"Prezident yarım qalmış Şuşanı bütövləşdirdi" ÖZƏL-MÜNASİBƏT

"Müstəqil Azərbaycanın 30 illik tarixində ilk dəfə Azərbaycan Prezidenti Şuşaya ayaq basdı. Bu özlüyündə həm yaxın tariximizin dönüş nöqtəsi, həm milli qürur məsələsidir. Çünki Şuşa Qarabağın açarı, milli mədəniyyətimizin beşiyi, paytaxtıdır. Şuşaya sahib olmaq Qarabağın taleyinə hökm etmək imkanı deməkdir. Azərbaycan 29 il əvvəl məhz Şuşanı itirməklə aranlı-dağlı Qarabağı əldən vermişdi. Bu mənada Şuşanın işğaldan azad olunması düşmənin məhvini rəsmiləşməsi idisə, müzəffər Ali Baş Komandanın Şuşaya səfəri haqqın, ədalətin, beynəlxalq hüququn ali ideallarının bərpası demək oldu". Bunu SİA-ya millət vəkili Bəhruz Məhərrəmov deyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin ordusunun başında Şuşaya qalib Ali Baş komandan qismində səfəri özlüyündə işğalçı Ermənistan da daxil, bütün maraqlı qüvvələr üçün çox ciddi bir mesaj idi: "İlk olaraq bu xalqa bir mesaj idi ki, dövlətin başçısı verdiyi vədini yerinə yetirərək, Azərbaycanın bayrağını 29 il sonra Şuşada dalğalandırdı. Etiraf edək ki, Ermənistan və işğalçının çoxsaylı dəstəkçilərinin fəaliyyətləri fonunda bir neçə il bundan öncəyə qədər Şuşada Azərbaycan bayrağı çoxları üçün əlçatmaz görünürdü. Lakin, Prezident İlham Əliyev özünün də dediyi kimi, nəinki insanları ruhdan düşməyə qoymadı, əksinə, son 17 ildə Qarabağ eşqiylə yanan, vətən uğrunda can verməyə hazır, qan tökməyə qadir olan bütöv nəsil formalaşdırdı ki, Ali Baş Komandanın ilk çağırışında da məhz ilk hay verən, öndə gedən bu insanlar oldu.

Şuşa səfərin Ermənistanın xunta rejiminə bir mesaj idi ki, heç kim revanş eşqinə düşməsin. Nə Azərbaycan əlçatmaz Şuşanı müdafiə edə bilməyən, yaxud müdafiə etmək istəyənləri Allahın ümidinə tərk edən 90-cı illərin Azərbaycanı deyil, nə də ölkəni o dövrkü hakimiyyət idarə etmir. Bu gün Azərbaycanda milli birlik tam təmin olunub, ölkəyə 30 illik işğala 44 günə son qoyan, Şuşanı süngü-bıçaqla, əlbəyaxa döyüşlə azad etmiş bir ordunun Ali Baş Komandanı rəhbərlik edir. Əgər Ermənistan işğal və qisas eşqinə düşərsə qarşısında 27 sentyabrda gördüyündən qat-qat güclü, artıq qələbəni, zəfəri dadmış bir ölkə görəcək.

Bu səfər Ermənistanın havadarlarına bir mesaj, işğala dəstək verib status-kvonun bərpasını arzu edənlərə güc nümayişi, aşkar çağırış idi ki, mən öz ordumun başında buradayam və burada da qalacam! Bu eyni zamanda din qardaşlarımıza, Ermənistana dəstək verən, işğalçını dost adlandıran bəzi müsəlman dövlətlərin xalqlarına çağırış idi ki, gözlərini açıq və real mənzərəni görrsünlər. Anlasınlar ki, onların Məhəmməd ümməti olmalı olan hakimiyyətləri, onların dövlətləri, idarəçiləriniz ikiüzlülük, Allahsızlıq edərək, mədəniyyətin beşiyi Şuşada məscidi xarabazara çevirən islam düşməni Ermənistana necə dost qardaş deyə bilir!

Şuşa səfəri erməni xalqına bir mesaj idi ki, bu torpaq, bu el, bu yurd bizimdir. 29 illik işğal, Şuşanı 29 il Şuşi adlandırmaq bu türk yurdunu erməniləşdirmir, kökündən ayırmır, əksinə, bu şəhərin hər küncü, hər bucağı, hər daşı, hər qayası, hər qarış torpağı, hər otu-ağacı özülüyündə bir Azərbaycandır.

Əgər 2 ay öncə müzəffər Ordumuz Şuşanı fiziki olaraq azad etmişdisə, Ali Baş Komandanın səfəri ilə rahatlıqla deyə bilərik ki, 28 illik ayrılıqdan sonra, mənən, ruhən də Azərbaycan Şuşasına qovuşdu! Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün erməni-vandal hücumuna məruz qalmış, xilas edilərək Bakıya gətirilmiş büstlərini yenidən öz yerlərinə qaytarmaqa Prezident İlham Əliyev Şuşanı əzəli ruhuna qovuşdurdu, yarım qalmış Şuşanı bütövləşdirdi. Ali Baş Komandan 8 noyabr müraciətində Şuşanı dirçətlməyi vəd etmişdi, dirçəlişə Şuşanın əzəli ruhunu qaytarmaqla başladı!

Tarix boyu heç bir bəd əməl cəzasız qalmayıb, bəzən illər sürüb, bəzən insan ömrü vəfa etməyib, lakin, gec ya tez haqq edən cəzasını alıb. Bu səfər bəşəriyyətə bir mesaj idi ki, biz – Azərbaycan xalqı olaraq prosesləri taleyin ümidinə buraxmayaraq özümüz tarixi ədalətin bərpasına nail olub, layiqli cəzanı özümüz verməyi bacaran toplumuq!

Ən nəhayət Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın Şuşa səfəri mədəniyyət paytaxtımızda böyük dirçəlişin başlandığı gündür! Bu səfər Şuşaya, bununla da bütöv Qarabağa böyük qayıdışın, başlanğıcı ilk addımdır! Gözün aydın Azərbaycan!".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə