Cənubi Qafqazda “Qarabağ Azərbaycandır” reallığı: Türkiyə-Britaniya-İsrail faktoru GEOSİYASİ TƏHLİL
Və ya üç NATO dövlətinin əsas gücləri qarşıda hansı perspektivləri müəyyən edə bilər?
44 günlük müharibədə Azərbaycanın haqlı mübarizəsinə bu və ya digər şəkildə dəstək göstərən ölkələr arasında Türkiyənin, Pakistanın, İsrailin və Böyük Brtitaniyanın adları daha çox çəkilir. Təbii ki, qardaş Türkiyə və Pakistan kimi dövlətlərin birmənalı olaraq, bütün cəhətlərdən özlərini Azərbaycanın yanında olduqlarını bəyan etmələri ayrıca geniş mövzudur və əslində, bu qürurverici reallıq barədə kifayət qədər məlumatlar hazırda da öz mövcudluğunu qoruyub-saxlamaqdadır. O cümlədən, İsrailin hərbi-texniki əməkdaşlıq və müasir silah kompleksləri fonunda Azərbaycanla əldə etdiyi razılaşmaları Silahlı Qüvvələrimizin potensialının ən yüksək pillədə qərarlaşmasına münbit təsirlərini göstərməkdədir.
Britaniya hərbi faktorunun Azərbaycan hərbi faktoruna inteqrasiyası mümkünlüyü yaxın perspektivdə daha mükəmməl layihələrin icrasına imkanlar yaratmaq gücünü kifayət qədər ehtiva etməkdədir
Lakin daha bir diqqətçəkən amil İkinci Qarabağ müharibəsində digər dövlətlərin münasibətləridir ki, bu da olduqca maraqdoğurucudur və xüsusilə, Böyük Britaniyanın Azərbaycana göstərdiyi dəstəyi vurğulamaq yerinə düşərdi.
Məlum olduğu kimi, bu il yanvarın 22-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp ölkəsinin Azərbaycanla hərbi əlaqələrin inkişafında maraqlı olduğunu elan etdi və bu fikrin gündəmə gəlməsi, əslində, ölkələrimiz arasında mövcud olan sıx partnyorluq amilinə rəng qatan növbəti müsbət amil olaraq qiymətləndirilə bilər. Misal üçün, ilk addım kimi Böyük Britaniyanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə kömək edə biləcəyi vurğulandı...
Söz yox ki, azad olunmuş ərazilərimizdə minaların təmizlənməsi ən vacib məsələlərdən birinə çevirlib və o da sirr deyil ki, həmin ərazilərin minalardan təmizlənənərək təhlükəsizliyinin təmin edilməsi gələcək iqtisadi layihələrin də gerçəkləşdirilməsinə zəmin yaradır.
Məhz bu xüsusda əhəmiyyətli məqamlardan biri də budur ki, əslində, bir deyil, üç NATO üzvü (Türkiyə, İsrail və Böyük Britaniya) strateji cəhətdən xüsusi əhəmiyyət daşıyan, Cənubi Qafqaz ölkəsi olan Azərbaycanla daha yaxın hərbi münasibətlərə ciddi maraq göstərir. Həmçinin, Britaniya hərbi faktorunun Azərbaycan hərbi faktoruna inteqrasiyası mümkünlüyü yaxın perspektivdə daha mükəmməl layihələrin icrasına imkanlar yaratmaq gücünü kifayət qədər ehtiva etməkdədir.
“Deyli Breyf” nəşri yazır: “Böyük Britaniya Azərbaycanın işğaldan azad edilmiş ərazilərini minalardan təmizləməsi təşəbbüsünə kömək etməkdə maraqlı olduğunu göstərir və bu niyyəti ilə bağlı rəsmi Bakıya açıq siqnallar verir”
Daha bir diqqət çəkən məqam kimi bu ilin 3 fevral tarixində “jamestown.org” saytında gedən yazını, həmçinin fevralın 12-də “Deyli Breyf” nəşrinin sözügedən mövzu ilə bağlı məqaləsini xatırlatmaq olar. Sayt yazır: “Azərbaycanın xarici hərbi təmaslara daha çox maraq göstərəcəyi və hərbi əlaqələrini daha da genişləndirəcəyi gözlənir. Böyük Britaniya Azərbaycanın işğaldan azad edilmiş ərazilərini minalardan təmizləməsi təşəbbüsünə kömək etməkdə maraqlı olduğunu göstərir və bu niyyəti ilə bağlı rəsmi Bakıya açıq siqnallar verir”.
Sirr deyil ki, Cənubi Qafqaz regionunda Rusiya iddiaları da hər zaman mövcud olub. Bu baxımdan, əgər nəzərə alarsaq ki, Ermənistanla iqtisadi və həbri müttəfiqlik edən şimal qonşumuz regiondakı geosiyasi təsir gücünü bu dəfə, məhz Dağlıq Qarabağ fonunda daha da gücləndirmək niyyətindədir, bu zaman üç NATO dövləti ilə hərbi əməkdaşlıq mümkünlüyü çox görünməyə başlayır.
“Potensial Ermənistan tərəfdarı olan Rusiyanın bölgədəki təsirini balansda saxlamaq üçün Bakının Ankara ilə əlaqələrini daha da dərinləşdirəcəyi ehtimal olunur”
Əbəs deyil ki, Britaniya nəşri bu faktora toxunaraq yazır: “Bundan əlavə, potensial Ermənistan tərəfdarı olan Rusiyanın bölgədəki təsirini balansda saxlamaq üçün Bakının Ankara ilə əlaqələrini daha da dərinləşdirəcəyi ehtimal olunur”. Nəticədə hansı ehtimallar reallıqlarla əvəzlənir?
1.Böyük Britaniya Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyir.
2. Britaniyanın Azərbaycanda son dərəcə ciddi biznes maraqlarının olması heç kimə sirr deyil və işğaldan azad olunmuş ərazilərimizdə Birləşmiş Krallığın böyük şirkətlərinin bərpa işlərindəki rolu daha çox görünməyə başlayır.
3. Bu maraqlar eyni zamanda, davam edən neft və qaz hasilatında daha qabarıq nəzərə çarpır və yaxın gələcəkdə həmin əməkdaşlığın möhkəmlənməsi artıq fakta çevrilib.
Göründüyü kimi, Britaniyanın yalnız iqtisadi cəhətdən deyil, həm də hərbi baxımdan Azərbaycana müsbət mənadakı inteqrasiyası ehtimalı getdikcə ciddiləşir. Rəsmi Bakının Londonun bu kimi təşəbbüsünə reaksiyası yalnız münbit məcrada nümayiş oluna bilər. Onu da nəzərə alarsaq ki, Azərbaycanın ən yaxın və sarsılmaz qardaşlıq bağları olan Türkiyə ilə hərbi, iqtisadi və s. çoxşaxəli münasibətləri mövcuddur və Türkiyənin Böyük Britaniya ilə münasibətləri də yüksək həddə inkişaf edir, bu zaman Türkiyə və Böyük Britaniya + İsrail NATO üçlüyünün regionda birgə varlıqları bizə yalnız səmərə verə bilər. Heç şübhəsiz ki, Azərbaycan ilə Türkiyə rəhbərliyi də bu məsələdə ortaq məxrəcə gəlmək şanslarını əldə saxlamaqdadırlar və ortaya müəyyən mövqe qoymaqla, Cənubi Qafqaz regionunun hərbi-siyasi balansını müsbət məcrada dəyişdirə bilərlər. Hər halda, proseslərin gedişi də sözügedən proqnozların reallığına çevriləcəyi impulslarını verməkdədir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB