Prezident: "Status məsələsi ümumiyyətlə gündəmdən çıxarılmalıdır" VİDEO

"Status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır".

SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki,mən bu haqda artıq demişəm, bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi başa çatıb: "Azərbaycan bu münaqişənin bir tərəfi idi. Biz bu fikri açıq-aydın ifadə edirik ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub. Azərbaycan bunu həll edib. Otuz il davam edən danışıqlar heç bir nəticə vermədi. Minsk qrupunun fəaliyyəti olsa da, nəticəsi sıfra bərabər oldu. Son iki il ərzində faktiki olaraq Minsk qrupunun həmsədrləri özləri də bilmirdilər ki, nə işlə məşğul olsunlar. Çünki Ermənistan baş nazirinin yersiz və çox təhlükəli bəyanatları onların fəaliyyətini də faktiki olaraq iflic etmişdi, mənasız etmişdi. Əgər Ermənistan baş naziri deyirsə ki, “Qarabağ Ermənistandır və nöqtə”, ondan sonra hansı proses ola bilər, hansı danışıqlardan söhbət gedə bilər? Bu, əslində, Minsk qrupunun həmsədrlərini də çox çətin vəziyyətə saldı. Çünki onlar da buna hər hansı bir reaksiya verməli idilər. Faktiki olaraq son iki il ərzində danışıqlar aparılmırdı. Yəni, Azərbaycan bu məsələni təkbaşına həll etdi. Dağlıq Qarabağ münaqişəsi həll olundu. Noyabrın 10-da imzalanmış Bəyanat bunu təsdiqləyir.

O ki qaldı, statusa, mən öz çıxışlarımda statusun ünvanını göstərdim. Bir daha o məsələyə qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Çünki Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bu günə salan səbəblərdən biri də məhz o idi. Xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə