“Vətənimizin gələcəyi olan gənclər” - FOTOLAR

“Vətənimizin gələcəyi olan gənclər” - FOTOLAR

Bu mövzuda YAP Masallı rayon təşkilatı onlayn tədbir keçirib

YAP Masallı rayon təşkilatı 2 fevral-Azərbaycan gəncləri gününə həsr etdiyi “Vətənimizin gələcəyi olan gənclər” mövzusunda onlayn tədbir keçirib. Onlayn tədbirdə Vətən müharibəsi iştirakçıları, qazilər və rayonun fəal gəncləri iştirak etmişlər. Onlayn tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq Vətən müharibəsində şəhid olanların əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etmişdir. Gəncləri 2 fevral-Azərbaycan Gəncləri günü münasibəti ilə təbrik edən Seyfəddin Əliyev bildirmişdir ki, Azərbaycan gəncliyi ölkənin daxili ictimai-siyasi, həmçinin sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları və kreativliyi ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir: “Azərbaycan gəncliyi ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, dövlətimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirir. Məhz bütün bunlar gəncliyimiz üçün dövlətimiz tərəfindən yaradılmış əlverişli imkanlar, verilmiş mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlib. Müasir Azərbaycan gəncliyi unutmur ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar”.

Seyfəddin Əliyev vurğulamışdır ki, 44 günlük Vətən müharibəsində “dəmir yumruq” hesabına qazandığımız qələbə sayəsində tarixi torpaqlarımıza qayıdırıq. Vətən müharibəsində qazanılan tarixi zəfərdə Masallı gəncləri də fəal iştirak etmişlər. Onlardan şəhid olanları, Vətən torpağının azadlığı naminə sağlamlığını itirənlər də var. Partiyanın rayon təşkilatı eləcədə rayonun qədir bilən camaatı Qarabağın fatehləri ilə fəxr edir, şəhid ailələrini, qazi olanları bir an belə diqqətdən kənarda qoymurlar.

Seyfəddin Əliyev qeyd etmişdir ki, işğaldan azad edilən ərazilərimizdə Azərbaycan dövlətinin əsas prioritetlərindən biri quruculuq və yenidənqurma işlərinə start vermək oldu. Qısa zamanda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə, xüsusi özəlliyi ilə seçilən Şuşa şəhərinə səfər etmələri istər siyasi, istərsə də mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir.

YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Dilbər İbayeva çıxışında birdirmişdir: “Azərbaycan dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu və 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunun keçirildiyini nəzərə alaraq ümummilli liderimiz Heydər Əliyev 1 fevral 1997-ci ildə “2 Fevral – Azərbaycan gəncləri günü elan edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncam qüvvəyə mindiyi gündən hər il olduğu kimi bu il də Azərbaycan Gəncləri günü qeyd edilir”.

Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışaraq gənclər siyasətinin dövlət siyasətinin prioritet istiqamətinə çevrildiyini bildirən Dilbər İbayeva vurğulayıb ki, Azərbaycan gənclərinin dünyanın aparıcı ali məktəblərində dövlətin dəstəyi ilə təhsil almaları, ixtisaslı kadrlar kimi ölkənin daha da qüdrətlənməsi istiqamətində fəaliyyət göstərmələri dövlətin onlara olan etibarının əyani göstəricisidir. Vaxtilə gənclərimizi xarici ölkələrin ali təhsil müəssisələrinə göndərməklə Azərbaycanın dünyada tanınması və təbliği üçün zəmin yaradan Ulu Öndərin ənənəsi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. İndi həmin kadrlar bu gün Azərbaycanın təcrübəli mütəxəssislərə olan tələbatını tam şəkildə ödəyirlər.

Vətən müharibəsində qazanılan tarixi zəfərdə öz payı olan gənc YAP üzvü Ceyhun Qurbanov çıxış edərək qeyd etmişdir ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qüdrəti və qətiyyəti nəticəsində azad olundu. 44 günlük Vətən müharibəsi zamanı dövlət-xalq-ordu birliyinin nə qədər əhəmiyyətli olduğuna şahidlik etdik. Təbii ki, Vətən savaşında düşmən üzərində parlaq qələbənin əldə olunmasında Azərbaycan gəncliyi xüsusilə fərqləndi.

Sonra YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtim Qarayev gənc könüllülərdən Əsra Yusifli və başqaları çıxış edərək qeyd etmişlər ki, bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Dövlətimizin bütün sahələrdə həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyi xoşbəxt və firavan gələcəyə doğru addımlamaqdadır.

Tədbirin sonunda 2 fevral-Azərbaycan Gəncləri günü münasibəti ilə bir qrup gənclərə qiymətli hədiyyələr və fəxri fərmanlar verilmişdir.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə