YAP-ın Siyasət Akademiyasının videokonfrans formatında kursu keçirilib FOTOLAR

Yanvarın 23-də Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyasının "Azərbaycanda yeni siyasi mədəniyyətin formalaşması" mövzusunda videokonfrans formatında kursu keçirilib.

Kursun rəhbəri, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov mövzu ilə geniş məruzə edərək ölkəmizdə siyasi islahatlar, siyasi mədəniyyət, siyasi münasibətlərin və dialoqun inkişafından bəhs edib. O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı islahatlar siyasi sferanı da əhatə edir və bu amil ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasına əhəmiyyətli təsir göstərir.

Onun sözlərinə görə, xüsusilə 2018-ci ildə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq növbəti dəfə Prezident seçildikdən sonra cənab İlham Əliyev çox dərin, hərtərəfli islahatlar kursunu həyata keçirməyə başlayıb. Eləcə də, 2020-ci ildə keçirilmiş parlament seçkiləri siyasi islahatların önəmini özündə ifadə edir. Nəticə etibarı ilə bu, Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsinə gətirib çıxarır, partiyalararası dialoqun, iqtidar ilə müxalifət partiyaları arasında siyasi dialoq mühitinin inkişafına şərait yaradır. Təsadüfi deyil ki, aparılan düzgün siyasətin və islahatların nəticəsi olaraq Azərbaycanın müxalif siyasi partiyaları ümummilli məsələlərdə ortaq mövqedən çıxış edirlər. Xüsusi də 44 günlük Vətən Müharibəsinin gedişində Azərbaycanın siyasi partiyaları birmənalı olaraq ümummilli mövqedə dayandılar və dövlətin siyasətini müdafiə etdilər, birgə bəyanatlarla çıxış etdilər. Bu, həmçinin ölkədə siyasi mədəniyyətin göstəricisidir. Bütün bunlar çox təqdirəlayiq haldır".

E.Nəsirov yalnız radikal müxalifətin bu prosesdən kənarda qaldığını, siyasi mədəniyyətdən uzaq olduğunu diqqətə çatdırıb. O, Azərbaycan cəmiyyəti tərəfindən radikalların mövqeyinin qətiyyən qəbul olunmadığını söyləyib. Ona görə də bu dairələr ictimai dəstəkdən tamamilə məhrumdurlar.

Daha sonra E.Nəsirov kursun iştirakçılarının suallarını cavablandırıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...