"ABŞ Azərbaycanla əməkdaşlığa üstünlük verəcək" POLİTOLOQ RƏY VERDİ

“ABŞ konqresində 100 nəfər senator prezident Co Baydenə məktub yazaraq “Qarabağ ermənilərinin təhlükəsizliyi və humanitar məsələlər” üçün köməklik göstərmək və Azərbaycana qarşı təzyiqlərə çağırır. Demokratlardan ibarət olan bu qrup, erməni lobbisinin təsiri ilə buna gedərək, ABŞ-ın regionda strateji maraqlarına qarşı çıxır”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, prezident C.Bayden ermənipərəstdir, ola bilər ermənilərə humanitar yardım adında maliyyə yardımı ayırsın, Azərbaycana qarşı müəyyən təzyiqlər edərək, silah satışı embarqosunu qüvvədə saxlasın: “Amma, regionda Vaşinqtonun strateji siyasəti Azərbaycansız uğurlu olmayacaq. Ona görə də bir müddətdən sonra C. Bayden Azərbaycanla əlaqələrə düzəliş edərək, əməkdaşlığa üstünlük verəcək.

Azərbaycanın Türkiyə, Böyük Britaniya və İsraillə üç tərəfli əməkdaşlığı demokratların bu amili nəzərə alacağı və erməni şıltaqlığına görə öz geosiyasi maraqlarına qarşı getməyəcəyi mümkündür. Erməni lobbisinin siyasəti ötən əsrin 90-ci illərində qalıb. Düşünürlər ki, növbəti dəfə Vaşinqton Bakı arasında əməkdaşlığına zərbə vuracaqlar. Artıq Azərbaycan 90-ci illərin ölkəsi deyil, regionda qalib ölkə kimi, məhz sülh və təhlükəsizliyin təmini istiqamətində işlər görür.

Qeyd edim ki, C. Bayden anti-Rusiya siyasətinə malikdir və Moskvanın regionda mövqeyini zəiflədəcək siyasət həyata keçirmeye çalışır. Dağlıq Qarabağda kiçik bir ərazidə erməniler isə burada rus dilini ikinci dil elan ediblər və Rusiyanın regionda qalıcılığına çalışırlar. Həmçinin Ermənistanda Rusiya hərbi bazasının genişləndirilməsi üçün danışıqlar aparır. Belə olan təqdirdə Ermənistanın hazırkı siyasəti, Vaşinqtonun geosiyasi maraqlarına ziddir və ABŞ Azərbaycanla əməkdaşlığa üstünlük verəcək. Rəsmi Bakı Vaşinqtonla əməkdaşlıq üçün yeni yanaşma ortaya qoymalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə