Azərbaycan beynəlxalq aləmdə sözünə etibar olunan ölkədir - ŞƏRH

Azərbaycan beynəlxalq aləmdə sözünə etibar olunan ölkədir - ŞƏRH

Prezident İlham Əliyev: "Yaşanan çətin vaxtlarda biz italyan xalqının bizimlə həmrəy olduğunun şahidi olduq"

Sevindirici haldır ki, bu gün Azərbaycan qalib ölkə kimi dünya dövlətləri tərəfindən qəbul edilməklə yanaşı, həmçinin qonşu dövlətlərlə monolit birliyə malikdir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığıdır. Məhz İkinci Vətən Müharibəsinin 44 gün ərzində 30 il işğalçı Ermənistandan azad olunan torpaqlarımız müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın dövlət başçısına olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, həmçinin dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi, həmçinin qonşu dövlətlər - Rusiya, İran və Gürcüstanın və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi, həmçinin, bir çox dövlətlər, beynəlxalq təşkilatlar Ali Baş Komandanımız, Prezident İlham Əliyevin son 17 illik Prezidentlik fəaliyyəti dövründə həyata keçirilən xarici siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Və bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir. Azərbaycanın mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməklə bu sahədə geniş təcrübəyə malik bir dövlətdir.

Elə feralın 3-də İtaliyanın «Maire Tecnimont Group» şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbulu zamanı bildirilib ki, İtaliya və Azərbaycan strateji tərəfdaşlardır.

Prezident İlham Əliyev görüş zamanı bildirib ki, keçən il Azərbaycan ən əsas problem olan ərazi bütövlüyümüzün həll olundu, bundan sonra Azərbaycanın inkişafı daha da sürətli olacaq: "Azərbaycanın keçən il ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbrikinizə görə təşəkkür edirəm. Biz xalqımız, ölkəmiz üçün çox çətinliklər yaradan bu əsas məsələni həll etdikdən sonra, - bu məsələ həm də dünyada ən böyük haqsızlıqlardan biri idi, - Azərbaycanın inkişafı daha da sürətli olacaq. Buna baxmayaraq, hətta işğal illəri ərzində Azərbaycan uğurla inkişaf etmişdir, sənayeni və müasir texnologiyaları inkişaf etdirmişdir. Yeri gəlmişkən, bizim sizin şirkətinizlə sıx əməkdaşlığımız və Azərbaycanda icra etdiyiniz layihələr onu göstərir ki, ölkənin iqtisadi və sənaye inkişafı çox yaxşı təsir bağışlamışdır".

"İndi tariximizin yeni səhifəsidir"

Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad edlmiş ərazilərində artıq bərpa işlərinin aparıldığının deyərək vurğulayıb ki, artıq tariximizin yeni səhifəsi başlayıb: «İndi tariximizin yeni səhifəsidir. Azərbaycan azad edilmiş ərazilərdə həyatı bərpa etmək üçün zəruri olan bütün tədbirləri görəcək. Bu, asan olmayacaq, çünki hər şey məhv edilib və işğaldan azad olunmuş əraziləri ziyarət etdikdə biz hər şeyin dağıldığını müşahidə edə bilərik. Bütün binalar, zavodlar, tarixi abidələr, sosial infrastruktur yerlə-yeksan edilib»,-deyən dövlət başçısı bildirib ki, məhz buna görə də hər şeyə sıfırdan etməli olacağıq: "Biz hər şeyi sıfırdan etməli olacağıq. Buna görə də, əlbəttə, fəaliyyətimizin bu istiqaməti üzrə bizə yaxşı tərəfdaşlar lazım olacaq. Əlbəttə, sizin Azərbaycandakı fəaliyyətiniz və həyata keçirdiyiniz layihələr bizə sənayemizin qeyri-enerji sektorunu artırmağa kömək edir. Yeri gəlmişkən, sizə deyə bilərəm ki, pandemiyaya və Azərbaycanda keçən il olan iqtisadi azalmaya baxmayaraq, o, 4,3 faiz olmuşdur, bizim qeyri-enerji sənayemiz 12,5 faiz artmışdır. Bu, sənayeləşmə proqramının əsl nümayişidir və "Maire Tecnimont" kimi aparıcı beynəlxalq şirkətlə əməkdaşlıq, əlbəttə ki, bizə kömək etdi və gələcəkdə də kömək edəcək".

"Siz artıq bizim ölkəyə sadiq olduğunuzu nümayiş etdirmisiniz"

"Mən sizin Azərbaycandakı fəaliyyətinizlə bağlı məlumata baxırdım və əlbəttə ki, Sumqayıtdakı açılış mərasimini də xatırlayıram. O zaman bu mühüm əlamətdar hadisədə Prezident cənab Mattarella mənimlə birlikdə iştirak edirdi. Ümumiyyətlə, sizin şirkətiniz Azərbaycanda dəyəri 1,6 milyard avrodan çox olan layihələrə cəlb olunub və hesab edirəm ki, bu belə də davam edəcək. Çünki siz artıq bizim ölkəyə sadiq olduğunuzu nümayiş etdirmisiniz",-deyən Prezident İlham Əliyev qeyd edib ki, bu isə Azərbaycanda uzunmüddətli strategiyanı nümayiş etdirir: "Sizin fəaliyyətinizdə yer alan yerli vətəndaşların sayı ilə bağlı dedikləriniz sizin sadiqliyinizi və Azərbaycanda uzunmüddətli strategiyanızı nümayiş etdirir. Çünki burada uzun müddət ərzində fəaliyyət göstərməyi planlaşdırmasaydınız bunu etməzdiniz. Başlanğıcda yalnız italyanlar işləyirdi, indi yerli kadrların sayı 70 faizdən çoxdur. Beləliklə, siz təlimlərə töhfə vermisiniz və bu da çox önəmlidir".Prezident İlham Əliyev İtaliya və Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd edərək bildirib ki, çətin vaxtlarda italyan xalqı bizimlə həmrəy olub: "İtaliya və Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd etmək istəyirəm. Bir il bundan əvvəl mənim ölkənizə dövlət səfərim bunu bir daha göstərdi və mən bizim rəhbər şəxslərlə, biznes icması ilə görüşlərimizi və müzakirələrimizi xatırlayıram",-deyən dövlət başçısı bildirib ki, çünki İtaliya və Azərbaycan strateji tərəfdaşlardır: "Biz həmişə sözümüzü tuturuq və razılaşdırdıqlarımızın hamısını icra edirik. Həmçinin keçən il tariximizdə yaşanan çətin vaxtlarda biz italyan xalqının bizimlə həmrəy olduğunun şahidi olduq. Biz İtaliya mediasının bu məsələyə obyektiv yanaşmasının şahidi olduq və onu da gördük ki, imzaladığımız və vurğuladığımız məsələləri reallığa çevirdik. Çünki İtaliya və Azərbaycan strateji tərəfdaşlardır. Strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb və reallıq da bizim strateji tərəfdaş olduğumuzu göstərir".

"Mən artıq dəfələrlə çıxışlarımda demişəm və bir daha qeyd etmək istəyirəm ki, biz yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik"

"Beləliklə, biz ümid edirik ki, italyan şirkətləri bizim ərazilərimizin bərpası ilə bağlı layihələrdə çox fəal olacaqlar. Sizə deyə bilərəm ki, artıq bərpa işləri və tikinti işləri ilə bağlı bir neçə italyan şirkəti dəvət olunub. Əminəm ki, onların sayı daha da artacaq", - deyən Prezident İlham Əliyev bildirib ki, bizə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik: "Çünki mən artıq dəfələrlə çıxışlarımda demişəm və bir daha qeyd etmək istəyirəm ki, biz yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Yaxşı ingilis deyimi var: yaxşı dost dar gündə tanınar. Bu çətin anda siz dostlarınızın həqiqətən kimin olduğunu anlayırsınız. Bu, çox vacib və dəyərli bir məsələdir".

Dövlət başçısı, həmçinin videoformatda qəbulu zamanı planlar haqqında məlumat verib: "Planlarımız haqqında sizə bir məsələni də qeyd etmək istəyirəm. Əminəm ki, siz bu barədə bilirsiniz. Lakin bu istiqamətdə işlər gedir. Bu məsələ Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi ilə bağlıdır. Biz artıq yer ayırmışıq. Artıq universitetin yaradılması ilə bağlı məsələ üzərində işlər başlayıb. Bu məsələ, həmçinin hökumət səviyyəsində razılaşdırılmışdır", deyən Prezident İlham Əliyev vurğulayıb ki, çalışacağıq ki, bu il bu işə başlayaq: "Ümid edirəm ki, gərgin çalışsaq bu il biz bu işə başlaya bilərik. Çünki bu, bizim dostluğumuzun yaxşı göstəricisi olacaq və eyni zamanda, biz bu müəssisələri, bu sənaye sahələrini idarə edə bilək deyə bizim iqtisadiyyatın gələcək üçün tələb etdiyi ixtisaslar üzrə gənc azərbaycanlıların hazırlanması və təlim keçməsi məsələsində də çox önəmlidir. Bu, həmçinin ölkələrimiz arasında sıx dostluq əlaqələrinin güclənməsinə də kömək edəcək".

"Yaşıl enerji" konsepsiyası, əsasən, Azərbaycan üçün irəliyə aparan yoldur"

"Sizin gələcək tərəfdaşlığımızla bağlı ideya və fikirlərinizi tam dəstəkləyirəm. Əlbəttə, Turin Universitetinin ümumi işlərimizdə iştirakı çox alqışlanandı. Həmçinin siz «yaşıl kimya»nı qeyd etdiniz",-deyən Prezident İlham Əliyev bildirib ki, bu bu, texnoloji inkişaf baxımından yenilikdir: "Bu, həmçinin bizim gündəliyimizə tam uyğundur, çünki əvvəlki illərdə biz çox işlər görməli idik ki, həyat tərzini yaxşılaşdıraq və xüsusən də bütün çirklənmiş sahələri təmizləyək. Xüsusən də burada, Bakıda və Abşeron yarımadasında. Həmin ərazilər yüz ildən artıqdır ki, çirkləndirilib. Biz böyük sərmayələr yatırdıq, torpaqlarda çoxlu rekultivasiya işləri apardıq. Ətraf mühitin qorunmasına aid bir çox məsələlərlə məşğul olduq. Bu, davam edəcək. Buna görə, "yaşıl enerji" konsepsiyası, əsasən, Azərbaycan üçün irəliyə aparan yoldur. Bu, bütün ölkəyə və xüsusən də azad olunmuş ərazilərə aiddir. Mən artıq bəyan etmişəm ki, azad olunmuş bütün ərazilər "yaşıl enerji zonası"nı təşkil edəcək. Onlar Azərbaycanın böyük hissəsini təşkil edir. Eyni zamanda, biz orada "ağıllı şəhər", hətta "ağıllı kənd" adlanan müasir texnologiyaları tətbiq edəcəyik. Bu, həmçinin Azərbaycanın yenidənqurmaya, müasirləşməyə və texnoloji tərəqqiyə ehtiyac duyduğumuz digər bölgələri üçün yaxşı nümunə olacaq".

"Biz Azərbaycanda ən qabaqcıl texnologiyaları tətbiq etmək istəyirik"

"Çünki ölkə müasirləşməlidir, intellektual baxımdan bacarıqlı olmalıdır və sənaye sahəsində güclənməlidir ki, biz neft və qaz qiymətlərindən asılı olmayaq. Bu, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Təbii ki, sənaye inkişafı prosesi zamanı, qeyd etdiyiniz kimi, şirkətiniz ilə Azərbaycan arasında strateji birlik çox alqışlanacaq. Müasirləşmək, irəliyə doğru getmək və inkişaf etmək üçün bizim bu cür güclü tərəfdaşa ehtiyacımız var".

Bu fikirləri Prezident İlham Əliyev fevralın 3-də İtaliyanın "Maire Tecnimont Group" şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbulu zamanı bildirib.

Dövlət başçısı, həmçinin bu şirkətlərdə yerli işçilərin olması ilə də bağlı məsələyə də fikirlərini bildirib: "Mən bir daha, xüsusi olaraq, qeydlərinizdən birinə istinad etmək istəyirəm. Bu, şirkətinizdə yerli işçilərin olması ilə bağlıdır. Bu, dostluğun əsl rəmzidir və dostluğu nümayiş etdirir. Mən buna görə sizə təşəkkürümü bildirmək istəyirəm və əminliyimi ifadə edirəm ki, biz şirkətinizlə və tərəfdaşlarınızla birgə işimizi davam edəcəyik. Əminəm ki, buradakı imkanlar, İtaliyaya olan səmimi münasibətlər barədə ölkənizin iş adamları nə qədər çox bilərsə, bir o qədər çox İtaliya şirkətləri bura gələcək. Biz bunu istəyirik".

Bu məqamda dekabrın 7-də Prezidenti İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, müharibədən sonra Azərbaycana səfər edən ilk Avropa nümayəndə heyətisiniz və bu da İtaliya ilə Azərbaycan arasındakı əlaqələr çox sürətlə inkişaf etdiyini və siyasi əlaqələr ən yüksək səviyyədə olduğunu göstərir: "Əsl dostluq isə özünü çətin anlarda büruzə verir. Bizim üçün də bu müharibə, eyni zamanda, onu göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir, hansı ölkələrdir. Biz dostluğu qiymətləndirən xalqıq. Sizin Azərbaycana səfəriniz bir daha onu göstərir ki, İtaliya doğrudan da Azərbaycanın əsl dostudur".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə