"Ya üzr istəməli, ya da istefa verməlidir" Edmon Marukyan spikerə ünvanlanıb

“Maariflənmiş Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan bu gün parlamentdə Milli Məclis Şurası iclasının uğursuzluğunun qəbuledilməz olduğunu bildirib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Marukyan Milli Məclis sədri Ararat Mirzoyana qərəzsiz olmağa borclu olduğunu xatırladıb.
“Yığıncağı boykot etmək qərarına gəlmisənsə, ən azından iştirak etməli, iclası açmalı və parlamentin sədri olaraq bu barədə bizə məlumat verməlisən. Ancaq vəzifələrinizi yerinə yetirmirsiniz, cənab Mirzoyan. Ölkədəki vəziyyətin həlli kontekstində rolunuzu görmürəm.
Böhranın aradan qaldırılmasında hansı rol oynayırsınız? Gündəmdən kənar bir sual verildikdə, əsəbləşirsiniz. Ancaq ölkədə ikinci səlahiyyətlisən. Ya millət vəkillərinin 1/5-i onlara məhəl qoymadığına görə üzr istəməlisən, ya da istefa etməlisən”, deyə Edmon Marukyan bildirib.
Edmon Marukyana görə, Ararat Mirzoyan vəzifəsini yerinə yetirmir.
“Düşünürəm ki, bu, şişirtmədir. Parlament sədri iclasa, ya siyasi səbəblərdən, ya da sağlamlıq vəziyyəti imkan vermədiyinə görə gəlməyə bilər”, deyə Ararat Mirzoyan əlavə edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə