Ermənistanın Qarabağdakı pozuculuq fəaliyyəti davam edir! ANALİTİK
İlham Əliyev: "Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq"
Ötən il noyabırn 10-da imzalanmış üçtərəfli bəyanatın müddəaları Ermənistan tərəfindən kobudcasına pozulmaqda davam edir. Həmin vaxtdan hazırkı dövrə qədər Ermənistan hökumətinin müxtəlif rəsmiləri "Qarabağın müharibədən sonrakı vəziyyəti və bərpası" adı altında dəfələrlə Azərbaycanın ərazisinə səfərlər edərək, özbaşına qərarlar verir, habelə separatçı və quldur rejimin təxribatçı rəhbərləri ilə görüşlər keçirirlər. Belə görüşlərdən biri də ötən gün – fevralın 14-də baş tutub.
SİA sputnik armeniya-ya istinadən xəbər verir ki, sözügedən məlumatda "Ermənistan hakimiyyəti Dağlıq Qarabağın iqtisadiyyatının bərpası prosesindəki iştiraklarını fəallıqla davam etdirirlər" ifadəsi yer alıb.
Belə ki, interpol xətti ilə axtarışda olan və Azərbaycanın ərazisindəki quldur "dqr" rejiminə rəhbərliyini davam etdirən Araik Arutunyan bu dəfə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyanla görüşüb, hətta sözügedən görüş haqqında informasiyanı "Qarabağ prezidentinin mətbuat xidməti" yayıb.
Sputnik Armeniya: "İqtisadiyyat naziri Kerobyan öz növbəsində bildirib ki, "stepanakerti" dəstəkləmə prosesi davam edəcək və "qarabağlı həmkarları" ilə növbəti addımların müzakirəsi aparılacaq"
"Arutunyan erməni hökumətinin "dqr"in iqtisadiyyatı üçün müharibənin ziyanlarının aradan qaldırılması yönündəki işini qeyd edərək vurğulayıb ki, "ölkədə" iqtisadi fəallığın bərpası üçün birgə işin aparılması vacibdir", deyə qondarma separatçı rejimin məlumatında bildirilir.
İqtisadiyyat naziri Kerobyan öz növbəsində bildirib ki, "stepanakerti" dəstəkləmə prosesi davam edəcək və "qarabağlı həmkarları" ilə növbəti addımların müzakirəsi aparılacaq.
Görüşdə, həmçinin "Qarabağın iqtisadiyyat və kənd təsərrüfatı naziri" Aşot Baxşiyanın da iştirak etdiyi bildirilir.
Azərbaycan Prezidenti: "Bu səfərlərə son qoyulmalıdır... Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq"
Yeri gəlmişkən, onu da xatırlada bilərik ki, bu il yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qəti şəkildə vurğulamışdı ki, bu cür səfərlərə son qoyulmasa Azərbaycanın cavabı sərt olacaq. Belə ki, həmin ərəfələrdə Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Dağlıq Qarabağa səfər edərək, qondarma rejimin rəhbəri ilə görüş keçirib və "artsaxın" gələcəyi ilə bağlı bəyanatlar səsləndirmişdi.
Ölkə başçımız sözügedən qanunsuz səfərlər bağlı bəyan etmişdi. SİTAT: "İndi mənə məlumat verildi ki, Ermənistanın xarici işlər naziri Xankəndiyə gedib. Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik, ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində".
Qalır növbəti və daha sərt addımın atılmasına ki, artıq onun da reallaşdırılması an məsələsinə çevrilib
Beləliklə, fakt budur ki, Ermənistan tərəfi birtərəfli olaraq üçtərəfli bəyanatda əldə olunmuş razılaşma müddəalarını pozmaqda davam edir, habelə ölkənin rəsmi dövlət məmurları hələ də Qarabağ ərzilərinə gedərək, özbaşına qərarlar verirlər. O cümlədən, zaman-zaman erməni lobbisinə bağlı təşkilat və media qurumlarının da Xankəniyə səfərləri baş verir ki, artıq bu kimi məsələlər bilavasitə Azərbaycanın haqlı iad və hiddətinə səbəb olur və bəyanatda imzası olan Rusiyanın vasitəçilik missiyasını sual altında qoyur. Hər halda, səbr kasasının yenidən dola biləcəyini və nəticəsinin Ermənistan üçün ağır olacağını ehtimal etmək mümkündür. Qalır növbəti və daha sərt addımın atılmasına ki, artıq onun da reallaşdırılması an məsələsinə çevrilib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB