Erməni böhranı dalana dirəndi TƏHLİL

Erməni böhranı dalana dirəndi TƏHLİL

İrəvanda hazırda qarşıdurma tərəfləri guya hüquqi müstəvini tərk etməməyə çalışırlar. Daha dəqiq desək, hər tərəf özünü hüquqi baxımdan haqlı, tələblərinin və davranışlarının isə qanuni olduğunu iddia edir.
Hazırda Ermənistanda hakimiyyəti təmsil edənlər, başda elə baş nazir Nikol Paşinyan olmaqla, işğalçı ölkənin hakimiyyət qüvvələri Baş Qərargah rəisinin istefası qərarını, ümumilikdə, bütün əməllərini, qərarlarını, bütün hərəkətlərini hüquqi cəhətdən əsaslı hesab edir. Qarşı tərəf, yəni, müxalifət qüvvələri isə Paşinyan və onun komandasının bütün hərəkətlərinin, eləcə də Qasparyanın istefası qərarının Ermənistan konstitusiyasına zidd olduğunu bəyan edir. Hər tərəf isə qarşı tərəfi günahkar hesab edir, qanunları pozmaqda ittiham edir ki, bu da tam olaraq anlaşılandır və xüsusən də yalanlar üzərində manipulyasiya etmək ənənəsinə sadiq erməni cəmiyyəti üçün belə təzahürlər kənarda təəccüb belə döğura bilməz. Onsuz da “erməni həqiqətləri” dedikdə, tamamilə yalan, uydurma təfsilatlar dünya ictimaiyyətinin gözü qarşısına gəlir və mövcudluğu dövründə yalnız yalanlara, absurd fikirlərə söykənən erməni obrazı hər kəsə tanışdır.
Kimin haqlı, kimin haqsız olmasından asılı olmayaraq, Ermənistanda siyasi böhran “tüstülənməyə” davam edir. Bəzilərində isə, bu siyasi böhranın niyə hələ alovlanmaması təəccüb doğurur. Amma həmin o bəziləri unudurlar ki, alovlanmanı etiraf etməməkləri fonunda qığılcımlar tam şəkildə etiraf olunur. Məsələ burasındadır ki, erməni hiyləgərliyinə xas olaraq, həm baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi səlahiyyətlilər, həm də ordu rəhbərliyinin dəstəyini alan müxalifət, tələblərini qanun donu geyindirməklə irəli sürməyə çalışırlar. Heç şübhəsiz ki, küçə toqquşmaları və silah istifadə etmədən, bu yolla çox davam edə bilməyəcəklər. Artıq toqquşmalar dəfələrlə müşahidə edilib və hər an qızışması təkzibedilməz reallıqdır.
Ermənistanda iqtidar və müxalifət küçə qarşıdurmasından guya prosessual mübarizəyə keçməyə çalışır və bu mübarizənin mərkəzində də baş nazir Nikol Paşinyana meydan oxuyan Baş Qərargah rəisi Onik Qasparyan təqdim olunur. Lakin bunun heç də uzun sürməyəcəyi gün kimi aydındır və vandal erməni cəmiyyətində çoxdandır ki, itaətsizlik mitinqləri təşkil olunursa, Paşinyan polislə kütləni qarşı-qarşıya qoyursa və təzyiqlər edilirsə, tərəflərin belə bir hüquq müstəvisində mübarizəsi ağlasığan görünmür. Bu mövzuda heç erməni vəkillərin də fikirləri, gəldikləri qənaətləri birmənalı deyil. Yanaşmalar müxtəlifdir və ittihamlar biri digərini əvəz edir.
Nikol Paşinyan hakimiyyəti üç il əvvəl cırmaqlaşa-cırmaqlaşa necə ələ keçirmişdisə, aldığı şəkildə, eləcə də tutub saxlamağa çalışır. Necə deyərlər, dişi ilə, dırnağı ilə öz hakimiyyətinin keşiyində dayanıb Nikol Paşinyan. Başı yarıla-yarıla, əli-qolu sındırıla-sındırıla, döyülə-döyülə hakimiyyəti ələ keçirən birinin bir anda ayağa qalxıb, müxalifətin, eləcə də ümumilikdə kütlənin istefa tələbinə görə istefa verəcəyini, əlindəki hakimiyyətdən əl çəkəcəyini kimsə, hansısa bir erməni ağlının ucundan belə keçirməsin. Bu istefa onun özü kimi, rəqiblərinə də baha başa gələcək. Gec başa gəlməyə bilər, amma tez də olsa mütləq baha başa gələcək. Ən azından rəqibləri də döyülə-döyülə, əli-qolları sındırıla-sındırıla, başları yarıla-yarıla onun əlindəki ələ keçirə bilər. Daha dəqiq desək, qarşıdurma mütləq gözləniləndir, özü də hüquqi müstəviyə daşınıb-daşınmasından asılı olmayaraq, bu vəziyyət, toqquşma, qarşıdurma, hətta vətəndaş müharibəsi bu işğalçı ölkədə tam yetişib. Yəni, erməni böhranı məhkəmədə də dalana dirənib və sadalanan hallar bu ölkədə qaçılmazdır.
Bir məsələni də nəzərdən qaçırmamaq lazımdır ki, hüquqi müstəvidə siyasi mübarizə hamını qane etmir. Nikol Paşinyanın Baş Qərargah rəisini istefaya göndərməsi, yaxud müxalifət lideri Vazgen Manukyanın Paşinyan hakimiyyətinin haqsız olduğunu sübut etməsi üçün qanuna müraciət etməsi kütlə arasında zərrə qədər maraq kəsb etmir. Bir az daha sadə dillə və kəsə desək, adi erməninin, qara camaatın vecinə də deyil ki, hansı tərəf qanuna sığınır, hansı tərəf yox. İndi acından ölən erməni cəmiyyəti bu rəzalətli həyat şəraitinə görə ağrısını, acısını, hirsini kiminsə üstünə tökməyə çalışır və bu məqamda Paşinyan birinci hədəf olaraq təqdim edilib onlara. Bu baxımdan, kütlənin Nikol və onun komandasını süpürüb meydandan atması an məsələsidir və erməni baş nazir özü də bunu dərk edir. “Mən o zaman istefa verəcəyəm ki, bunu xalq istəsin”, deyən Paşinyanın onsuz da bu “istəkdən” sonra çarəsi qalmır və bir az öncə qeyd olunduğu kimi, o dərk edir ki, kütlə onu bir anda zibil kimi süpürəcək. Sadəcə, bu vaxta qədər Nikol baş nazir kürsüsünü qorumaq üçün hüquqi yanaşmalar olmaqla, son şanslarını sınağa çəkir.
Onu da unutmaq lazım deyil ki, bir tərəfdən də müxalifətdə ordunun hakimiyyəti zorla alması barədə, məsələn, hökumət binalarını mühasirəyə almaq haqda çağırışlar var. Öz növbəsində bu ölkənin uzun müddət susan ilk prezidenti Levon Ter-Petrosyan da ordunu təmkinli olması səbəbindən guya tərifləyir. Əslində isə, necə deyərlər, ilk erməni prezident belə təriflərlə tovladaraq onların hələ də susmasına çalışır. Onun 8 mart tarixində yayımlanan bəyanatında, hərbi çevrilişi dövləti bərpa etmək üçün bir vasitə kimi göstərmək cəhdlərinin “təhlükəli və qınanıcı” olduğu deyilir. Birinci prezident nümunə göstərir ki, hərbi çevriliş böhranın həllinə heç zaman səbəb olmayıb və bunu təsdiqləyən nümunələr həqiqətən də var. O, nümunə çəkir ki, "çevrilişlər, qalıcı hala gəldikdə, sözün əsl mənasında, dövlətçiliyin məhvinə və xalqların uzun müddət əzab çəkməsinə səbəb olan" hallar yaradır və belə nümunələr də çoxdur. Levon Ter-Petrosyanın həyəcanını, təlaşını, hətta qorxusunu da başa düşmək çətin deyil. Çünki Petrosyan ölkəsinin vətəndaş müharibəsi astanasında olduğunu yaxşı bilir və bundan da ehtiyatlanır. Ona görə ehtiyatlanır ki, vətəndaş müharibəsinin təkcə Paşinyan hakimiyyəti yox, bütövlükdə Ermənistan üçün son olacağı qənaətindədir. O öz müraciətlərinin birində də açıq şəkildə bəyan edib və əslində etiraf edib ki, vətəndaş müharibəsi bütövlükdə ermənilərin sonu, məhvi deməkdir və onun bu qənaətə gəlməsi heç də təsadüfi deyil.
Niyə Nikol Paşinyanın sələfləri onu qovmaq istəyirlər, amma edə bilmirlər? Yəni buna imkanları çatmır, yoxsa gücləri? Erməni politoloq Stepan Danielyanın fikrincə, hökumət binalarının hərbçilər tərəfindən ələ keçirilməsinə dair ssenari son dərəcə arzuolunmazdır. "Bu, ölkənin beynəlxalq reytinqinə mənfi təsir göstərəcək və dövləti davamlı sarsıntılar uçurumuna qərq edə bilər", deyə ekspert bildirir. Bir sözlə, qarşı tərəf də Paşinyana qarşı güc tətbiqindən ehtiyatlanır. Ələlxüsus, bu güc tətbiqinin arzuolunmaz nəticələrindən daha çox xəbərdar olan sələflər, Paşinyanın sələfləri sadəcə, hələ ki, ehtiyat edirlər. Lakin, politoloq Stepan Danielyanın dediyi kimi, "Siyasi rəhbərlik nümayişçilərə qarşı güc tətbiq etməyə qərar verərsə, ordunun sərt davranmaq üçün mənəvi haqqı olacaq və cəmiyyət bunu müsbət qəbul edəcək" və bundan sonra onların bir növ, əl-ayağı açılacaq.
Hadisələrin gedişinə fikir versək görürük ki, nümayişçilər, etirazçılar qışın soyuğunda meydanlarda çadırlar ququr, parlamentə giriş-çıxışı bağlayır, küçələrdə itaətsizliklər edir. Heç şübhəsiz ki, müxalifət qüvvələri bununla hakimiyyəti, şəxsən Paşinyanı güc tətbiq etməyə “provokasiya” edir. Bunu da ona görə edir ki, əks həmləni reallaşdırsın. Paşinyan isə hiyləgərliyindən dolayı bütün bunları başa düşür və məhz mübarizəni də hüquqi müstəviyə daşımaq arzusunun kökündə sadalanan məqamlar dayanır.
Amma artıq çox gecdir. Necə deyərlər, ox yaydan çıxıb. Sadəcə, hədəf bir qədər yayınmağa, ömrünü, hakimiyyətini uzatmağa çalışır. Lakin, nə qədər davam edə bilər? Nə qədər uzadıla bilər? Bunun da bir həddi, sonu olmalıdır. Hər bir halda, böhran özü də dalana dirənib Ermənistanda.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə