Xocalı Soyqırımının 29-cu ildönümü ilə əlaqədar olaraq videokonfrans keçirilib - FOTOLAR
YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurası və Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Xocalı Soyqırımının 29-cu ildönümü ilə əlaqədar olaraq videokonfrans formatında anım tədbiri keçirilib. SİA xəbər verir ki, tədbir Xocalı faciəsinin qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə öz işinə başlayıb.
Tədbirdə YAP Nərimanov rayon Təşkilatının Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, Nərimanov rayon İcra başçısının müavini İradə Mahmudova, 258 saylı tam orta məktəbin direktoru Sədaqət Hüseynova, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şöbə müdiri Yazgül Abdiyeva, YAP Nərimanov rayon Təşkilatının Gənclər Birliyinin sədri Nərminə Yunusova çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən ağır soyqırım cinayətlərindən biri olduğunu vurğulayıblar. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Qeyd etmişlər ki, hələ zamanında bu faciənin tanınması üçün var gücü ilə çalışan Ümumilli Lider Heydər Əliyevin bu yöndə fəaliyyətini davam etdirməklə Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun, xüsusilə, Leyla xanım Əliyevanın gördüyü unikal işlərin sayəsində artıq dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul edir və dəhşətli cinayətin soyqırımı olması faktı keçirilən tədbirlərlə yanaşı, dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır.
Natiqlər bildirmişlər ki, Prezident İlham Əliyevin məqsədyönlü, düşünülmüş siyasəti sayəsində bu dəhşətli faciənin günahsız qurbanlarının qisası alındı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun “Dəmir yumruq” əməliyyatı düşməni darmadağın etdi, əzəli-əbədi torpaqlarımızı 28 illik əsarətdən xilas etdi.
Tədbirdə, həmçinin, bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayan hər bir azərbaycanlının bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsinin ehtiramla yad edildiyi və qisaslarının alındığı vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə