Azərbaycan Xəzər dənizində əməkdaşlıq mühitinin formalaşdırılmasını əsas tutur - ŞƏRH ÖZƏL

"Azərbaycan zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq, enerji infrastrukturuna və enerji sisteminə malik ölkədir. Eyni zamanda, tərəfdaş çıxdığı layihələr çərçivəsində götürdüyü öhdəlikləri vaxtında icra etməsi Azərbaycanı istər regionda, istərsə də dünyada etibarlı tərəfdaş kimi tanıtmışdır. Bütün bu amillər onun qlobal, regional, geosiyasi və geoiqtisadi mövqeyinə olduqca mühüm təsir göstərir ki, həm region, həm də digər dünya aktorları Azərbaycanla münasibətlərinə xüsusi diqqət yetirirlər. Azərbaycanda neft sənayesinin tərəqqisi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloqun sözlərinə görə, enerji siyasətimizin təməlində birbaşa Ümummilli Lider Heydər Əliyevin şəxsi keyfiyyətləri və siyasi uzaqgörənliyi nəticəsində baş tutan, 1994-cü il sentyabrın 20-də Bakı şəhərində imzalanan, tarixə “Əsrin müqaviləsi” kimi daxil olmuş, Xəzər dənizində neft yataqlarının işlənilməsi və hasilatın pay bölgüsü haqqında müqavilə dayanır: "Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın enerji strategiyası uzaqgörənlik, effektiv qərar qəbuletmə və koordinasiyalı fəaliyyət planı üzrə cənab Prezident İlham Əliyev tərəfindən uğurla icra olunur".

Ekspert bildirib ki, Azərbaycan hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərib və Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış edib: "Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən, 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb ki, bu olduqca mühüm əhəmiyyətli bir tarixi hadisə olmaqla yanaşı, həm də Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Azərbaycan və Türkmənistanın dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb ki, yatağın “Dostluq” adlandırılması da təsadüfi xarakter daşımır. Belə ki, iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir".

Ş.Həsənova vurğulayıb ki, Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılması baxımından sənəd mühüm əhəmiyyət kəsb edir: "Layihə çox böyük beynəlxalq və regional əhəmiyyətə malikdir ki, sənəd də Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların bu layihələrə cəlb edilməsinə, Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsinə yeni imkanlar yaradır. Sənəd həm də Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə