Milli Şura yenə canfəşanlıq edib aranı qatır - MƏQALƏ

Bölgədə yeni dövr başlayır – sabitlik və quruculuq dövrü. 2021-ci il yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin şəxsində dövlət başçılarının imzaladığı üçtərəfli bəyanat regionda sabitliyin təmin olunması və geniş quruculuq işlərinə başlanması baxımından növbəti uğurlu addım oldu. Bu bəyanat bütövlükdə regionda iqtisadi, ticari, nəqliyyat və humanitar əlaqələrin bərpasına xidmət edir. Bundan sonra tarixi əhəmiyyət daşıyan bu məsələlərin həlli ilə məşğul olmaq üçün hər üç ölkənin Baş nazirlərinin müavinləri səviyyəsində birgə İşçi Qrupu yaradılacaq. Həmin İşci Qrupuna 2021-ci ilin martın 1-nə kimi konkret mexanizm və vaxt çərçivəsi müəyyən etməklə regionda kommunikasiyaların açılması, iqtisadi və ticarət əlaqələrinin bərpa olunması tapşırılacaq. Bu, həm region dövlətlərinin, o cümlədən Türkiyə, İran, Rusiya, Gürcüstan, Ermənistan və Azərbaycanın, həm də digər dövlətlərin mənafeyinə uyğundur.

Artıq Azərbaycanın və dünyanın bir çox siyasətçiləri bu üçtərəfli bəyanatı Azərbaycanın strateji maraqlarına uyğun gələn, bizi strateji hədəflərimizə daha da yaxınlaşdıran və regionda sabitliyin və təhlükəsizliyin davamlı olması istiqamətində əhəmiyyət daşıyan bir sənəd kimi dəyərləndiriblər. Qəhrəman Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu tarixi zəfərə imza atmaqla təkcə işğal altındakı torpaqlarımızı azad etmədi, eyni zamanda, regionu get-gedə güclənməkdə olan erməni terroru və faşizmi təhlükəsindən xilas etdi. Nəticədə, 30 ildən sonra bölgəmizdə sülh və əmin-amanlıq mühitinin formalaşması üçün olduqca əlverişli şərait formalaşdı. Deməli, Azərbaycan Respublikasının işğalçı Ermənistan üzərində həm hərbi, həm siyasi, həm də informasiya cəbhələrində qazandığı tarixi qələbələr öz əhəmiyyəti baxımından region səviyyəsini aşaraq qlobal məzmun kəsb etməkdədir.

Hazırda Azərbaycanın döyüş meydanında qazandığı qələbə diplomatik meydanda davam etdirilir. Ermənistan dövləti və xalqı artıq məğlub olduğunu anlayır və yavaş-yavaş Dağlıq Qarabağın Azərbaycana məxsus olması fikri barədə beynəlxalq ictimaiyyətin formalaşmış mövqeyi ilə hesablaşmağa məcbur olur. Yalnız dünyanın bəzi ölkələrində erməni lobbisinin təsiri altında olan siyasi dairələr, Ermənistanda bəzi revanşist qüvvələr və bir də Azərbaycanda adını milli qoymuş, əslində isə antimilli qüvvə kimi fəaliyyət göstərən “Milli Şura” təmsilçiləri öz məkrli məqsədlərini (pul, var-dövlət və hakimiyyətə gəlmək planları və s.) pərdələyərək ağzına gələni danışmaqla vəziyyəti qarışdırmağa, ictimaiyyəti çaşdırmağa cəhd edirlər.

Artıq Qarabağ bölgəsində dinc quruculuq və yeni inkişaf dövrü başlayıb. Azərbaycan ilk növbədə, erməni millətçiləri tərəfindən işğal edilmiş bütün torpaqlarda yerlə-yeksan edilmiş binaları, tarixi abidələri, məscidləri, qəbirləri, məzarlıqları və digər dağıntıya məruz qalmış obyektlərin hamısını bərpa etmək üçün dinc şərait və imkan qazanıb. Digər tərəfdən 30 il blokada vəziyyətində qalan Naxçıvanla birbaşa avtomobil və dəmiryolu əlaqəsi yaranır ki, bu da Muxtar Respublikanın inkişafı, gediş-gəliş və yükdaşımaları ilə bağlı problemlərin aradan qalxması deməkdir. Azərbaycanla Naxçıvan arasında nəqliyyat dəhlizinin işə düşməsi həm də Türkiyə ilə Naxçıvan vasitəsilə quru əlaqələrimizin yaranması deməkdir. Bu xəttin işə düşməsi nəticəsində Türkiyənin Azərbaycan üzərindən türk dünyasına asan çıxışı təmin ediləcək. Bununla da Rusiya ilə Türkiyə, eynilədə İran-Türkiyə-Rusiya arasında iqtisadi əlaqələr güclənəcək və Azərbaycan ortaq körpü rolunu oynayacaq.

Digər bir tərəfdən isə, Azərbaycan İpək yolu marşrutu üzrə ikinci alternativ dəhliz qazanır. Əgər bu dəhliz açılarsa, ölkəmiz Gürcüstandan əlavə, ikinci, lakin daha qısa yolla yükləri beynəlxalq bazarlara daşımaq imkanı qazanacaq.

Bununla belə, Azərbaycanın terror və faşizmi dövlət siyasəti səviyyəsinə qaldırmış işğalçı Ermənistan üzərində qazandığı tarixi zəfər bəzi Qərb dövlətlərində, o cümlədən Fransa, Hollandiya və başqalarında müəmmalı narahatlıq doğurmuş və onların bir sıra nüfuzlu kütləvi informasiya vasitələrində Azərbaycan əleyhinə qərəzli yazılar, tənqidi məqalələr, süjetlər, şərhlər və s. getmişdir. Belə KİV təmsilçiləri müharibənin getdiyi qızğın vaxtlarda, hətta Azərbaycana gələrək Prezident İlham Əliyevə ünvanladıqları təxribatçı suallarla da öz ermənipərəst mövqelərini açıq şəkildə büruzə vermişdilər. Belə «Qərb jurnalistləri»nin bir çox hallarda verdiyi təxribatçı və qərəzli suallara dərin zəka, intellekt, analitik düşüncə qabiliyyəti və zəngin təcrübə sahibi olan Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş sərrast cavablar qarşı tərəfi çıxılmaz vəziyyətə salmışdı.

Göründüyü kimi, bəzi Qərb təmsilçiləri Azərbaycanın legitim hərbi uğurlarını və buna adekvat olaraq regionda Azərbaycan, Türkiyə və Rusiya tərəfindən həyata keçirilən uğurlu sülh prosesinin regiona sabitlik, sülh və təhlükəsizlik mühiti gətirdiyini təqdir etmək əvəzinə, terrorçu və işğalçı ölkə olan Ermənistanı müdafiə edir və Azərbaycana qarşı isə geosiyasi təzyiq alətinə çevirdikləri “demokratiya”, “korrupsiya”, “insan hüquqları” və s. kimi terminləri ortaya atıb dünya ictimaiyyətini əsl məqsəddən yayındırırlar. Belə ermənipərəst, islamofob və anti-Azərbaycan qüvvələrin əsl məqsədi təbii ki, aydındır. Aydın olmayan isə "Milli Şura" təmsilçilərinin müharibə dövründə və ondan sonra göstərdiyi fəaliyyətdir.

2018-ci ilin aprelindən başlamış yeni siyasi konfiqurasiya, çoxpartiyalı sistem əsasında yeni Milli Məclisin formalaşması, dialoq mühitinin bərqərar olması ilə ölkəmizin ictimai-siyasi həyatında yeni dövr başlanmışdır. 2019-cu ilin noyabrın 29-da Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasında yenicə yaranmış Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya yeni siyasi dialoq prosesinə qoşularaq aparılan siyasi və iqtisadi islahatlara dəstək və həmrəylik nümayiş etdirdi. Bu məqsədlə bütün həmin siyasi partiya rəhbərlərinin bəyanatı yayılıb, mövqeləri ortaya qoyulub. 44 günlük müharibənin ilk günündən həmin siyasi partiyalar tərəfindən birgə bəyanat verilməklə dövlətimizin apardığı siyasəti və ordumuzun haqlı və ədalətli müharibəsində əllərindən gələn hər bir köməyi əsirgəməyəcəklərini bəyan etdilər. Daha sonra 2020-ci il oktyabrın 3-də Prezident Administrasiyasında “Milli həmrəylik – siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında görüş keçirildi. Ölkənin əksəriyyət təşkil edən siyasi partiyalarının rəhbərləri bir araya gəlməklə, Azərbaycanda yaranmış milli və siyasi həmrəyliyi bir daha möhkəmləndirdilər. Onlar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan Vətən Müharibəsində xalqımız və ordumuzla birlikdə yumruq kimi birləşəcəklərini və çiyin-çiyinə vuruşacaqlarını bəyan etdilər. Lakin özündən razı və müştəbeh olan radikal müxalifəti təmsil edən AXCP, Müsavat partiyalarının üzvləri və "Milli Şura" təmsilçiləri bu dəfə də Prezidentin və xalqımızın çağırışına qoşulmadılar.

1992-1993-cü illərdə Birinci Qarabağ müharibəsi zamanı da AXC-Müsavat fəalları o vaxtkı hakimiyyətə təsir etmək gücünə malik olsalar da, Vətən darda olanda siyasi ambisiyaları bir kənara qoyub hakimiyyətin ən yuxarı eşalonunda əyləşmiş insanlarla ortaq dil taparaq və onlara təsir edərək torpaqlarımızın müdafiəsini təşkil etməli olduqları halda, buna getmədilər və milli cəbhə, Milli Birlik hökuməti yaratmadılar. Daha sonra AXCP-Müsavat cütlüyü 1992-ci ilin may-iyun aylarında hakimiyyətə gələrək bütün ali orqanları, müdafiə, daxili işlər, xarici işlər, milli təhlükəsizlik və başqa əhəmiyyətli nazirlikləri ələ keçirib mühüm postlar tutsalar da, ölkədə milli həmrəylik, milli birlik yaratmadılar. Bununla da Azərbaycan torpaqlarının işğalının qarşısını ala bilmədilər. Həmin vaxt ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yenicə yaranan və qeydiyyatdan keçən Yeni Azərbaycan Partiyası öz nizamnaməsində milli həmrəyliyi və konstruktiv əməkdaşlığı əsas prinsip elan etsə də, bu barədə AXC-Müsavat iqtidarına dəfələrlə çağırış olsa da onlar bu çağırışlara, hakimiyyətdən getmələrinə az qalan vaxta qədər məhəl qoymadılar. Yalnız Kəlbəcər işğal olunduqdan və Gəncə hadisələri baş verdikdən sonra AXC-Müsavat iqtidarı bu zərurəti - Milli Birliyin və Həmrəyliyin zəruriliyini dərk edərək o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işləyən Heydər Əliyevi Azərbaycan rəhbərliyinə dəvət etdi.

AXCP-nin “Milli Şura”da təmsil olunan nümayəndələri II Qarabağ müharibəsində də Azərbaycan Prezidentinin və digər siyasi partiyaların xalqa ünvanlanan həmrəylik çağırışlarına qoşulmadılar, özləri demişkən “bəyanat verməklə kifayətləndilər ki, iqtidarın gözü arxada qalmasın”. İndi isə döyüş qurtarandan və hər şey həll olunub müharibə zəfərlə başa çatandan sonra xalqımızın şanlı qələbəsinin tarixi əhəmiyyətinin üzərinə kölgə salmağa çalışır, nəticələri təftiş edir və bu hərəkətləri ilə anti-Azərbaycan qüvvələrlə bir mövqedə dayanırlar.

Cəmi 44 gün davam edən müharibə Azərbaycan Prezidentinin rəhbərliyi altında qələbə ilə nəticələndi. Prezident İlham Əliyevin bəyan etdiyi “Qarabağ Azərbaycandır!” şüarı xalqımızın müqəddəs torpaqlarımız uğrunda savaşının ideya əsası, qələbəyə səsləyən lider çağırışı oldu. Bütün xalq bu çağırışa səs verdi, birləşdi, qələbəmizin əsasına çevrilən milli birliyimizi və həmrəyliyimizi formalaşdırdı. Fəqət, "Milli Şura" təmsilçiləri bu tarixi prosesdən kənarda qaldı. İndi böyük Qələbə əldə edildikdən və xalqımız bu Qələbənin şirinliyini yaşadığı bir vaxtda onlar yenə də əks-təbliğat cəbhəsi açaraq fəaliyyətə başlayıblar. Bəs əldə edilən uğurlu nəticələr, 44 günlük müharibə və imzalanmış sazişlə bağlı məntiqsiz fikirlər söyləyən, uğurlarımıza kölgə salmağa cəhd edən "Milli Şura" təmsilçilərinin əsl məqsədi nədir, onlar nədən və niyə narazıdır?

Aydındır ki, bu qruplaşmanın əsl məqsədi yenidən hakimiyyətə gəlməkdir. Əldə edilən bu möhtəşəm Qələbə ilə onların hakimiyyətə gəlmək arzuları yenə xülyaya çevrildi. Radikal müxalifət bu iqtidarın dövründə, son 27 ildə bir qarış belə torpağın alınmadığını və bundan sonra da alınmayacağını əminliklə deyirdi. Bəs, nə oldu? İndi buna nə sözünüz var?

İndi də başlayıblar “Rusiya qoşunları niyə gəldi”, “Azərbaycan Ordusunun Xankəndinə girməsinə cəmi 3-4 gün qalırdı, niyə 8 noyabr üçtərəfli bəyanatı imzalandı”, “niyə 11 yanvar 2021-ci ildə Moskvada üçtərəfli bəyanat imzalandı” və s. kimi sərsəm fikirlər səsləndirməyə. Ermənistanda ordunun məğlub olmasına görə müxalifət Nikol Paşinyanı günahlandırır, onu istefaya çağırırlar. Bizdə isə Ordunun qalib gəldiyini, Qələbə çaldığını radikal müxalifət qəbul edir, lakin Ordunun Ali Baş Komandanının adını dilə gətirmək istəmir və onu günahlandırmaq üçün əlavə arqumentlər, şər, böhtanlar söyləyir. Bununla da bir daha “Milli Şura” təmsilçiləri xalqın, dövlətin və dövlətçiliyin, milli maraqlarının əleyhinə getmiş olurlar.

YAP funksionerlərinin və bir çox millət vəkillərinin söylədiyi AXCP və “Milli Şura” adlanan qurumun “Azərbaycanda “beşinci kolon” funksiyasını icra etdiyi hamıya bəlli olan həqiqətdir” - fikri artıq təsdiq olunur. Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində yayımladığı “Beşinci kolon”un təxribat niyyətləri” sərlövhəli məqaləsində yazır: “Beşinci kolon” Azərbaycanda yeni hadisə deyil. Müəyyən sükunətdən və konspirasiyadan sonra üzə çıxmaq, açıq fəaliyyətə keçmək tapşırıqları aldığı sezilməkdədir. İllər boyu formal da olsa, istifadə etdikləri siyasi müxalifət imicinə görünür daha ehtiyac duymurlar. “Beşinci kolon”un siyasi müxalifət mərhələsindən birbaşa açıq təxibatçı qruplaşma mərhələsinə keçdiyi aydın şəkildə müşahidə olunur. Hər şeyi öz adı ilə çağırmağın vaxtı çatıb. Azərbaycanda “beşinci kolon” funksiyasını Azərbaycan Xalq Cəbhəsi Partiyası və “Milli Şura” adlanan qurumun icra etdiyi hamıya bəlli olan həqiqətdir. Hər iki qruplaşmanın adında xalq və milli sözlərinin olması yəqin ki, diqqətdən yayınmadı. Maskalanmaq üçün bu iki sözdən daha uğurlusunu düşünmək çətindir. Ancaq hər kəs gözəl bilir ki, birincini xalqla, ikincini isə millətlə bağlayan heç nə yoxdur. Hər iki ifadə yuxarıda adıçəkilən qruplaşmaların antimilli mahiyyətini pərdələmək məqsədinə xidmət göstərir”.

Əvvəllər də radikal müxalifət təmsilçilərinin ümummilli, ümumdövlət əhəmiyyətli məsələlərdə heç bir zaman konkret və birmənalı yanaşması olmamışdır. Müharibə başlanmasından bir az öncə, 2020-ci il avqustun 11-də "Milli Şura" sədri Cəmil Həsənli Türkiyə hərbi bazalarının respublikamızda yerləşdirilməsinə etiraz etmişdi. Lakin "Milli Şura»nın digər üzvü Gültəkin Hacıbəyli isə “Osmanqızı TV”-də çıxış edərək Azərbaycanda Türkiyənin bir neçə hərbi bazasının qurulmalı olduğunu demişdi. G.Hacıbəyli Azərbaycanla münaqişədə olan ölkədə Rusiyanın hərbi bazasının olduğunu və həmin hərbi bazadan Ermənistanı silahlandırdığını, Azərbaycan ərazisində heç olmasa indi Türkiyə hərbi bazasının yerləşdirilməli olduğunu qeyd etmişdi. O, həm də demişdi ki, Azərbaycanda Türk ordusunun yerləşdirilməsinin ən böyük əleyhdarı İlham Əliyev hakimiyyətidir. Nə qədər ki, Əliyevlər hakimiyyətdədir, onlar Türk ordusunun Azərbaycanda qalmasına razı ola bilməzlər. Sevinc Osmanqızı onun sözünü kəsərək deyib ki, “Azərbaycanda heç bir hərbi bazaya ehtiyac yoxdur”. Yalnız bundan sonra C.Həsənli də əsas məsələyə gəlib çıxaraq öz mövqeyini bildirib və deyib ki, “Azərbaycanın ərazisində hansısa hərbi bazanın olması məqsədəuyğun deyil”. Əli Kərimli də öz çıxışında “Azərbaycanın ərazisində hansısa hərbi bazanın olmasının məqsədəuyğun olmamasını dəfələrlə deyib. Digər üzvlər də Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsinə qarşı çıxmışdılar. "Milli Şura"nın başqa bir təmsilçisi olan Anar Məmmədli isə bildirib ki, Ərdoğanın rəhbərlik etdiyi Türkiyə ilə yaxınlıq məsələsində diqqətli olmalıyıq. C.Həsənli isə cəmi 2 ay sonra yenidən çıxış edərək “Türkiyə hərbi bazasının Azərbaycana gəlməli olduğunu əsaslandırıb”.

Göründüyü kimi, hakimiyyətə gəlməyi planlaşdıran “Milli Şura” adlı qurumun təkcə bir məsələdə qeyri ciddi yanaşması və fərqli-fərqli mövqeləri var. Onlar öz aralarında belə, bir məsələni müzakirə edib hansısa nəticəyə gələ bilmirlər. «Milli Şura»nın rəhbərliyində olanlar bir-birinin fikirlərini, çıxışlarını izləmir, oxumur və hətta ən mühüm məsələlər barədə verdikləri “bəyanatlarla” belə maraqlanmırlar. Bir sözlə, “Milli Şura” adı ilə özünə “ana müxalifət” deyən bu təşkilatın rəhbərlərindən heç birinin o birilərinin nə danışdıqları barədə məlumatı belə yoxdur.

Bundan əlavə, hər gün sosial şəbəkələrdə “Milli Şura” təmsilçiləri xalqın gənc üzvlərini artıq 30 il bundan qabaq baş vermiş hadisələrin mahiyyəti ilə bağlı yalanlar söyləməklə onları çaşdırırlar. Onlar gah deyirlər ki, biz 30 il qabaq Rusiya Ordusunu Azərbaycandan çıxarmışdıq, Azərbaycan iqtidarı yenidən qaytardı, gah da deyirlər ki, “gərək Azərbaycan Ordusu sona qədər torpaqlarımızı işğaldan azad edəydi, sonra Rusiya ilə hansısa müqavilə bağlayaydı”. Onlardan bəziləri də deyir ki, gərək Türk Ordusu da Rusiya ordusu ilə eyni vaxtda və eyni anda Azərbaycana gələydi” və s. Aydındır ki, bu fikirlərin və arqumentlərin hamısı görülən işlərin əhəmiyyətinə kölgə salmaqla bərabər reallıqdan uzaq olan fikirlərdir.

Beləliklə, Azərbaycanda “Milli Şura”nı narahat edən məsələlər aydındır:

- 30 ildən bəri Ermənistanın işğalı altında qalan ərazilərimizin işğaldan azad edilməsi, Azərbaycan Prezidentinin nüfuzunun artması, Azərbaycanın Türkiyə, Pakistan və islam ölkələri ilə, Rusiya və bir çox Qərb ölkələri, o cümlədən Qoşulmama Hərakatı üzvləri olan dövlətlərlə münasibətlərinin daha da güclənməsi və bu siyasətin sayəsində Azərbaycana beynəlxalq dəstəyin çoxalması, iqtidarın mövqeyinin artması və güclənməsi, Dağlıq Qarabağ problemi kimi

çətin və qəliz bir məsələnin məhz bu iqtidarın hakimiyyəti dövründə həll edilməsi, Qarabağda abadlıq və quruculuq işlərinə start verilməsi və s. digər məsələlər “Milli Şuranı” narahat edir. Onlar narahat olduğu qədər də öz məqsədlərinə - yəni hakimiyyətə gəlmək üçün gecə-gündüz alışıb yandıqları məqsəddən uzaqlaşırlar. Bunun üçün də canfəşanlıq edib yenə də aranı qatırlar.

Qafar ƏLİYEV,

YAP Siyasi Şurasının üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə