Artıq hər şey başqa cür olacaq: Prezident belə deyir! TƏRS BAXIŞ+ÖZƏL

Dövlət başçısının AzTV-yə verdiyi müsahibəsi əsnasında irəli sürdüyü fikirləri artıq bir sıra dövlət qurumlarını və onların rəhbərliklərini düşündürməli, onlar sərt, hətta kifayət qədər kəskin iradlardan, xəbərdarlıqlardan real dərslər çıxarmalıdırlar. Əks halda...

Əks halda hər şey heç də onların istədikləri kimi deyil, tamamilə əksinə gedə bilər, ta ki hüquqi müstəviyə yetişənə qədər. Xüsusilə, Vətən müharibəsində şəhidlərimizin, qazilərimizin axıtdıqları mübarək qanları üzərindən şəxsi maraqlarını güdən dövlət məmurları artıq papaqlarını qarşılarına qoyaraq bundan sonrakı addımları, qərarları ətrafında düşünməyə məhkumdurlar, zatən başqa çıxış yolları da qalmayıb. Düşünməlidirlər ki, xalqa, dövlətə xidmət etmək üçün az da olsa vaxtları var və bu vaxtı onlara məhz Prezident verib!

Nəyə görə məhz Şuşada?

Gəlin bu məsələyə fərqli tərəfdən yanaşaq və nəticə hasil edək. Torpaqlarımız düşmən işğalından azad olundu və bu torpaqların dirçəldilməsi, həyata qaytarılması üçün dövlət başçımız bütün gücünü səfərbər edib – yollar çəkilir, tələb edilən infrastrukturlar yaradılır və ən əsası, həmin ərazilərimizə bilavasitə Prezidentin rəsmi nümayəndələri təyin olunur ki, onlar həmin işlərlə bağlı birbaşa ölkə rəhbəri ilə təmasda olsunlar. Yəni işlərin aparılması yalnız və yalnız mövcud problemlərin aradan qaldırılmasına hesablanıb. Üstəlik, minaların təmizlənməsi prosesindən başlayaraq, işğal müddətində vurulmuş ziyanın da hesablanaraq Ermənistanı məhməkəyə cəlb edilməsi üzərində fəaliyyət aparılmaqdadır.

Belə olan bir vəziyyətdə adları çəkilən dövlət qurumlarının nəyə görəsə məhz Şuşada (?!) regional mərkəzlər yaratmaq istəkləri anlaşılan deyil, ya da anlaşılarkən həmin məsələlər tamamilə başqa səmtə doğru yönəlir – şəxsi maraqlar kontekstinə. Yəni bir dövlət qurumunun rəhbəri öz ofisini "regional mərkəz" adı altında Şuşada, ya da Hadrutda yaradıb, sonradan oraları özününküləşdirərək mənimsəmək məqsədini daşıyırlar. Bax, bu incə məqam cənab Prezidentin diqqətindən əsla yayına bilməzdi və yayınmadı da!

Düşünüblər ki, "ohh, nə əla, regional mərkəz yaradacağam, yavaş-yavaş torpaqları zəbt edib, sonradan həmin mərkəzləri şəxsi istirahət məkanıma çevirəcəyəm..."

Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır məmurların paytaxtı deyil və Prezident bildirib ki, o dirçəlmə, bərpa, inkişaf barədə danışarkən burada ofis açmaqdan danışmayıb. Bəs məmurlar nə düşünüblər? Düşünüblər ki, "ohh, nə əla, regional mərkəz yaradacağam, yavaş-yavaş torpaqları zəbt edib, sonradan həmin mərkəzləri şəxsi istirahət məkanıma çevirəcəyəm..."

Yəni, söhbət də budur ki, dövlət qurumları "kreativ ideya" irəli sürməklə dövlətin qılığına girib, sonradan həmin "ideyaları" dırnaqrarası bərpa, abadlıq işləri adı altında şəxsi otellərə, istirahət-əyləncə komplekslərinə, ticarət obyektlərinə çevirəcəkmişlər. Olmadı, Prezident yol vermədi və bundan sonra da buna yol verməyəcək, cənab məmurlar!

Və nədənsə, büdcədən ildə mlyonlarla vəsait xərcləyənlər və əslində, büdcəyə lazımı qədər maliyyə yatırmayan bir sıra dövlət qurumları "regional mərkəzlərin" yaradılması yerinə digər təklifləri irəli sürmürlər.

İctimai nəzarət mexanizimi: Jurnalistlərin də üzərinə böyük məsuliyyət düşür

Misal üçün, nəyə görə bu gün Bakıda özünə milyonlarla manat müqabilində yeni baş ofis tikdirən Milli Bank, Azərsu ASC və ya digər qurumlar Kəlbəcərdə, Laçında, Zəngilanda, Cəbrayılda və s. işğaldan azad olunmuş ərazilərimizdə hərbçilərimizə dəstək məqsədi ilə yeni, müasir, bütün sosial təminatlara cavab verəcək kazarmalar, digər hərbi məqsədli obyektlər tikməyi təklif etmirlər? Bax, bu olardı kreativlik, bu olardı dövlətə dəstək və ya Vətən üçün təmənnasız, minnətsiz nə isə etmək! Belə davam etməyəcəyi göz önündədir və dövlət başçımız açıq-aşkar bəyan etdi ki, bundan sonra bənzər "ideyaları" irəli sürərək, Onu əsəbləşdirməsinlər...

Və bu gün daha bir fakt budur ki, işğaldan azad olunmuş ərazilərimizin dirçəlişi üçün ictimai nəzarət mexanizmi daha da artırılmalıdır. Bu mexanizm cənab Prezidentin təyin etdiyi xüsusi nümayəndələrin də işlərinə öz operativ, münbit dəstəyini göstərə bilər. Yəqin ki, bu məsələdə ictimai nəzarət prosesinin mühüm icraçıları olan jurnalistlərin də üzərinə böyük məsuliyyət düşür. Hər halda, artıq hər şey başqa cür olacaq: Prezident belə deyir!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə