Ermənilərin Qarabağın statusu ilə bağlı iddiaları kimə ünvanlanıb? - ŞƏRH ÖZƏL

"Erməni tərəfinin Qarabağın statusu ilə bağlı iddiaları təkcə daxili autoriyaya hesablanan bir addım deyil, eyni zamanda Ermənistanın xaricdəki havadarlarına da bir mesajdır. Biz bilirik ki, Qərb ölkələri tərəfdən statusla bağlı bəzi məsələlər qaldırılır, ara-sıra bəzi təkliflər olur". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, həmçinin Ermənistan tərəfi hələ də ATƏT-in Minsk qrupunun dirçəlməsi ilə bağlı ümidləri var: "Ona görə də bu cür çağırışların həmin dairələrə ünvanlandığını da demək olar. Ermənilərin məqsədləri ondan ibarətdir ki, köhnə gündəliyi- yəni müharibəyə qədər olan siyasi gündəliyi yenidən bərpa etsinlər və yeni formada indiki gündəliyə salsınlar. Ona görə də bu cəhdlərin yenə olacağını istisna etmirik".

İ.Vəlizadənin fikrincə, biz regionda formalaşan reallıq bütün hallarda hadisələrin inkişafına daha çox təsir göstərəcəyini və hadisələrin inkişafını diqtə edəcəyini düşünürük: "Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında göstərilir ki, köhnə reallıqlardan Ermənistan əl çəkməlidir və yeni reallıqlara uyğunlaşmalıdır. Yeni reallıqlar isə üçtərəfli görüşdə səsləndirilib. Bunlar iqtisadi əlaqələrin bərpası, yolların açılması və humanitar məsələlərin həlli. Yəni, insanların bu regionda normal yaşayışının təmin olunması. Burada söhbət təkcə erməni əhalidən getmir, eyni zamanda azərbaycanlılar da nəzərdə tutulur. Bütün bu məsələlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalıdır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə