Blinken bəyan edib ki, erməni terrorçusu Hampinq Sasunyanın şərti azad olunması barədə məhkəmənin verdiyi qərarından təəssüf hissi keçirir. SİA Türkiyənin Anadolu agentliyinə istinadən xəbər verir ki, şərti azadlığa çıxan erməni terrorçusu Hampinq Sasunyan 1982-ci ildə Los-Ancelesdə türk konsulu Kemal Arıkanı qətlə yetirib.
“Birləşmiş Ştatlar hər zaman diplomatların təhlükəsizliyini prioritet məsələ olaraq hesab edib və müvafiq cinayətlər törədənlərə qarşı maksimal sərt cəzaların verilməsini istəyib. Biz şərti azadlıqlara qarşı çıxırıq. Diplomatın ünvanına olan təhlükə nəinki ciddi cinayətdir, həm də bütövlükdə diplomatiyaya qarşı təhlükədir”, dövlət katibinin yazılı bəyanatında bildirilir.
Blinken bir daha öldürülmüş türk diplomatının doğmalarına və yaxınlarına, eləcə də Türkiyənin Xarici İşlər Nazirliyinə başsağlığı verib.
Bundan öncə isə Türkiyə XİN Los-Anceles Ali məhkəməsinin qərarını mühakimə edərək Kemal Arıkanın erməni qatilinin şərti azadlığa buraxılmasını ittiham edən bəyanat yayıb.
Qeyd edək ki, “Erməni soyqırımı məsələsində ədalət uğrunda mübarizlər” (ESAK) erməni terror təşkilatının üzvü Hampinq Sasunyan etiraz hüququna malik olmadan ömürlük həbsə məhkum olunmuşdu və Kaliforniya ştatının “San-Kventin” həbsxanasında saxlanılırdı.
Kaliforniyanın qanunlarına görə 25 ildən artıq həbsxanada olanlar şərti azadlığa çıxmaq üçün müraciət etmək hüququna malik olurlar. Sasunyan 2007-ci ilin oktyabr ayından hazırkı dövrə qədər dəfələrlə bu hüququndan istifadə etməyə cəhd göstərib.
Yalnız Türkiyə XİN-nin 2006, 2010, 2013 və 2015-ci illərdəki müdaxiləsindən sonra Amerika məhkəməsi terrorçunun müraciətlərini geri çevirib.
2016-cı ilin 14 dekabr tarixində Sasunyanın şərti azadlığa buraxılması üçün müraciəti məhkəmə tərəfindən müsbət cavablandırılıb ki, nəticədə Ankara apellyasiya məhkəməsinə müraciət edib. Bundan sonra Kaliforniyanın qubernatoru Cerri Braun 12 may 2017-ci ildə Sasunyanın müraciətinə müsbət cavab vermiş birinci məhkəmə instansiyasının qərarını ləğv edib.
Erməni terrorçusu daha sonra 6-cı dəfə müraciət ünvanlayıb. 29 iyun 2018-ci ildə, məhkəmənin iclasından əvvəl Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu və ədliyyə naziri Abdulhamit Gül amerikalı həmkarlarına məktubla müraciət ediblər.
2019-cu ilin 25 iyulunda Sasunyanın müraciətinə rədd cavabı verilib və bildirilib ki, o ictimaiyyət üçün təhlükəli qalmaqda davam edir.
Kaliforniyanın şərti azadlığa buraxma şurası Sasunyanın növbəti müraciətinə 2012-ci ilin iyununda baxacaq.
Qeyd edək ki, rəsmi Bakı da erməni terrorçu-qatilinin barəsində şərti azadlığa buraxılma qərarını pisləyən bəyanatıa çıxş edib və həmin qərarın yolverilməz olduğunu bildirib.
Xatırladaq ki, Hampinq Sasunyan və digər erməni terrorçusu Krikor Saliba 1982-ci ilin 28 yanvar tarixində Los-Ancelesdə türk diplomatını öz avtomovilində güllələyiblər. Sasunyan məhkəmənin hökmü ilə ömürlük həbs cəzasına məhkum edilib. Qaçmağa müvəffəq olan Saliba isə elə həmin il Livanda baş verən münaqişə zamanı öldürülüb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB